“Məhəmmədəlinin vəziyyəti ağırdır. Reanimasiya şöbəsindədir, yanına heç kimi buraxmırlar. Bütün əlaqədar qurumlara müraciət edirəm. Həyat yoldaşımı bu duruma salan Osman Nərimanoğlu və onun arxasında duranların etdiklərini öz nəzarətlərinə götürsünlər. Artıq bizim də həyatımız təhlükədədir. Mən çox narahatam. Balaca qızımız dünəndən məni ancaq gözüyaşlı görür. Bu qədər əsəb, stress və qorxuyla yaşamaq mümkün deyil. Çox xahiş edirəm, bizə kömək edin!”.

Məhəmmədəli Qəriblinin iş yoldaşı Vidadi Orduhallı bu mübahisənin səbəblərini AzNews.az-ın əməkdaşına danışıb:

“Məhəmmədəli Qəribli və Osman Nərimanoğlu adlı sayt rəhbəri arasındakı mübahisə bir həftə əvvəl sosial şəbəkədə başlayıb. Osman Məhəmmədəlinin ünvanına xoşagəlməz ifadələr, əsassız fikirlər səsləndirib. O, iddia edirdi ki, Məhəmmədəli “Bakı Xəbər” qəzetinin hesabına özünə çox bahalı maşın alıb. Bu, əlbəttə yalandır. Həmçinin Osman Nərimanoğlu çox ağır şəkildə təhqirlərə də yol verib. Sonra sosial şəbəkədə Məhəmmədəlidən üzr istəsə də yenidən eyni şeyləri təkrar etməyə başladı. Öz saytında Məhəmmədəlini və ailəsini təhqir edən yazılar yayımladı. Dünən yenə telefonla danışırdılar, mübahisələr uzandı və Məhəmmədəlinin vəziyyəti qəflətən pisləşdi. İlkin tibbi yardım göstərsək də, vəziyyətinin ağır olduğunu görüb təcili yardıma zəng etdik”.

Məhəmmədəli Qəriblinin vəziyyətinin necə olduğunu öyrənmək üçün xalası oğlu ilə əlaqə saxladıq. O, bildirdi ki, Məhəmmədəli Bakıdakı 5 nömrəli şəhər xəstəxanasındadır: “Reanimasiyadadır, vəziyyəti ağırdır. Həyat yoldaşının da dediyi kimi, yanına heç kimi buraxmırlar. Həkimlər deyir ki, qan təzyiqi qalxıb. Halı pisləşəndə yıxılıb deyə, beyninin silkələnmə ehtimalı var. Daha dəqiq diaqnoz isə tam müayinədən sonra deyəcəklər. Beyninə qan sızması da ola bilər”.