Ana səhifə / Media / Taksi sürücüləri narazıdır: “Bakıda taksi xidməti monopoliyaya alınır”REPORTAJ

Taksi sürücüləri narazıdır: “Bakıda taksi xidməti monopoliyaya alınır”REPORTAJ

“Axşam saat 5-dir. Ancaq hələ də siftə eləməmişik. Bu gün bir nəfər də sərnişin yaxınlaşmayıb”. Bu sözləri 25 ildir ki, taksi faəliyyəti ilə məşğul olan Gülağa Şərifzadə deyir.

Onun sözlərinə görə, son zamanlar ölkədə iqtisadi vəziyyət çətinləşdikdən sonra dövlət və özəl müəssisələrdə ixtisarlar artıb. İndi həmin insanlar da şəxsi avtomobili ilə taksi fəaliyyətinə başlayıb, axşam saatlarında taksi fəaliyyəti ilə məşğul olurlar. Nəticədə tələb az olduğu halda təklif artır. Bu səbəbdən taksi sürücüləri nəinki qiymətləri artırmayıb, hətta real müştərilərinə endirim də edirlər.

Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığındakı taksi dayanacağında müştəri gözləyən taksi sürücülərinin, demək olar ki, hamısının problemi Gülağa Şərifzadənin əsas qayğısı ilə eynidir.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə taksi faəliyyəti üçün tələb olunan lisenziyanın ləğv olunması taksi sürücülərinin sayını artırıb. Belə ki, bu iş üçün heç bir sənəd tələb olunmaması, rəsmi prosedurların olmaması işsizlikdən əziyyət çəkənlərin taksiçiliyə başlamasına gətirib çıxarıb.

“Aylıq gəlirimiz 300-ü keçmir”

Sürücü İsa Fətəliyev isə heç kimə taksi sürücüsü olmağı arzulamır: “Qazanc baxımından çox lazımsız bir peşədir. Ancaq məcbur qaldığım üçün bu peşə ilə məşğul oluram. Özüm də müxalifətçiyəm. Siyasi mövqeyimə görə iş tapmaqda çətinlik çəkdim. Heç yerdə iş verilmədiyi üçün oldum taksi sürücüsü. İllərdir ki, bu peşə ilə məşğulam”.

Həmsöhbətim bu sahənin kommersiya sirrlərini də açır deyir ki, taksi sürücüsünün aylıq qazancı 300 manatı aşmır: “Gündəlik 8-10 manat qazancımız olur. Bir saata yaxındır buradasan, müştəri görürsənmi? Taksidən istifadə edənlər isə yalnız yaxın məsafələrə gedirlər. Bu isə 2-3 manat edir. Uzaq məsafələrə taksi ilə gedənlər azalıb”.

“Müştəri problemini danışırsa, deməli, qiymət endirmək istəyir”

Müsahibim sözünə davam edir: “Sovet hökümətinin vaxtında “qaraj maşınları” sürürdük. Bu maşınlar dövlətə məxsus idi. Gündəlik indiki pulla 16 manat plan verirdik. Müştərilərimiz də bol olardı. Planı verdikdən sonra da xeyli qazancımız qalardı. Taksiyə əyləşən “filan yerə neçəyə apararsan, bir az aşağı elə” deməzdi. İndi vəziyyət çətindir. Camaatda pul yoxdur. Müştərilər ucuz getmək istəyirlər. Ancaq bizə sərf eləmir. Kim də əyləşirsə, problemini saymaqla 2 manat qabağa düşmək istəyir. Çalışırıq razılaşaq, məcburuq”.

Sürücülərin sözlərinə görə, iki aydır ki, onlardan aylıq ödəniş tələb olunmur: “Bir qədər rahatlıq yaranıb. Hər ay 60 manat pul verirdik nəqliyyat departamentinə.. . İndi deyirlər ki, bu səlahiyyəti DYP-yə verəcəklər. Taksi sürücülərindən aylıq ödəniş tələb olunacaq. O zaman vəəziyyətimiz daha da pis ola bilər”.

Müşahidələrimiz zamanı da dayanacaqda taksilərin artmasının şahidi olduq. Dayancaqda sürücü əlindən tərpənmək olmur. Bir nəfər yaxınlaşan kimi, 3-4 sürücü başının üstünü alır və gedəcəyi ünvanı soruşur.

“Şadlıq sarayları taksi şirkətləri ilə əlbir olub”

Bakıda fəaliyyət göstərən taksi xidməti şirkətləri isə sürücülrəin gözünün düşmənidir. Müsahiblərimin sözlərinə görə, şirkətlər elə bir rəy yaradırlar ki, guya onların təklif etdiyi xidmətlər daha sərfəlidir: “Əslində elə deyil. Özlərini reklam edirlər ki, ucuz xidmət edirlər. İnsanları aldadırlar ki, sığortalıdır, filandır… Bu yolla taksi xidməti yavaş-yavaş monopoliyaya alınır. 3-4 şirkət var ki, bir nəfərin əlində cəmləşib. Bir sözlə, taksi xidmətini özəlləşdirmək istəyirlər. 10-a yaxın rəsmi və qeyri-rəsmi taksi xidməti şirkətləri var ki, restoranlarla danışıb, qeyri-rəsmi müqavilə bağlayırlar. Şadlıq sarayları isə hər müştəri üçün müəyyən faiz alır. Şirkət rəhbəri sürücüdən aldığı məbləğin müəyyən faizini restorana verir, qalanını isə özünə götürür. Artıq şadlıq saraylarının da qarşısı özəlləşdirilib. Kənar taksi sürücüsünün həmin restorandan müştəri götürməyə ixtiyarı yoxdur. Belə hallar olduqda müdiriyyət tərəfindən uzaqlaşdırılır. Biz yalnız şadlıq sarayının kənarında dayana bilərik, ona da icazə versələr. Müqavilə bağladıqları taksi şirkətinin avtomobilləri şadlıq sarayının içərisinə buraxırlar”.

Beləliklə, əksər sahələrdə olduğu kimi, taksi xidməti sahəsində də problemlər çoxdur, sürücülərin isə qazancı azdır. Musavat.com









Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın