Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Təyinatı üzrə fəaliyyət göstərməyən mədəniyyət ocaqları – VİDEO

Təyinatı üzrə fəaliyyət göstərməyən mədəniyyət ocaqları – VİDEO

Nə qədər təəccüblü səslənsə də, Sumqayıtda kinoteatr yoxdur. Vaxtilə  fəaliyyət göstərənlər də artıq tarixə qovuşub. Bu hal nə vaxta qədər davam edəcək. Aidiyyatı qurumlar nəyi vəd edir? Ətraflı reportajdan biləcəksiniz.
ARB 24 xəbər verir ki, Sumqayıt sakini, 23 yaşlı Rəmzi paytaxtda şirkətlərin birində çalışır. Gərgin işdən sonra əylənməyə, dostları ilə vaxt keçirməyə ehtiyac duyur. Dediyinə görə, təəssüf ki, yaşadığı məkanda asudə vaxtın səmərəli keçirilməsi üçün əlverişli şərait yoxdur. Gənclərin ən çox arzuladığı əyləncə yeri isə kinoteatrlardır. İstədikləri filmi izləmək üçün məcburiyyət qarşısında qalıb paytaxta üz tuturlar. Bir zamanlar Sumqayıtda bir neçə kinoteatr var idi. İnsanlar bəzən saatlarla kassaların qarşısında növbə gözləyir, bilet tapa bilmirdilər. O vaxtlar kinoteatra uşaqlardan qadınlaradək hamı gəlirdi. “Vaqif”, “Nizami”, “Kosmos”, “Cırtdan”, “Qarabağ”… Sadalananlar Sovet İttifaqı dövründə şəhər gənclərinin sevimli məkanları – kinoteatrlar idi. İndi biri restoran, digəri şadlıq sarayı, o birisi də hər hansı bir idarənin müvəqqəti sığınacağına çevrilib. Eləsi də var ki, qapısına qıfıl asılıb. 40-a yaxın filmin aktyoru olan Şahmar Qəribli deyir ki, tamaşaçıların marağına səbəb olacaq filmlər çəkilməlidir. Aktyorun sözlərinə görə, kino ən güclü təbliğat vasitələrindən biridir. İncəsənətlə bəzi dövlətlər öz adət-ənənələrini geniş şəkildə dünyaya çatdırırlar.
Bu baxımdan sözügedən sahə vacib rol oynayır. Uzun illər kinoteatr direktoru işləyən Gəray Əlibəyov həm də bu sahənin ekspertidir. Deyir ki, kinostruktur qurularkən hər xırda detala mütləq diqqətlə yanaşılmalıdır.  Mütəxəssis onu da vurğulayır ki, qiymət və xidmət sahəsi xüsusilə nəzərə alınmalıdır. Çünki kinoteatrın gələcək fəaliyyəti məhz bu faktorlardan asılıdır.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsindən isə ARB TV-yə bildirdilər ki, kinoteatrlar artıq uzun müddətdir ki, idarənin balansında deyil və özəlləşdirməyə çıxarılıb. Amma ümid verən məqamlar da var. Görünən odur ki, Rəmzinin arzuladığı müasir kinonun Sumqayıta qayıtmağı üçün hələ çox işlər görülməlidir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın