Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Təzə iş təklifi: Gözətçi işləyərsən?

Təzə iş təklifi: Gözətçi işləyərsən?

Kənan Hacı

Təsəvvür edirsinizmi, cümləni yazmağa başlayanda böyük hərfi yazmaq üçün noutbukun hansı düyməsini basmaq lazım olduğunu unutdum və uzun müddət key kimi monitora baxa-baxa qaldım. Sanasan ilk dəfəydi ki, noutbukda yazı yazırdım. Qəfildən mənə elə gəldi ki, bu səssizlik həqiqətə sözlərdən daha yaxındır. Bax, əsl həqiqət bu andıra qalmış böyük hərfi yazmaq üçün klaviaturanın düyməsini tapa bilməməkdi, sözlər bu həqiqəti ifadə etməkdə acizdi. Həqiqət masanın üstündə dolub-boşalan külqabıdı, içimdəki boşluqdur. Uzun illərin yazı təcrübəsində ilk dəfəydi ki, belə bir halla üzləşirdim. İçimdən zəif bir səs gəldi: nə ilişib qalmısan e, cümləni elə balaca hərflə başla, əvvəlinə də üç nöqtə qoy, vəssalam. Onsuz da bizim bütün yazılarımız qırılmış bir fikrin davamıdır.

Bu, artıq yorğunluğun pik nöqtəsidir. İllərdən bəri davamlı olaraq yazmaq, müxtəlif konularda kafa yormaq insan beynində qəfildən belə bir donma yaradır, böyük hərf üçün hansı düyməni basmaq lazım olduğunu belə tapa bilmirsən. Dəfələrlə oxuduğun kitabdakı sevdiyin surət hafizəndən silinir. Fasiləsiz çalışmalar beyində xaos yaradır, istirahət lüksümüz isə yoxdur. Qeyri-müəyyənlik əllərimizi gələcəyin ətəyindən də üzür. Maddi problemləri qarşılamaq gücündə deyiləm, qayğılar yay günlərində dolu kimi üstümə yağır. Çıxılmaz və çarəsiz bir durumdayam. Paulo Koelyonun “Kimyagər”indəki Santyaqoya qoca kral deyir ki, arzularından heç vaxt əl çəkmə! Axı bəxt Santyaqo kimi hər adamın üzünə gülmür. Ona görə bütün arzulara tüpürmüşəm. Arzular çox vaxt yaşamağa yox, ölməyə kömək edir. Bir də gözünü açırsan ki, ömür keçib gedib, sən hələ də reallaşmayan arzuların sahilindəsən.

Beyin hər zaman işlək durumdadır, o hətta yatanda da çalışır. Beynin sürəti işıq sürətindən qat-qat üstündür. Yaradıcı adamların beyni isə adi adamların beynindən bir neçə dəfə çox çalışır və beyin yüklənir. Beyində fikir tıxacı yaranır, sinir sistemində, ürəkdə narahatlıq yaranır. Fiziki sağlamlığı qaydasında olmayan adamların isə yazı sənətiylə məşğul olması olduqca çətindir. Həkim dəfələrlə mənə bilgisayardan, yazı-pozudan uzun müddət uzaqlaşmağı tövsiyyə edib. Artıq neçə ildir ki, olduqca ciddi xəstəliklə uğraşıram. Mütaliə, yazı prosesi məni çox tez yorur, son vaxtlar təzyiq də yaranıb. Mən həkimə deyə bilmirəm ki, yazmasam, evə çörək, özümə siqaret ala bilməyəcəm. Zatən, yazıya verilən qəpik-quruş gündəlik tələbatları da ödəmir.

Bu günlərdə uzaq bir qohumumla təsadüfən rastlaşdım, xeyli dərdləşdik. Biləndə ki, işsizəm, xeyli fikrə getdikdən sonra qayıtdı ki, bacoğlu, “novostroyka”da gözətçi işləyə bilərsən? Sonra da əlavə elədi ki, hər gün gecədən səhərəcən budkada oturacaqsan. Səhər gəlib evdə yatarsan da. Dedim işləyərəm. Telefon nömrəmi aldı, dedi axşam sənə zəng edəcəyəm. Sağollaşıb ayrıldıq. Yolboyu xeyli düşündüm, bəlkə bu yazı-pozudan birkərəmlik əl çəkim? Daha canım boğazıma yığılıb. Həkimimin dediklərinı xatırladım: “Qardaş, sənə kompyuter arxasında oturmaq olmaz, sən müalicə almalısan, uzun müddət istirahət etməlisən, siqareti azaltmalısan…”

Hələ ki, bunların heç birinə əməl etməmişdim. Hələ həkim bilmirdi ki, girəvəyə salıb arada araqdan, pivədən gillədirəm.

Axşam telefonun zənginə dik atıldım. Zəng edən günorta rastlaşdığımız uzaq qohum idi. Uzun-uzadı zəngdən sonra telefon susdu. Telefonu söndürüb yatağıma girdim…

P.S. Bu yazıda birinci cümlədəki vəziyyət bir neçə dəfə təkrarlandı; böyük hərf üçün nəzərdə tutulan düyməni tapa bilmədim, hər dəfə əlim başqa düymələrə toxunurdu. Az qala, yazı silinəcəkdi…

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın