Çərşənbə , İyun 19 2019
Ana səhifə / Media / “Təzə bazar” yanğından sonra yenidən qurulub

“Təzə bazar” yanğından sonra yenidən qurulub

“Təzə bazar”da baş verən yanğından sonra bazarın yanan hissəsi tamamilə bərpa olunub. Lakin satıcılara dəymiş zərər ödənilmədiyi üçün onlar mövcud durumdan narazıdırlar.
Nəsimi rayonunda yerləşən və ümumi sahəsi 1,5 ha olan “Təzə bazar”da yanğından bir ay sonrakı vəziyyəti öyrənmək üçün bazarda olduq. Öncə xatırladaq ki, aprelin 4-də bazarda baş verən güclü yanğın nəticəsində birmərtəbəli mağazaların yanar konstruksiyaları və piştaxtalar 400 kvadratmetr sahədə yanmışdı.
Bazarın qalan hissəsi isə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğından mühafizə olunmuşdu. Yanğın gecə saatlarında baş verdiyi üçün əksər satıcılar bundan xəbərsiz olub, mallarını xilas edə bilməmişdilər. Nəticədə isə özlərinin sözlərinə görə, onlara külli miqdarda zərər dəymişdi. Həmin ərəfədə bazarın direktor müavini “Yeni Müsavat”a bildirmişdi ki, dəymiş ziyanın miqdarı bəlli olduqdan sonra sahibkarlara kompensasiya ödənilməsi barədə işlər aparacağıq. Həmin açıqlamadan artıq bir ay keçsə də, öyrəndik ki, bu barədə vəziyyət dəyişməyib.
Bazarda olduğumuz zaman müşahidə etdik ki, yanmış hissə yeni konstruksiyalarla bərpa olunub və artıq satıcıların istifadəsinə verilib. Digər yanmış hissədə isə bərpa-tamamlanma işləri görülür. Yanğın nəticəsində külə dönən bazarın üstündəki konstruksiya da artıq yenidən qurulub. Öyrəndik ki, yaxın günlərdə piştaxtalar da yenidən əvvəlki qayda üzrə qurulacaq. Satıcılar isə bildirdilər ki, piştaxtalar təmir edilsə də, əllərində olan bütün malları yanıb.

Bazarın yanan hissəsində kiçik kafesi olan Mənsurə xanım bildirdi ki, ona 1500 manatdan çox zərər dəyib və hələ də çarəsiz vəziyyətdə gözləyir: “Hazırda gördüyünüz kimi piştaxtalar olan hissəni bərpa edir, bazarın üstünü yenidən təmir edirlər. Ancaq bizə heç bir yardım etmədilər. Yanğın gecə baş verdiyi üçün xəbərimiz olmayıb. Soyuducum, bahalı çayniklərim, qab-qacaqlarım, içəridəki məhsulların hamısı yanıb kül oldu. Heç nə çıxara bilmədim. Vəd etsələr də bizə kompensasiya verilmədi. Hazırda gördüyünüz kimi, kafeni öz vəsaitim hesabına bərpa edirəm. 25 il idi ki, bu bazarda işləyirdim. Az-çox müştərimiz də var idi. İndi bir aydır ki, fəaliyyətsiz qalmışıq. Ailədə qazanan mən olduğum üçün çox çətindir. Ümid edirik ki, kompensasiya ödəniləcək. Lakin bu barədə hələ ki, heç bir söhbət aparılmır. İndi də nisyə mal götürmüşəm, çalışıram ki, nə isə edəm…”
Satıcı Süleyman bildirdi ki, onun da bütün malları və piştaxtası yanıb: “Yanğından sonra yuxarıdan tapşırıq verildi ki, bazar tez bir zamanda bərpa olunsun. Nəticəsi də göz qabağındadır. Bir ayın içərisində doğrudan da bazarı demək olar ki, bərpa etdilər. Burada bir aydır ki, gecə-gündüz işlər aparılırdı. Mənim də piştaxtam yanmışdı, bərpa etdilər. Hazırda işə əvvəlki qaydada davam edirəm. Ancaq yanan mala görə heç bir kompensasiya almamışam. Təkcə mən yox, ümumiyyətlə, heç kimə dəymiş zərər ödənilməyib. Bildirirlər ki, bazar tam təmir olunduqdan sonra burada açıq piştaxtalar qoyulacaq. Təmirdən heç bir narazılığımız yoxdur. Yanan hissədə əsasən, tərəvəz, meyvə, balıq satılırdı. Demək olar ki, heç kim məhsulunu xilas edə bilmədi. Gözləyirik ki, bəlkə bizə dəyən zərəri ödədilər”.
Digər satıcılarla söhbətimiz zamanı onlar da oxşar fikir söylədilər. Kompensasiya məsələsi ilə bağlı məlumat almaq üçün bazar rəhbərliyi ilə əlaqə saxlamağa cəhd etsək də, buna nail ola bilmədik. (Musavat.com)

Həmçinin oxuyun

Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi

“Kütləvi İnformasiya Vasitələrinə əlavə dəyər vergisi tətbiq edilməli deyil. Ümumiyyətlə,  Azərbaycanda çap məhsulları, xüsusən də …

Bir cavab yazın