Cümə , Yanvar 22 2021
Ana səhifə / Media / “Tərəfkeşlik oldu, mətbuatı ələ almağa çalışdılar…“ – Deputat

“Tərəfkeşlik oldu, mətbuatı ələ almağa çalışdılar…“ – Deputat

Azərbaycanda “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılır. Bununla bağlı yanvarın 12-də prezident İlham Əliyev fərman imzalayıb. Yeni qurum Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında yaradılır. 

Onun məqsədi ölkədə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması olmalıdır.

Bu qurumun həmçinin, cəza təyin etmək səlahiyyətlərinə də malik olacağı bildirilir. Nizamnaməsinə əsasən, Agentliyin çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək hüququ olacaq.

Bundan əvvəlki Fond isə, əsasən, Kütləvi İnformasiya Vasitələrinə (KİV) maddi dəstək göstərirdi. Habelə, onun iştirakı ilə jurnalistlər üçün binalar tikilib təhvil verilmişdi.

Ötən il Baş Prokurorluq bildirmişdi ki, bu Fondla bağlı araşdırma aparılıb, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinəəməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması,… və yardımların qanunsuz verilməsinəəsaslı şübhələr müəyyən edilib.

Bunun əsasında Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Milli Məclisin deputatı, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas “Turan” agentliyinə bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində qüsurlar var idi: “Fond yeni yaradılanda müəyyən işləri görə bildi, amma sonradan müəyyən problemlər yarandı. Tərəfkeşlik oldu, qəzetləri kateqoriyalara böldülər, mətbuatı ələ almağa çalışdılar, bəzi mətbu orqanlara “filan yazını vermə, filan yazını ver”, “tənqid etmə» göstərişi verirdilər. Ona görə yeni strukturun yaradılmasında zərurət yarandı”.

Deputat qeyd edib ki, ölkədə struktur dəyişiklikləri gedir: “Görünür, ehtiyac yarandı ki, köhnə struktur yenisi iləəvəzlənir. İndi yeni strukturun nizamnaməsi hazırlanır, özü publik hüquqi şəxsdir. KİVDF yalnız qəzetlərə vəsait ayırırdı, yeni qurum isə çox güman ki, elektron mediaya, informasiya agentliklərinə da diqqət ayıracaq”.

A.Abbas vurğulayıb ki, yeni yaradılan qurumdan gözləntilər çoxdur: “Onun yaradılması, Müşahidə Şurasının yaradılması, sədr vəzifəsinə təyin olunmuş gənc kadr Əhməd İsmayılovun heç bir tərəfə meyli olmaması pozitiv dəyişikliklərdən xəbər verir. Hər şey yeni qurumun nizamnaməsindən asılıdır. Əgər yaxşı nizamnaməsi hazırlanarsa və qurum nizamnaməsinə uyğun şəffaf işləyərsə, onda xeyri daha çox olar. Hələ ki, nəsə demək tezdir, necə deyərlər, hələ ki qazanlar örtülü qaynayır. Möhtərəm prezident hazırlıq işləri üçün vaxt verib, həmin vaxt ərzində yaxşı hazırlıq işləri görüləcək”.

Deputata görə, Medianın İnkişafı Agentliyinə gənc kadrlar cəlb edilməlidir: “Amma iş bilən gənclərə. Harvardda oxumaq hələ işi bilmək demək deyil. Mətbuatımızda qəzetçilik, onlayn media işini bilən çoxlu gənc kadrlar var. Belələrini və bir-iki işi bilən ağsaqqalı cəlb etsələr, çox şey alına bilər”.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …