Bazar ertəsi , May 20 2019
Ana səhifə / Media / “Təmiz Binəqədi”nin çirkab suları içində yaşayan sakinləri… -VİDEO

“Təmiz Binəqədi”nin çirkab suları içində yaşayan sakinləri… -VİDEO

Üstü açıq, üfunət iyi verən kanalizasiya xətti… Ətrafda yaşayan onlarla ailə, bir o qədər də uşaq…

Məsələ burasındadır ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsinin sakinləri illərdir, aidiyyəti qurumların səhlənkarlığı ucbatından antisanitariya şəraitində yaşayırlar. Buna səbəb isə, küçələrindən keçən kanalizasiya kanalıdır.

Belə ki, bu kanalın üstü açıqdır. Ətrafda olan yaşayış evlərinin, iaşə obyektlərinin bütün kanalizasiya və tullantı suları buraya axıdılır. Halbuki yaxınlıqda kanalizasiya xətti var. Lakin onun da bütün suları çəkməyə gücü çatmır.

Sakinlər məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciətlər ediblər. Amma heç bir fayda verməyib.

Musavat.com-un əməkdaşına danışan məhəllə sakinləri problemin 10 ildən çoxdur ki, davam etdiyini bildiriblər: “Bu kanal kanalizasiya üçün nəzərdə tutulmayıb. Amma hər kəs öz xəttini buraya birləşdirib. Özünüz də hiss edirsiniz. Pis qoxudan burada dayanmaq olmur. Biz 10 ildən çoxdur ki, bu şəraitdə yaşayırıq. Burada torpaq alıb, ev tikən hər kəs peşman olub. Çünki bu kanalizasiya yaşamağa imkan vermir.

Hər yerə şikayət etmişik. Zəng edirik, məktub yazırıq… Faydası yoxdur. Dövlət hər yerə pul ayırır. O pulları bu məmurlar sağa-sola xərcləyirlər. Asfalt çəkirlər, 2 gün sonra yenə oranı qazıb, bir də asfalt çəkirlər. Və bu kimi artıq xərclər… Amma buradakı problemi həll edən olmur”.

Şikayətçilər deyirlər ki, bu kanaldan axan çirkab suları evlərini bərbad hala salır: “Kanalın içində hər şey var. İlan, əqrəb, siçovul… Hamısı da camaatın evinə gedir. Neçə dəfə həyətdə ilan öldürmüşəm. Kanal dolur, daşır. Ya bu formada, ya da torpağın altı ilə evlərə axır. Biri var təmiz su, biri də var kanalizasiya suyu… Qonşuların bəziləri evlərini təzə təmir ediblər. Amma nəmişlik ucbatından evlərin divarları bərbad hala düşüb. Buna görə kim cavab verəcək? İndiki dövrdə ev təmir etmək asandır? Camaat bir belə xərc çəkib.

Hava isti olanda buradan elə iy gəlir ki, küçəyə çıxa bilmirik. Qapıları, pəncərələri bağlayırıq, çölə çıxmırıq. Çünki elə bir üfunət qalxır ki, elə bil havaya zəhər buraxıblar. Hər tərəfə “Təmiz Binəqədi” yazıblar. Yalandan yolun sağını-solunu bəzəyiblər. Prezident keçəndə elə bilsin ki, hər tərəf yaxşıdır. Amma arxa küçələrdən xəbəri yoxdur. Səsimiz ona çatmır. Səriştəsiz məmurlar öz işlərini görmək əvəzinə, boş-boş oturublar”.

Məhəllə sakinləri problemin həll olunması üçün yeni kanalizasiya xəttinin çəkilməsini tələb edirlər: “Buraya tökülən təkcə kanalizasiya suları deyil. Kimin əlinə nə gəlirsə, atırlar buraya… Kanal həm də zibilxana kimi istifadə edilir. Uşaqları çölə buraxa bilmirik. Kanaldan ilan çıxıb, uşağı vurar deyə qorxuruq. Və ya uşaq özü kanala düşə bilər. Bu problemin bircə həlli yolu var. Bu kanal ləğv edilməli, normal qaydalara uyğun şəkildə qalın borularla kanalizasiya xətti çəkilməlidir”.

Bu problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə rəsmi sorğu göndərdik. Amma cavab alacağımıza çox da inanmırıq.

Çünki rayonla bağlı bundan öncəki yazılarımız zamanı da sorğular göndərmişdik. Və onların heç birinə hələ də cavab verilməyib.

Həmçinin oxuyun

Məşhur rusiyalı bloqer avtomobilin altında qaldı – VİDEO

Rusiyalı məşhur bloqer çəkiliş zamanı bədbəxt hadisə ilə üzləşib. Ren TV xəbər verir ki, Xiza …

Bir cavab yazın