Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Media / Təhlükəli döyüş çəkilişlərinin ustası, Qarabağ müharibəsinin salnaməçisi – Ağrı dolu təəssüratlar…

Təhlükəli döyüş çəkilişlərinin ustası, Qarabağ müharibəsinin salnaməçisi – Ağrı dolu təəssüratlar…

Tarix elmləri doktoru Nəsiman Yaqublunun bu gün səhər dünyasını dəyişən mərhum hərbi operator, Qarabağ müharibəsinin salnaməçisi, “Birinci batalyon”un bölük komandiri Seyidağa Mövsümlü haqqında təəssüratlarını  təqdim edir. 
N.Yaqublu  əvvəlcə, S.Mövsümlünün qısa bioqrafiyası və 20 Yanvar hadisələri zamanı gördüyü işlər barəsində danışır:
“Seyidağa Mövsümlü 1954-cü ildə avqustun 1-də anadan olub. Bakıdakı Dəmiryolu Texnikumunu bitirdikdən sonra, 1970-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Moskvada Ümumittifaq Teleradio İnstitutunun teleoperator kursunu bitirib.
1988-ci ildə Azərbaycanda başlanan milli-azadlıq hərəkatının salnaməsini də yaradanlardan biri o olub. 1988-ci ildə dekabrın 5-dən 6-na keçən gecə operator Nizami Abbas və rejissor Zaur Məhərrəmovla birgə “Abşeron” mehmanxanasından “Azadlıq” meydanında baş verənləri onlar birgə çəkibdilər.
1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə televiziyanın enerji bloku partladıldığından o, radiodan operator assisenti Azər Muradovla birgə “Mayak” dalğası vasitəsilə qanlı hadisələr haqqında məlumatı ictimaiyyətə çatdırdı.
Yanvarın 21-də Azərbaycan Ali Sovetinin qanlı hadisələrlə bağlı keçirilən fövqəladə sessiyasının da çəkilişini  (Xalq artisti Zeynəb Xanlarovanın göndərdiyi kameranın da köməyi ilə) təşkil edənlərdən biri Seyidağa Mövsümlü oldu.
Yanvarın 22-də isə Şəhidlərin dəfn mərasimini də lentə köçürənlərdən biri S. Mövsümlü idi”.
Amma  təbii ki, Seyidağa Mövsümlü dedikdə, ilk ağıla gələn Qarabağ müharibələrindəki məhsuldar və qəhrəmancasına gördüyü  fəaliyyətidir. N.Yaqublu bununla bağlı bir neçə vacib faktı qeyd edir:
“1991-ci ilin dekabrında könüllü olaraq Milli Ordu sıralarına qoşuldu. Həmin vaxt Şuşaya getmək üçün 24 nəfərlik bir tağım-dəstə formalaşdırdı (Bu dəstə sonradan “Birinci batalyon”  adı ilə formalaşdı). Daşaltı və Kərkicahan döyüşlərində iştirak etdi, yaralandı.
1992-ci ildə baş verən Xocalı Soyqırımını da tarixi lentə köçürən ilk operatorlardan biri Seyidağa Mövsümlü idi.
Uzun müddət Müdafiə Nazirliyində Mətbuat Mərkəzinin operatoru olaraq çalışmış S.Mövsümlü çoxlu sayda hərbi vətənpərvərlik ruhunda sənədli filmlər hazırlayıb. Həmin filmlərdən: “Xocalı– əsrin faciəsi”, “Qan yaddaşı”, “Cümhuriyyət Ordusu”, “Səməd bəy Mehmandarov”, “Sərkərdə” və s.
 Ruhu şad olsun”.
Qeyd edək ki, bu gün səhər saatlarında dünyasını dəyişən mərhum hərbçi uzun illərdir ki, Qarabağda döyüşdə aldığı yaradan əziyyət çəkirdi.  O, bir neçə saat bundan əvvəl Mərdəkandakı evindən (Xurustalnının, saatın yaxınlığında) dəfnə götürülüb. Mərhumun yaxınları bildiriblər ki, S.Mövsümlü Buzovna qəbiristanlığında, anasının yanında dəfn olunub. Allah rəhmət eləsin!
Moderator.az

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …