Bazar , Yanvar 17 2021
Ana səhifə / Media / Təbii qazın verilməsindəki məhdudiyyət qiymət artımına hazırlıqdırmı?

Təbii qazın verilməsindəki məhdudiyyət qiymət artımına hazırlıqdırmı?

İki həftədən artıq müddətdə ölkədə əhaliyə verilən qazla bağlı məhdudiyyət tətbiq olunmaqdadır. Əhaliyə qaz verilməsi ilə bağlı problem davam etməkdədir. Qazın verilməsində yaranan məhdudiyyət bahalaşma olacağı barədə iddialara səbəb olub. Ehtimallar var ki, əhaliyə verilən təbii qazın qiymətində artım olacaq. Bildirilir ki, əslində məhdudlaşdırılma qəsdən atılan addımdır və arxasında məhz qiymət artımı cəhdləri dayanır.

Ekspertlər isə bildirirlər ki, ehtimalların ciddi əsası var. Həmçinin vurğulanır ki, ölkədə satılan qaz rəsmilər tərəfindən səsləndirildiyi kimi, heç də baha deyil və qiymət artımının əslində, heç bir iqtisadi əsası yoxdur.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, qazla bağlı vəziyyətdə bir neçə önəmli məsələ var: “Azərbaycanda rəsmi rəqəmlər də göstərir ki, bu il qaz hasilatında ciddi azalmalar var. Tək SOCAR-da ilk on ayda 9 faizə yaxın azalma müşahidə olunub. Amma Azərbaycanın öhdəlikləri də artır. Bu il ərzində Gürcüstanla çox kəskin danışıqlar gedirdi. Gürcüstanla, İranla, Rusiya ilə, Türkiyə ilə qaz müqavilələri bağlanması şərtini irəli sürmüşdü. Azərbaycana bununla bağlı təzyiqlər edirdi. Azərbaycandan təqribən 500 milyon kubmetr əlavə qaz istəyirdi. Çünki Gürcüstanda qazla işləyən iki böyük elektrik stansiyası yenicə istifadəyə verilib, ölkədə qaz istehlakı artıb. Azərbaycan məcburən bu öhdəlikləri üzərinə götürüb. Həm Gürcüstanla, həm də Türkiyə ilə bağlı öhdəliklər götürüb. Düşünürəm ki, ölkədə qazın məhdudiyyətlə verilməsi bu öhdəliklərlə də əlaqəli ola bilər. Həm havaların əvvəlki illərə nisbətən oktyabr ayında çox soyuq keçməsi ilə də əlaqəli ola bilər ki, istehlak da əhali tərəfindən xeyli dərəcədə artıb. Bütün bunların son nəticəsi olaraq da Azərbaycan hökuməti çalışacaq ki, ən çox hansı sahələrdən büdcənin doldurulması üçün müəyyən dərəcədə istifadə etmək olarsa, o sahədə qiymətləri qaldırsın. O cümlədən də son zamanlar rəsmi mətbuatın, televiziyalarda gedən verilişlərin ritorikası onu deməyə əsas verir ki, əhalidə Azərbaycanda qazın daha ucuz olduğu fikri formalaşdırılmağa çalışılır. Bu da son nəticə etibarı ilə çox güman ki, qazın qiymətinin artırılması ilə nəticələnəcək. Qazın qiyməti ya bu ilin sonunda, ya gələn ilin əvvəlində əhali üçün qaldırıla bilər. Hansı həcmdə olacağını, qiymətlərin necə artacağını indidən söyləmək çox çətindir. Amma düşünürəm ki, əhalinin hiss edəcəyi qədər yaxın aylarda artım müşahidə ediləcək”.

Bununla belə, N.Cəfərli qeyd edir ki, bunun üçün iqtisadi əsas yoxdur: “Əslində ona qalsa, Azərbaycanda uzun illərdir ki, bp tərəfindən səmt qazının havayı verilməsini müşahidə edirik. 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanarkən qazın qiyməti çox ucuz idi, bir kubmetr cəmi 8-9 dollar idi. O zaman bp neftlə birgə çıxan cəmt qazının Azərbaycana pulsuz verilməsi haqqında müqaviləyə bənd saldı. Bu da təqribən ildə 3,5 milyard kubmetr əlavə qaz deməkdir. Bunu və Azərbaycanda əhalinin istehlakını da nəzərə alsaq, ölkənin istehlak etdiyi qazın yarıdan çoxunu bp havayı verir. Amma ölkədə onsuz da qazı kifayət qədər yüksək qiymətə satırlar. Keçən illərdə də qiymət artmışdı. Bu nöqteyi-nəzərdən, Azərbaycanda qazın qiymətinin qalxmasının iqtisadi əsası yoxdur. Amma düşünürəm ki, ölkənin ağır vəziyyətini, büdcədə yaranan problemləri nəzərə alaraq, təbii inhisarçılarda qiymət artımının zaman-zaman baş verəcəyini görəcəyik”.

Ekspert Qadir İbrahimli isə musavat.com-a deyib ki, qazın qiymətində artım olacağı barədə ehtimallar tezliklə özünü doğruldacaq: “Burada iki məsələ var. Qazın verilməsinin məhdudlaşdırılması SOCAR-ın qış rejiminə, erkən qışa hazır olmaması ilə bağlıdır. Burada sovet dövründən qalan ənənə var. Noyabrın 15-də qış rejiminə keçilir. Əslində bu, anormal bir yanaşmadır. Hava şəraitinə uyğun olaraq qaz verilməlidir. Yəni qış erkən də ola bilər. Dünya standartlarında və praktikasında belə bir tendensiya yoxdur, bu, ancaq keçmiş sovet məkanında idi. Təəssüf ki, SOCAR-ın fəaliyyəti keçmiş sovet ənənələrindən kənara çıxmayıb. İkinci məsələ isə odur ki, qazın qiymətinin artırılması barədə xəbərlər tezliklə real olacaq. Çünki ölkədə elə bir situasiya yaranıb ki, vergi daxilolmaları kəskin şəkildə azalıb, həm neft, həm də qeyri-neft sektorunda azalmalar var. Ona görə də belə bir şəraitdə hökumət büdcəyə əlavə vəsaitlər cəlb etmək barədə fikirləşir. Bu addımlardan da biri enerji daşıyıcılarının, o cümlədən qazın qiymətinin artırılmasıdır. Hesab edirəm ki, yayılan iddiaların da müəyyən qədər əsası var”.

Q.İbrahimlinin sözlərinə görə, qazın qiymətinin artırılmasının heç bir iqtisadi əsası yoxdur: “Qazın kubmetri 4,7 qəpiyə başa gəlir. Maya dəyəri bu qədərdir. Əhaliyə on qəpiyə satılır. Buna görə qazın qiymətinin qaldırılmasının heç bir iqtisadi əsası yoxdur”.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın