Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Sürüşə-sürüşə faciəyə doğru: Yüzlərlə ailə təhlükədədir – REPORTAJ

Sürüşə-sürüşə faciəyə doğru: Yüzlərlə ailə təhlükədədir – REPORTAJ

Bakıda hər gün yeni bina tikintisinə başlanılır. Bu tikililərin bəzilərinin heç sənədi belə, olmur. Necə gəldi, harada yer tapılsa, orada bina tikilir. 
Bakı şəhəri relyef olaraq dağlıq ərazidə yerləşir. Bu səbəbdən tikintilər aparılan zaman sadəcə ərazinin boş olmasına diqqət etmək səhv olardı. Tikinti aparılacaq ərazinin bütün xüsusiyyətləri yoxlanılmalıdır. Çünki Bakıda bəzi ərazilərdə torpaq sürüşməyə meyllidir.
Amma bu kimi ciddi məsələni çox vaxt tikinti şirkətləri nəzərə almır. Bəzi yeni və köhnə yaşayış binaları təhlükəli ərazilərdə yerləşir. Məsələn, Gəncə prospekti, Yeni Günəşli yaşayış massivi, Masazır qəsəbəsi və Bayıl yamacında sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Bu ərazilərdə də hazırda minlərlə ailə yaşayır.
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə mediaya açıqlamasında bildirib ki, əvvəllər nisbətən sabit olan sürüşmə ərazilərində də fəallaşmanın güclənməsi gözlənilir.
İnstitutun direktor müavini qeyd edib ki, respublika ərazisinin təqribən 25-26 faizi potensial sürüşmə təhlükəsi olan ərazilərdir.
Sürüşməyə təbii amillərlə yanaşı, su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur. Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir. 1911-ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu. Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi ilə birlikdə torpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab çayının qarşısını kəsməsi nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı. Bu cür böyük təbii fəlakətlər tez-tez baş verməsə də, çox ağır nəticələrə səbəb olur.
Hazırda Bakıda sürüşmə zonası sayılan ərazilərdə minlərlə ailə yaşayır. Onların həyatı təhlükə altındadır. Vaxt keçdikcə sürüşmə zonalarında yeni binalar tikilir və beləcə daha çox insanın həyatı təhlükəyə düşür. Xətai rayonu, Gəncə prospekti bina 63, 65 ünvanında tez-tez torpaq sürüşməsi baş verir. Ümumiyyətlə bu ərazi Bakının ən təhlükəli bölgəsidir.
Ərazidə sürüşmənin qarşısını almaq üçün ağaclar əkilib. Binaların arxa hissəsində xüsusi hasarlar çəkilib. Yaxınlıqda olan orta məktəbin hasarı bir müddət əvvəl aşıb.
Sakinlərin sözlərinə görə, bu vəziyyətə alışmağa məcbur qalıblar: “Ətrafda bir neçə bina da daxil olmaqla, hər birimiz eyni problemi yaşayırıq. Ərazi təhlükəlidir. Son zamanlar bir az sürüşmə prosesi ləngisə də, yenidən başlamayacağına heç kim söz verə bilməz. Binamızın arxa hissəsini betonla hasarlayıblar. Amma hasarın o biri tərəfində təzə yaşayış binaları tikilir. Xəbərsiz adamlara oradan evi satırlar. Sürüşmədən xəbər tutanda isə artıq gec olur. Biz onsuz da məcburiyyətdən burada qalırıq. Köçürən yox, evimizi alan yox”.
Sakinlərin sözlərinə görə, evlərini satışa qoysalar da, yaxın duran yoxdur: “Əslində normal haldır. Kim belə riskli yerdə yaşamaq istəyər? Bizim evlərimizi dövlət alsın, biz də buradan çıxaq. Əgər hansısa bir faciə baş versə, buna kim cavab verəcək? İnsanların həyatı bir neçə milyondan daha önəmlidir”.
Bəhs etdiyimiz ünvanda ilk sürüşmə prosesləri 2012-ci ildə baş verib. Həmin günlərdə də bu haqda yazılar yazmışdıq. Ərazidə sürüşmədən əziyyət çəkənlərdən bəziləri köçürülsələr də, digər sakinlər hələ də təhlükəli binalarda yaşamağa davam edirlər.

















Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın