Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Sürücüləri ölümə aparan Hövsan yolu… – FOTOLAR

Sürücüləri ölümə aparan Hövsan yolu… – FOTOLAR

Suraxanı rayonunda, Hövsan qəsəbəsinə gedən əsas magistral yol sürücülərin kabusuna çevrilib. Magistral yolda aparılan təmir-tikinti işləri sürücülər üçün əngəl yaradıb. Belə ki, yolun təmir aparılan hissəsini hərəkət hissəsindən ayırmaq məqsədi ilə bir neçə yerdə beton sədlər qoyulub. Avtomobillər yüksək sürətlə gələrək həmin hissədə sürəti qəfil azaltmalı olurlar.

Yol kənarında sürət nişanları qoyulsa da, çox az sürücü bu qaydalara əməl edir. Təmir aparıların yerlərdə yolun bir hissi tutulduğundan yol daralır və avtomobillər qarşı yola keçməli olurlar. Yolun təmir aparılan hissələri arasında məsafə də olduqca yaxındır. Belə ki, sürücülər bu təhlükəni bir neçə dəfə yaşamalı olurlar.

Təhlükəni artıran daha bir məqam isə yolda işıqlandırma sisteminin olmamasıdır. Axşam saatlarında zülmətə bürünən yolu yalnız avtomobillərin işıqları qismən aydınladır. Bu isə sürücülər üçün ciddi problem yaradır.

Musavat.com-un müxbiri bu ərazidə olub və Hövsana gedən magistral yoldakı vəziyyətlə bağlı problemləri işıqlandırıb.

İlk növbədə onu qeyd edək ki, 24.5 kilometrlik Hövsan-Zığ yolunda aparılan təmir işləri təqdirəlayiqdir. Çünki, illərdir asfalt örtüyü bərbad durumda olan yolda sürücülər və sərnişinlər əziyyət çəkirdi. “Azəryolservis” ASC tərəfindən mərhələli şəkildə yolun genişləndirilməsi və piyada zolaqlarının salınması işləri aparılır. Qurumun təmir apardığı yerlərdə sürücülərə xəbərdarlıq lövhələri yerləşdirilib.

Hövsan və Əhmədli qəsəbələri arasında xidmət göstərən taksi sürücüsü ilə həmsöhbət olduq. Adının çəkilməsini istəməyən sürücü vəziyyəti belə izah etdi: “İki ilə yaxındır ki, təmir işlərinə başlanılıb, o vaxtdan yollar bu vəziyyətdədir. Hər tərəfdə qazıntı, təmir işləri aparılır. Biz təmir işlərinin aparılması ilə razıyıq. Lakin işlər uzanır. Ən böyük problem magistral yolun zülmət qaranlıq olmasıdır. Kilometrlərlə uzunluqda olan yolun işıqlandırma sistemi yoxdur. Axşamlar bu yol daha riskli və təhlükəlidir. Bir çox hallarda qarşıdan gələn avtomobillərin məsafəsini hesablamaqda çətinlik çəkirik. Çox zaman sürücülər sürət həddini aşır, 80-100 km/saat sürətlə sürürlər. Yolun eni azdır. Bu səbəbdən də burada tez-tez qəzaların baş verir. Qarşıda maneə olduğunu yalnız avtomobillərin işıqlarında görmək mümkündür. Təmir işləri aparmazdan öncə işıqlandırma dirəkləri quraşdırmalıdırlar ki, yolda hərəkətin təhlükəsizliyi təmin olunsun. Yalnız bir-iki yerdə nəqliyyatın hərəkətini izləmək üçün quraşdırılmış kamera dirəklərinin işıqları yolu az da olsa aydınladır. Ətrafda da yaşayış məntəqələri var. Yolun kənarı ilə daim piyadalar hərəkət edirlər. Hər an bədbəxt hadisələr baş verə bilər”.

Hövsan yolundakı durumla bağlı mövqe öyrənmək üçün “Azəravtoyol” MMC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.

Musavat.com-a danışan A.Nəcəfli Hövsan yolunda aparılan yenidənqurma işlərinin bu il yekunlaşacağını bildirdi: “Hövsan yolunda aparılan işlər daxili investisiya hesabına maliyyələşən layihədir. Vəsaitə uyğun olaraq işlər həyata keçirirlir, asfalt örtüyü yenilənir, yol genişləndirilir. Bu il ərazində də təmir işlərinin yekunlaşdırılması planlaşdırılır. Zığ-Hövsan yolunun uzunluğu 24 kilometrdir. İlkin mərhələdə Zığdan Hövsana qədər olan yolun təmiri nəzərdə tutulur. Həmin məsafə təqribən 7-8 kilometrdir. Onun bir kilometri, “BakuBus” tərəfdən olan giriş hissəsi yenidən quruldu və istifadəyə verildi. İkinci mərhələdə isə Hövsandan Türkana qədər olan yolların təmiri nəzərdə tutulub. Hazırda da işçi heyəti və texnikalar ərazidə iş aparır”.

Yolun işıqlandırma sistemi ilə təmin edilməsi gəldikdə isə, Anar Nəcəfli layihədə bunların da nəzərdə tutulduğunu qeyd etdi: “Layihə çərçivəsində işıqlandırma dirəklərinin quraşdırılması da nəzərdə tutulub. Layihə tam icra olunandan sonra orada işqılandırma işlərinə başlanacaq. Bundan əlavə, həmin ərazidə üç yerüstü piyada keçidinin tikilməsi nəzərdə tutulub. Hər şey mərhələli şəkildə aparılır. Bu işlərin hamısı həyata keçiriləcək”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın