Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Sumqayıta işləyən “ölüm maşınları”

Sumqayıta işləyən “ölüm maşınları”

Metronun “20 Yanvar” stansiyasının qarşısında sərnişindaşımanın qadağan edildiyi, orada sərnişin yığan mikroavtobusların lisenziyasız fəaliyyət göstərdiyi dəfələrlə vurğulanıb.

Martın 9-da Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnmiş dəhşətli qəzadan sonra ictimaiyyətdə yollarda qanunsuz sərnişindaşıma ilə məşğul olan və təhlükəsizlik normalarına cavab verməyən mikroavtobuslar müzakirə obyektinə çevrildi.

Müxtəlif şəxslər o cümlədən rəsmi qurumlar tərəfindən münasibətlər bildirilərək söylənildi ki, bu mikroavtobuslar yığışdırılmalıdır. Müvafiq qurumların da işə qarışması ilə bu avtobuslar bir müddət gözə dəymədi. Lakin yenidən metronun “20 Yanvar” stansiyasından çıxan kimi “Sumqayıt” deyərək qışqıran, mikroavtobusların sürücülərini görmək olur. Sərnişinləri 60 qəpiyə Sumqayıta aparan bu mikroavtobusların sürücüləri yuxarıda qeyd etdiyimiz metronun çıxışında dayansalar da, mikroavtobusları bir qədər aşağıda, diqqət çəkməyən yerdə saxlayırlar. Metronun çıxışından müştərilərini toplayıb, avtobusa doğru aparırlar.
İnsanlar bildirirlər ki, Bakı Beynəlxalq Avtovağzalından yalnız Sumqayıtın Saray kəndi istiqamətinə avtobuslar işlədiyi üçün çarəsizlikdən bu cür mikroavtobuslarla getməli olurlar.

Onu da qeyd edək ki, hazırda bu kimi avtobuslar təkcə Bakı-Sumqayıt istiqamətində işləmir. Şəhərin müxtəlif yerlərində də qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər sərnişinləri mikroavtobuslar vasitəsi ilə müxtəlif rayonlara daşıyırlar. Misal kimi “Binə” Ticarət Mərkəzinin yaxınlığında yerləşən dayanacağı göstərə bilərik ki, oradan hər gün mikroavtobuslar vasitəsi ilə rayonlara sərnişinlər danışır.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu kimi məsələlərlə bağlı hər gün iş aparırlar: “Qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar arasında ilk növbədə nizam-intizamı yüksəltmək, həmçinin təbliğat aparmaq və tədbir görmək bizim vəzifə borcumuzdur. Bu istiqamətə xeyli iş görmüşük.

Demək olar ki, 100-dən artıq sürücü qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olduğu üçün cərimələnib. Sizin vasitənizlə də xahiş edirəm, bildirirəm ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin ilk növbədə idarə etdiyi nəqliyyat vasitəsi texniki cəhətdən tam saz olmalı və standartlara cavab verməlidir. Eyni zamanda Bakı Nəqliyyat Agentliyindən də fərqlənmə nişanı olmalıdır. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olanlar heç olmasa şəhərin xəritəsini tanısınlar. Məsləhət görürük ki, onların rus və ingilis dilini bilməsi də yaxşı olardı. Çünki bu, turizmin də inkişafına təkan verər. Eyni zamanda Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində sərnişin daşıyanlara da nəzarət gücləndirilib. Həmin ərazidə xüsusi nəzarət var”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın