Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Sumqayıt dünyanın ikinci ən çirkli şəhəri elan olundu

Sumqayıt dünyanın ikinci ən çirkli şəhəri elan olundu

Amerikanın Ekoloji Fondu “Blacksmith Institute” dünyanın 10 çirkli şəhərini müəyyənləşdirib. 

Virtualaz.org saytı xəbər verir ki, siyahıda birinci yerdə Ukraynanın Pripyat qəsəbəsidir, hansı ki, bu qəsəbə Çernobılda faciənin baş verdiyi ərazinin yaxınlığında yerləşir. Sumqayıt isə institutun hesabatında ekoloji baxımdan ən çirkli şəhər kimi ikinci yerdə qərarlaşdırılıb.

Siyahıda Rusiyanın Dzerjinsk vilayəti, Çinin Linfin, Tyanjin, Hindistanın Sukinda, Vapi, Zambiyanın Kabve,  Rusiyanın Norilsk şəhərlərinin adı var.

“Postsovet məkanının ən çox çirklənmiş ərazilərdən  Sumqayıtdır. Sovetlər dönəmində Sumqayıtda zavodlar fəaliyyət göstərib, bu zavodlar şəhərin ekoloji vəziyyətinə təsirsiz ötüşməyib. Zavodlar fəaliyyətini dayandırıb, amma hələ də Sumqayıt boz sahəni xatırladır”,-institut bildirir.

Xatırladaq ki, ABŞ-ın həmin institututun Sumqayıtı dünyanın ən çirkli şəhərləri siyahısına salması birinci dəfə deyil. Bundan əvvəl təşkilat Sumqayıtı hətta dünyanın ən çirkli şəhəri elan etmişdi.

Bəs bu institutun qənaəti nəyə əsaslanır? Axı son bir neçə ildə Sumqayıtda park və bağlar yaradılıb, böyük bulvar salınıb. Şəhərin ekoloji durumunun yaxşılaşdırılması üçün iri layihələr həyata keçirilib. Amma maraqlıdır ki, hələ də Sumqayıt beynəlxalq təşkilatların hesabatlarda çirkli şəhər kimi siyahıya salınır.

Ekoloq Telman Zeynalov hesabat hazırlanarkən 30 il əvvəlin məlumatlarına istinad edildiyini deyir. “Amerikanın Ekoloji Fondu və bunun kimi digər beynəlxaql qurumlar hesabat hazırlayarkən düzgün qiymətləndirmə aparmır. Həmin məlumat 30 il əvvəl dərc olunub. Zavod və fabriklərin vurduğu ziyanın aradan qaldırılması üçün  ekoloji təmizləmə işləri aparılıb, parklar salınıb. Amma hər il 30 il əvvəl verilmiş məlumatlar dərc edilir”, -Zeynalov virtualaz.org saytına açıqlamasında deyib.

Ekoloqun fikrincə, bəziləri Sumqayıtı çirkli şəhər kimi təqdim etməkdə maraqlıdır. “Xarici təşkilatların nümayəndələri vəziyyəti araşdırmaq üçün Azərbaycana gəlirlər. Müəyyən qeyri-hökümət təşkilatları var ki, onları  yalnız xarici təşkilatlardan pul almaq maraqlandırır. Belələri Azərbaycanı düşünmür, hökümətin əleyhinə iş görür. Məhz belə şəxslər xariciləri ən çirkli əraziyə apararaq yanlış fikir formalaşdırırlar. Əcnəbi mütəxəssislər pula mənliyini satan təşkilatlarla deyil, ölkənin tanınmış QHT-ləri ilə əməkdaşlıq edərək real qiymətləndirmə aparmalıdırlar”, -Zeynalov söyləyib.

Qeyd etmək lazımdır ki, bu məsələdə Sumqayıt şəhər İcra Hakimiyyətinin də üzərinə məsuliyyət düşür. Çünki şəhərdə son illərdə genişmiqyaslı abadlıq işlərinin aparılmasına, ekoloji ciddi şəkildə vəziyyətin yaxşılaşdırılmasına baxmayaraq şəhərin “qara” imicini yaxşılaşdırmaq üçün tədbirlər görülmür. Hansı ki, şəhər hakimiyyəti bu istiqamətdə ciddi işləməli, beynəlxalq ekoloji fondlarla və yaxından iş aparmalı və QHT-lərlə, KİV-lərlə əməkdaşlığı genişləndirərək Sumqayıtın hələ sovet dövründə formalaşmış imicini dəyişdirməyə nail olmalıdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın