Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Sulutəpənin yol problemi: “Məmurların səhlənkarlığının əziyyətini çəkirik” – VİDEO

Sulutəpənin yol problemi: “Məmurların səhlənkarlığının əziyyətini çəkirik” – VİDEO

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Rəhim Allahverdiyev küçəsinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Uzunluğu  təqribən 3 kilometr olan qəsəbəarası asfalt yol bərbad durumdadır. Bu yolu qəsəbənin əsas yolu hesab etmək olar. Bu durum qəsəbə sakinlərinin də işini çətinləşdirir, sürücülər yoldakı çökəklər səbəbindən burada vaxt itirməli olurlar.

Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub, sakinlərin gileyini dinləyib. Müşahidə zamanı bu yolla nəqliyyatın intensiv hərəkət etdiyinin şahidi olduq.

Sakinlərin sözlərinə görə, burada sonuncu dəfə asfaltlanma işləri 2012-ci ildə aparılıb. Üzərindən qısa müddət baxmayaraq, yağış suları yol örtüyünü bərbad vəziyyətə salıb.

Qəsəbə sakinləri bunun əsas səbəbini yoldakı kanalizasiya xətlərinin yox vəziyyətdə olması ilə əlaqələndirdilər: “Yolun altında çoxsaylı su və kanalizasiya xətləri var. Bu xətlər yararsız olduğundan asfaltın altından sızmalar olur. Nəticədə bir neçə yerdə xırda göllər əmələ gəlir. Zaman-zaman da asfalt örtüyünü sıradan çıxarır. Qəsəbə camaatı zülm çəkir. Payız, qış ayları bu yol keçilməz olur. Avtomobillər dərin çalalara düşüb, qəza törədirlər”.

Bəzi sakinlər isə yolun asfalt örtüyünün keyfiyyətsiz salındığını bildirdilər: “Bu asfalt da ki, çox keyfiyyətsizdir. Torpağın üstündən beton verəndə belə olacağını bilirdik. Asfaltın qalınlığı heç 5 santimetr deyildi. Yol kənarlarında su drenajları olmadığından yolda gölməçələr əmələ gəlir. Günlərlə asfalt örtüyü göl altında qalır. Rayon İcra Hakimiyyəti tərəfindən isə heç bir tədbir görülmür. Yolun suyu müxtəlif vasitələrlə qurudulmur. Bu yolu “Azəravtoyol” asfaltladı. Ancaq yaxşı olardı ki, bu işi keyfiyyətli icra edərdilər. Biz onları qınamırıq, “Azərsu” ASC-də gərək bu məsuliyyətdən qaçmasın. Drenajlar quraşdırsın, kanalizasiya sistemini bərpa etsinlər. Yağış sularını başqa istiqamətə yönəltsinlər. Bu qədər əhalini nəzərə alıb yağışlı günlərdə ərazilərə baxış keçirsinlər. Neçə ildir ki, məmurların səhlənkarlığının əziyyətini çəkirik”.

Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. O, bildirdi ki, həmin yol qəsəbələrarası yol olduğundan “Azəravtoyol”un balansında deyil. İcra hakimiyyəti və bələdiyyənin balansındadır.

Ərazinin kanalizasiya sisteminin vəziyyətinə gəlincə, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə musavat.com-a açıqlamasında bildirdi ki, bu xətlər vətəndaşlar tərəfindən çəkilib: “Həmin ərazidə baş verən qəzalardan xəbərdarıq və ehtiyac olan zaman təmir işləri aparırıq. Əgər qəza varsa, sakinlər su idarəsinə müraciət etməlidirlər. Ruslan Allahverdiyev küçəsindəki su xətlərini əhalinin özləri çəkiblər. Sulutəpə ərazisində “Azərsu” ASC tərəfindən heç bir kanalizasiya sistemi quraşdırılmayıb. Lakin gələcəkdə “Azərsu”nun bu yönümdə işlər aparması planlaşdırılır. Adıçəkilən küçənin sakinləri “Azərsu” ASC-dən su çəkilişi ilə bağlı texniki şərt alıb, özləri su xətləri çəkiblər. Onu da qeyd edim ki, Binəqədinin şəhər hissəsinə bir briqadamız, Sulutəpəyə isə başqa bir briqadamız xidmət edir. Qəsəbədə tez-tez qəzalar olur, çünki hamısı primitiv çəkilmiş xətlərdir. Əslində su xətti 90 santimetr dərinliyindən keçməlidir, ancaq çox yerdə 10 santimetr dərinliyindədir. Asfalt çəkilən zaman isə bizim orada şəbəkəmizin olmadığını bildirdik. Sonradan o zamankı “Azəryolservis” (Azəravtoyol) ASC asfalt örtüyü saldı”.

Məğrur Mərd,
Musavat.com,
Fotolar və video müəllifindir.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın