Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Stadionlarımızın bərbad durumu: Xərclənən pullar hara gedir? – FOTOLAR

Stadionlarımızın bərbad durumu: Xərclənən pullar hara gedir? – FOTOLAR

Avqustun 2-də UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” “Viktoriya Plzen” komandasını qəbul edib və matç 1-1 hesabı ilə başa çatıb.

İlk oyun qolsuz bərabərliklə bitdiyi üçün ikinci matçdakı hesab “Qarabağ”a sərf etmədi və Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı.

Oyun zamanı diqqəti çəkən məqamlardan biri də, Tofiq Bəhramov adına respublika stadionunun bərbad ot örtüyü oldu. Dəfələrlə böyük pullar xərclənib, bərpa edilən ot örtüyü oyun zamanı yenə biabırçı hala düşdü.

Matçın ilk hissəsindən sonra stadiona diqqət yetirdikdə gördük ki, dovşan yuvasına bənzər çalalar yaranıb. Futbolçular, hətta hakim belə, ot örtüyünü ayağı ilə düzəltməyə çalışırdı.

Arenanın ot örtüyünün bərbad olması oyunun gedişatına da mane oldu. Bir neçə epizodda futbolçuların ayağı qopmuş otlara ilişdi. Bu tipli önəmli matçlarda ot örtüyünün belə olması, heç də ürəkaçan şey deyil.

Maraqlıdır ki, bu zamana qədər arenanın qazonu dəfələrlə təmir edilib. Amma bir müddət sonra stadion əvvəlki halına, yəni bərbad durumuna geri qayıdıb. Arenanın ot örtüyünün durumuna “Football & Sports Management” (FSM) şirkəti cavabdehdir.

Şirkətin son fiaskosu ötən il “Qarabağ” və “Yanq Boyz” komandaları arasında baş tutmuş oyundan öncə olmuşdu. Belə ki, matça az müddət qalsa da, stadionun qazonu hazır deyildi, daha dəqiq desək, standart, yəni biabırçı vəziyyətdə idi. Şirkət həmin günlərdə ittihamlara cavab verərək, günahı özündə görmədi. Hər şeyin günahını havaların isti keçməsində, futbolçularda, komandalarda gördü.

Bəs indi necə olacaq? Hansı bəhanə gətiriləcək?

Nəzərə alaq ki, bu stadionda “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçin “Höteborq” komandası ilə önəmli matça çıxacaq. Stadion yenə bu halda olacaq?

Azərbaycanın hava iqlimi ən mükəmməl stadionların yaradılması üçün əlverişlidir. Amma bir çox sahədə olduğu kimi, bu məsələdə də iş peşəkarlara yox, naşılara verildiyi üçün nəticə ortadadır.

Bəziləri hələ də anlamayıblar ki, futbol artıq palçıqlı arenada yox, ot örtüyü olan stadionlarda oynanır. Son matçı izləyən idman jurnalistləri də stadionun ot örtüyünü müzakirə etdilər. Belə bir arenada önəmli matçların oynalımasının riskli olduğunu dedilər.

Musavat.com saytına danışan idman jurnalisti Elsevər Məmmədov stadionların ot örtükləri ilə bağlı problemlərin həddən artıq çox olduğunu bildirib: “İstər “Bakcell Arena”da, istər Tofiq Bəhramov adına respublika stadionunda, istərsə də Olimpiya stadionunda bu problem var. Çünki bu arenaların qazonlarına Elxan Məmmədova məxsus olan şirkət baxır. Orada çalışan mütəxəssislərin də bilgisi kifayət qədər deyil.

Dəfələrlə belə hallar olsa da, onlar heç nəyi dəyişə bilmirlər. Bəzən hətta “Bakcell Arena”nın ot örtüyünə yaşıl görünsün deyə rəng vururdular. Bu mənada yalnız “Qəbələ”yə məxsus arenaları fərqləndirmək olar ki, orada da ingilis mütəxəssislər ot örtüyünə nəzarət edir. Ona görə də orada ot örtüyü mükəmməldir. Sonuncu dəfə Tofiq Bəhramov adına respublika stadionundakı qazona may ayında dəyişiklik olundu.

Bu arena Gənclər və İdman Nazirliyinin balansındadır. Onlar da stadionda ötən il, ondan qabaqkı il yaranan problemlərin səbəbinin ot örtüyündə deyil, torpaqda olduğunu bildirdilər və dəyişiklik etdilər. Rayonlardan 1200 ton torpaq gətirdilər. Amma yenə də nəticə yoxdur. Görünən odur ki, stadiona nəzarət edənlər ot örtüyünə və torpaq qatına düzgün nəzarət etmir. Dediyim kimi, “Qəbələ”də ingilis mütəxəssislər çalışır və orada hər şey mükəmməldir. Paytaxtdakı 3 əsas stadionda dəyişiklik etmək üçün həmin ingilislərdən istifadə etmək lazımdır”.

Həmkarımızın sözlərinə qüvvət verərək, deyirik ki, işi heç olmasa, bu dəfə peşəkarlara verin. İnkişaf etdirməkdə çətinlik çəkdiyiniz futbolumuza dəstək ola bilmirsinizsə, heç olmasa, mane də olmayın.







Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın