Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Ura! Tələbə oldum, bəs harada qalım? -Üfunət qoxan yataqxanalar…

Ura! Tələbə oldum, bəs harada qalım? -Üfunət qoxan yataqxanalar…

<

“Yataqxanada qalanda hamam üçün hər həftə kiminsə evinə getməli olurdum, qış aylarında çəkdiyimizi əziyyəti isə heç soruşmayın”.

Günay Qurbanova hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin 4-cü kurs tələbəsidir. Ailəsi Qax rayonunda yaşadığı üçün universitetə qəbul olan zaman yataqxanada qalmaq istəyib. Ona təhsil aldığı ali məktəbdən yataqxanada məcburi köçkünlərin yerləşdirildiyi bildirilib və tələbə digər bir universitetin- Memarlıq və İnşaat Universitetinin yataqxanasında qeydiyyatdan keçib:

“Yataqxanamız 9 mərtəbəli idi. Aşağı 4 mərtəbəsində qızlar qalırdı, digər mərtəbələrdə isə oğlanlar. Həm ümumi şəraiti, həm də nəzarət baxımından yaxşı idi. İndi qalxıb, ya yox bilmirəm, o zaman üçün aylıq 20 manat ödəyirdim. Bir otaqda 4 nəfər qalırdıq, təmizliyi də yaxşı olurdu. Digər universitetlərin yataqxanaları ilə müqayisədə ən müsbət cəhəti isə 2 otağa 1 hamam-tualetin olması idi. Bu səbəbdən də növbəti ildə çox tələb oldu və mən yataqxanamı dəyişmək məcburiyyətində qaldım”.

Tələbə 2-ci kursda yer olmadığı üçün bu dəfə Slavyan universitetinin yataqxanasında qalmaq məcburiyyətində qalıb. Dediyinə görə orada nə qiymət qənaətbəxş olub, nə də ki ümumi şərait:

“Slavyan Universitetinin yataqxanasının şəraiti haqqında əvvəlki sözlərimi deyə bilmərəm. Bir otaqda 3 nəfər qalırdıq və mən aylıq 50 manat ödəyirdim. Universitetin öz tələbələri üçün isə bu məbləğ daha aşağıdır-10 manat. Qaldığım 2 yataqxanada da internet və televizor olmayıb. Hətta ikinci qaldığım yataqxananın istilik sistemi belə yox idi. Özümüz qızdırıcı sobalar alıb isinməyə çalışırdıq. Otaqlar təmirsiz olduğu üçün bu da elə bir təsir etmirdi”.

Günay bu şəraitdə daha çox qala bilmədiyi üçün bu il ev tutub və 80 manat ödəyərək daha rahat qalmaq istəyir. Kirayə evlərin qiymətləri ilə bağlı hazırladığımız yazıda da qeyd etdiyimiz kimi bu və başqa səbəblərdən avqust-sentyabr aylarına minlərlə tələbə kirayə ev axtarır. Nəticədə isə həm mənzillərin qiyməti 50% bahalaşır, həm də tələbələrin çoxu qalmaq üçün yer tapa bilmir.

Hazırda ölkəmizdə fəaliyyət göstərən bir neçə universitetin yataqxanası ilə maraqlandıq. Əfsuslar olsun ki, bu il də dəyişən bir şey yoxdur. Ən çox tələbə qəbul olunan Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC), Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (ARPDİA), Azərbaycan Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarında məcburi köçkünlər yerləşdirildiyi üçün tələbələr üçün qalacaq yer yoxdur.

Ötən illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mediaya açıqlamalarında yaxın illər ərzində (2015-2016) məsələnin öz həllini tapacağını bildirsə də, görünən odur ki, hələ də müsbət bir irəliləyiş yoxdur. Yataqxanalarda yerləşdirilmiş məcburi köçkünlərin nə zaman köçürüləcəyi ilə bağlı komitəyə dəfələrlə zəng vursaq da, zəngimizi cavablandıran olmadı.

Sözügedən dövlət universitetləri ilə nisbətdə Azərbaycan Dillər Universiteti, Tibb Universitetində vəziyyət daha yaxşıdır. Belə ki, ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Qasımova APA TV-ə açıqlamasında bildirib ki, universitetin 2 yataqxana binası var. Onlardan birində məcburi köçkünlər yerləşib, 4 blokdan ibarət olan digər yataqxananın iki bloku məcburi köçkünlərin, digər iki bloku isə qız tələbələrin ixtiyarına verilib. Universitetimizin yataqxanasında 200-ə yaxın tələbə yerləşdirmək mümkündür. İndiyə kimi 60-a yaxın tələbə ərizə ilə müraciət edib. Otaqlar 2 və 3 nəfərlikdir. Bir tələbənin yataqxana üçün illik ödəniş haqqı 10 manatdır. Tələbə 10 manat ödəməklə bir il yataqxanadan yararlana bilər.

Əldə etdiyimiz məlumata görə, Tibb Universitetinin 6 yataqxanası var. Onlardan 1-də xarici tələbələr, 1-də isə məcburi köçkünlər qalır. Ümumilikdə bu yataqxanaların tutumu 1253 nəfərdir. Bu il 2 saylı qızlar yataqxanası təmirə bağlandığı üçün yeni qəbul olunmuş qızlara yer tapılmır. Oğlan yataqxanasında isə heç bir problem yoxdur. Burada dövlət hesabına oxuyan tələbə ayda 25 manat, ödənişli təhsil alan tələbələr ayda haradasa 38 manat civarında, xarici tələbələr isə bir ayına 50 manat ödəməklə yataqxanada yaşayırlar.

Hazırda universitetin qız yataqxanasında qalan ikinci kurs tələbəsi Cahan Hacızadə əvvəl dövlət hesabına oxuyanlar üçün yataqxananın pulsuz olduğunu dedi:

“Mən qəbul olan ildən ödəniş tələb olunur. İlə 300 manat ödəyirik. Eşitdiyimə görə, aşağı mərtəbəni İran Səfirliyi təmir edib, bu səbəbdən ora çox qəşəngdir. Bizdə isə şərait elə də xoşəgələn deyil. Siçan, tarakan kimi həşəratlar görmək mümkündür. Bizim və başqa mərtəbələrdə yaxşı, hətta əla təmirli otaqlar var. Onları da imkanı olan özü elədib”.

Bakı Dövlət Universitetinin isə 80 faiz yataqxanası qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Cəmi bir korpus qalıb ki, həmin binada da məcburi köçkünlər qalır. Həmin yataqxanada cəmi 100-130 tələbəni yerləşdirmək olur.
Hazırda universitetin yeni yataqxana binasının tikintisini həyata keçirməyə maddi imkanı yoxdur. Bakı Dövlət Universitetinin yataqxanasında qalan tələbələr heç bir məbləğ ödəmir.

Naxçıvan Dövlət Universitetinin yataqxanası əsaslı təmirdən sonra 2011-ci ildə istifadəyə verilib. Yataqxana 2 korpus şəklində olmaqla 462 nəfər tələbə üçün nəzərdə tutulub. 200 yer qızlar, 262 yer oğlanlar üçündür.  Otaqlar 2 və ya 3 nəfərlikdir. Binanın zirzəmisində həm qızlar, həm də oğlanlar üçün ayrı-ayrılıqda tennis,  şahmat oyanaq üçün zallar, hamam və vahid çamaşırxana  yaradılıb.

Son olaraq qeyd edək ki, 2014-cü ildən Təhsil Nazirliyi tərəfindən yaradılan “Sabah qrupları” layihəsi çərçivəsində artıq bir neçə ildir ki, təhsildə fərqlənən gənclər ödənişsiz yataqxana ilə təmin edilir. Tələbələr üçün isə əsas şərtlər “Sabah qrupları”na qəbul imtahandan keçmək və regiondan olmaqdır. Sözügedən layihə çərçivəsində bu il 322 tələbə yataqxana ilə təmin olunacaq.

Bu arada bildirək ki, universitetlərə yataqxana üçün müraciət edənlər arasında üstünlük şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan tələbələrə, hər hansı bir valideynini itirmiş, ailəsində birinci və ikinci qrup əlil olan, yüksək bal toplayan tələbələrə verilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın