Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / “Sovetski”nin narazı sakinləri də evlərini tərk ediblər

“Sovetski”nin narazı sakinləri də evlərini tərk ediblər

Sakin: “Burada hərəni bir cür yola gətiriblər, kimi razılaşıb, kimi də məhkəmə yoluna davam edir…”

Bakının “Sovetski” kimi tanınan məhəlləsinin söküntü aparılan hissəsində artıq demək olar ki, yaşayış yoxdur. Xüsusilə də məhəllənin söküntü komissiyası ilə qalmaqal yaşayan  Mirzə Fətəli Axundov küçəsinin sakinləri ilə razılıq əldə olunub. 
Ərazidə yaşayan sakinlərin hamısı mənzillərini tərk ediblər. Onların dövlət tərəfindən alınan mənzilləri isə artıq tamamilə sökülüb.  “Sovetski”də hazırda plana uyğun olaraq yol çəkilişi və digər bu kimi işlər görülür.
 
Lakin Mirzə Fətəli Axundov küçəsinin sakinləri verilən kompensasiyanı alıb, evlərini tərk etsələr də onların narazılıqları hələ də bitməyib. M. F. Axundov 45 ünvanında yerləşən tarixi tikilidə yaşayan Faiq Əliyev bildirib ki, onun evi artıq tamamilə dağıdılıb: “İyulun 22-də danışdım razılaşdım. Razılaşmaq deyəndə ki, mənim dediyim məbləğdən qat-qat aşağı kompensasiya verdilər. 24 iyulda gəlib başladılar sökməyə. Gördüm ki, artıq bunlar təxribata əl atır. Özləri ilə polis də gətirmişdilər. Məcbur qalıb razılaşdım. Ancaq hələ də mübarizəmdən əl çəkməmişəm. Sənədlərimi yığıb, Avropa Məhkəməsinə müraciət edəcəyəm. Evi təmiz sökdülər. İndi də kirayədə qalıram. Ancaq verilən məbləğ elədir ki, həmin pula şəhərin mərkəzindən mənzil almaq mümkün deyil. Məcburam kənar yerlərdən alam. O da şəhərin mərkəzinə öyrəşən adam üçün çox çətindir. Burada məndən başqa 7 qonşu da qalmışdı. Onlar da verilən məbləğlə razılaşmayıb, evlərini tərk etmək istəmirdilər. Bizim evimiz sökülən günü həmin qonşular da elə gözümün qabağında imza atıb, razılaşdılar. Elə həmin günü onların da mənzillərini sökdülər. Demək olar ki, daha bu küçədə heç kim qalmayıb. Hamı köçürülüb”.
Verilən kompensasiya ilə razılaşmayan Mirzə Fətəli Axundov küçəsi dalan 11, ev 4-də yaşayan Vahab Şahbazov da bildirdi ki, artıq onlar da mənzillərini tərk ediblər. V. Şahbazov həmçinin, kompensasiya aldıqlarını da söylədi: “Qismən razılıq oldu aramızda. Nə onların dedikləri oldu, nə də ki, biz deyən. Ümumi razılığa gəldik və mənzilimizi məcburən də olsa tərk etdik. Ümumiyyətlə, ərazidə hər kəsi bir cür yola gətiriblər. Kimi razılaşıb, kimisi də məhkəmə yoluna davam edir. Deyilənə görə, avqustun 6-da ərazini təhvil verəcəklər. Ona görə də artıq ərazinin ətrafının çəpərlənmə işlərinə başlanılıb. Ancaq dediyim ki, artıq orada yaşayış yoxdur”.

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …

Bir cavab yazın