Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Sovetski” üçün yeni köçürmə planı hazırlanır – FOTOLAR

“Sovetski” üçün yeni köçürmə planı hazırlanır – FOTOLAR

Bakının “Sovetski” kimi tanınan məhəlləsində 2014-cü ildən etibarən başlanan köçürmə işləri bu gün də davam etdirilir. İndiyə qədər 3827 yaşayış və qeyri-yaşayış sahəsi bu ərazidən artıq köçürülüb.

Musavat.com-un məlumatına görə, artıq boşaldılan 26 hektarlıq park və yaşıllıq salınması üçün nəzərdə tutulan ərazi hasara alınıb. Oradan keçən avtomobil yolu kəsilsə də, piyadalar üçün xüsusi keçid qapadılmayıb. Plana uyğun olaraq 26 hektar ərazinin 90 faizinin yaşıllıq sahəsi olması nəzərdə tutulub. Lakin orada olan tikililər tamamilə sökülsə də, ərazidə hər hansı tikinti və abadlıq işləri aparılmayıb. Söküntü aparılan ərazi boş sahə olaraq qalır.

Hələ avqust ayında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli musavat.com-a bildirmişdi ki, orada görülən işlər birbaşa ölkə rəhbərliyinin nəzarəti əsasında aparılır: “Ərazidə ümumilikdə uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq. Həmin küçələrə Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələri daxildir. Yenidənqurma işləri çərçivəsində küçələr həm genişləndiriləcək, həm də enli piyada səkiləri inşa ediləcək. Yenidən qurulacaq küçələrdə mühəndis kommunikasiyaları – su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur”.

Lakin sakinlərin sözlərinə görə, hələ ki, hər hansı bir işin aparılmasının şahidi olmayıblar. Mirzağa Əliyev küçəsinin sakini Babək Kərimov bildirdi ki, onlara da evlərinin söküləcəyi ilə bağlı məlumat veriblər: “Bu küçədə demək olar ki, hər kəsin mənzilini ölçüblər. Hamının söküntüdən xəbəri var. Kimin mənzili iridirsə, veriləcək olan kompensasiyadan razıdır. Onlar istəyirlər ki, söküntü daha tez başlasın. Kimin ki, mənzili azkvadratlıdır, onlar narahatdırlar. Bizdə olan məlumata görə, Mirzağa Əliyev küçəsində söküntü işləri növbəti ildən başlayacaq”.

Onu da qeyd edək ki, Mirzağa Əliyev küçəsindəki əksər mənzillər azkvadratlıdır. Eyni zamanda burada mənzillər o qədər yaxın yerləşib ki, hər hansı bir hadisə olduğu zaman müvafiq yardım avtomobilləri əraziyə girməyə çətinlik çəkirlər.

Xatırladaq ki, ötən il Mirzağa Əliyev küçəsində yerləşən mənzillərin birində yanğın baş verdiyi zaman əraziyə yanğın söndürən maşınlar çox çətinliklə daxil olmuşdular. Nəticədə yanğın digər iki evə də keçmişdi.

Həmçinin sakinlərin sözlərinə görə, ərazinin kommunal xətləri də yararlı vəziyyətdə deyil. Lakin bütün bunlara baxmayaraq, “Sovetski”nin söküntü aparılmayan hissələrində həyat əvvəlki illərdə olduğu kimi davam edir.

Köçürmə ilə bağlı APA TV-yə Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib ki, Sovetski”nin köçürülməsində fasilə yarandığı barədə fikirlər yanlışdır və proses mərhələli şəkildə davam etdirilir: “Köçürmə Komissiyası əvvəlki qaydada bu ərazidə yaşayan və evlərini satmaq arzusunda olan sakinləri hər həftənin ikinci və beşinci günləri qəbul edir. Satınalmaları həyata keçiririk. Yeni ərazinin köçürülməsi ilə əlaqədar görüləcək işləri üç mərhələyə bölmüşük. Bu üç mərhələ ümumilikdə 2060 yaşayış və qeyri-yaşayış sahəsini əhatə edir. Söhbət 17 hektar ərazidən söhbət gedir. Birinci mərhələdə “Nizami” metrosunun arxasından “Nərimanov” prospektinə qədər, Balababa Məcidov, Fuad İbrahimbəyov küçələri və Nərimanov prospektinə düşən ərazinin köçürülməsi nəzərdə tutulur. İkinci mərhələdə isə Nərimanov prospektindən yuxarı, İsmayıl Qutqaşınlı küçəsinə qədər olan hissə köçürüləcək. Üçüncü mərhələni isə şərti olaraq, “Təzə Pir” mərhələsi adlandırırıq. Bu mərhələdə köçürülmə Murtuza Muxtarov və Nərimanov prospektini, Süleyman Tağızadə küçələrinədək olan ərazini əhatə edir”.














Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın