Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Sovetski” sakinindən iddia: “Abid Şərifova yalan məlumat verilib” 

“Sovetski” sakinindən iddia: “Abid Şərifova yalan məlumat verilib” 

Bu gün “Sovetski” sakinlərinin bəzilərinə evlərini tərk etmək üçün verilən vaxt bitdi. Bir qrup sakinin redaksiyamıza şikayəti ilə əlaqədar məhəllədə olub, hazırkı proseslərlə tanış olduq.

Müşahidə etdik ki, “Sovetski”də söküntü işlərində heç bir fasilə yaranmayıb. Ancaq sakinlərin mənzillərini kütləvi şəkildə də sökmürlər. Ərazidə çalışanlar bildirdilər ki, yalnız müqavilə əsasında razılığa gəlinmiş sakinlərin mənzilləri sökülür. Bu mənzillər də artıq müqaviləyə görə, onların mülki sayılmır. Çünki həmin sakinlərə dövlət tərəfindən nəzərdə tutulan kompensasiya ödənilib.

Lakin məhəllənin Abbas Mirzə Şərifzadə küçəsində yaşayan sakinlərinin bir qismi evlərini heç də tərk etmək istəməyib, hər hansı bir müqaviləni də imzalamaq fikrində deyillər. Həmin küçədə əsasən qədim tarixə malik olan tikililər yerləşir.

Daha öncə də mətbuatda adı hallanan Abbas Mirzə Şərifzadə 45-də yerləşən Faiq Əliyevə məxsus ev tam uçurulmasa da üzərində olan daşların söküntüsünə artıq başlanılıb. F.Əliyev bildirdi ki, bu işi aparan şəxslər söyləyiblər ki, ev sizin olsa da üzərindəki daşlar dövlətə məxsusdur. Ona görə də sökürük.

F.Əliyev bununla yanaşı başqa iddialar da səsləndirdi: “Nə qədər qəribə olsa da bunlar hesab edirlər ki, evin üzərindəki daşlar dövlətə məxsusdur. 120 ildən çox yaşı olan tikilini artıq dağıtmağa başlayıblar. Sona qədər mübarizə aparacağam. Evimi tarixi tikili kimi qorumaq istəyirdim. Artıq zədələyiblər. Buna baxmayaraq mənzilimi tərk etmək istəmirəm. Elə ona görə də heç bir sənədə imza atmayıb, heç bir müqavilə də bağlamamışam”.

Sakin iddia edir ki, ərazidə söküntü işləri ilə məşğul olan icra nümayəndələri və komissiya baş nazirin müavini Abid Şərifova yalan məlumat veriblər: “Məhəllədə yaşamağa yararsız olan evlərin fotosunu çəkib, Abid Şərifova təqdim ediblər. Bildiriblər ki, bu evlər Abbas Mirzə Şərifzadə küçəsində yerləşir. O da tapşırıq verib ki, yaşamaq üçün yararsız olan evlər sökülsün. Bunlar da onun adından gəlib deyirlər ki, Abid müəllimin tapşırığıdır, evlər sökülməlidir. Bu məsələni öyrəndikdən sonra evin fotolarını çəkib Abid Şərifova göndərdim. Hələ ki, bir cavab çıxmayıb. Ərazidə çalışanların bir çoxları da sakinlərlə kobud davranırlar”.

Elə biz də orada olduğumuz zaman ərazidə işləyən fəhlə ahıl yaşlı F.Əliyevə qarşı qeyri-etik ifadə işlətdi.

Məhəllə sakini Hacıbala Hacıyev də bildirdi ki, onun da evini sökməyi planlaşdırırlar. H.Hacıyevin yaşadığı mənzil “Sovetski”də yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunan məscidlə yan-yanadır.

Hələ ki, bu məscid də sökülməyib. Sakinlər bildirdilər ki, onların bütün kommunal xətləri kəsilib. Hətta suyu belə, kəsiblər. Buna baxmayaraq, sakinlər ərazidə işləyən fəhlələrə ara-sıra içməli su da verirdilər. Bildirdilər ki, yezid deyilik ki, onlara su verməyək…

Sakinlərə verilən möhlətin bu gün bitməsi məsələsinə gəlincə isə, A.M.Şərifzadə küçəsində yaşayanlar bildirdilər ki, bu, müqavilə bağlayan, mənzilini dövlətə satan sakinlərə aiddir: “Ola bilər ki, həmin sakinlərə mənzillərini tərk etmələri üçün verilən möhlət bu gün bitir. Bizə elə bir söz deməyiblər. Ərazi balaca olsa da, burada çox proseslər gedir. Hərə ilə bir cür razılaşırlar”.

Səslənən iddialarla bağlı elə Abbas Mirzə Şərifzadə küçəsinin yaxınlığında söküntü ilə bağlı yaradılmış komissiyaya müraciət edib, onların da mövqeyini öyrənmək istədik. Komissiyanın özünü təqdim etməyən üzvü sualımızdan yayınaraq bildirdi ki, bu kimi məsələlərə Yasamal payon İcra Hakimiyyəti cavab verə bilər.

Yasamal rayon İcra Hakimiyyətinin təsərrüfatı şöbəsinin müdiri Şahin Məmmədov musavat.com-a sakinlərin iddiaları ilə bağlı aşağıdakıları söylədi: “Səslənən iddialar tamamilə əsassızdır. Bu məsələlərə təkcə cənab Abid Şərifov baxmır. Mədəniyyət və Turizm Nazirliyinin, Elmlər Akademiyasının bu proseslərlə bağlı müvafiq qurumları var. Həmin qurumlar tərəfindən kompleks iş aparılaraq, qərarlar qəbul edilir. Sakinin söylədiyi hal qəti şəkildə ola bilməz. Mən özüm ərazidə gəzərək, həmin tikililərin bir-bir şəkillərini çəkdirib, Mədəniyyət və Turizm Nazirliyinə göndərmişəm. Söylənilən iddia heç bir məntiqə sığmır. Hər şeyi bir kənara qoyaq, Abid Şərifov kifayət qədər təcrübəsi olan şəxsdir. Bəyəm ona bu cür yalan məlumat vermək olar?”

İcra nümayəndəsi bildirdi ki, A.M.Şərifzadə küçəsində yerləşən tikililər tamamilə söküləcək: “Hazırda onların üzərindəki tarixi elementlər çıxarılır. Elementlər çıxarılıb, başa çatdıqdan sonra tikililər söküləcək. Eynilə həmin küçədən bir tin aşağıda mərhum jurnalist Osman Mirzəyevin vaxtilə yaşadığı ev yerləşir. Orada da Mədəniyyət və Turizm Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası İdarəsinin mütəxəssisləri gəlib, qorunası elementləri bir-bir, səliqəli şəkildə çıxardılar. Düşünürəm ki, bu elementləri haradasa tətbiq edəcəklər. Elə həmin binalar bu elementlərə görə qorunurdu. İndi də onlar dediyim kimi sökülərək saxlanılır. Hazırda Şərifzadə küçəsi 43-45-də briqada işləyir”.

İcra nümayəndəsi məhəllə sakini Faiq Əliyevin digər irad və iddialarına da münasibət bildirdi: “Faiq Əliyevlə dəfələrlə söhbətlər aparmışıq. Onun yalnız və yalnız şəxsi məqsədləri var. Artıq onun qonşuları da gəlib, razılıqlarını bildirdilər. Söküntüyə görə sakinlərin hər birinə kompensasiya verilir. Ölkə başçısı tapşırıb ki, kompensasiya verilən zaman əhalinin xeyrinə addımlar atılsın. Sakinlərin sənədində olmayan hər hansı bir quş damı, açıq eyvan və digər bu kimi tikililər də komissiya tərəfindən ölçülür, hesablanır, təsdiq olunmuş qiymətə əsasən onlara kompensasiya verilir. Qiymətləndirmə komissiyasi tam dəqiqliklə hər bir şeyi hesablayır”.  Musavat.com

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın