Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Sosioloq test sistemini TOPA TUTDU: “Bu yolla diplom alanlar ölkəyə lazım deyil”

Sosioloq test sistemini TOPA TUTDU: “Bu yolla diplom alanlar ölkəyə lazım deyil”

Bu günlərdə Azərbaycanda orta məktəblərdən ali və orta ixtisas məktəblərinə qəbul imtahanları keçirilir. Bu imtahanlar vasitəsilə bir çox gənc tələbə adını almağa can atır. Təəssüflə qeyd etmək lazımdır ki, bu gənclərdən çoxu uğursuz nəticə əldə edir.
Qəbul imtahanı verən abituriyentlərin bəziləri fakültə, ixtisas, universitet fərqi olmadan “təki tələbə olum” düşüncəsi ilə imtahan verirlər. Bəziləri isə yüksək bal topladığı halda ixtisas seçimi zamanı istədiyi ixtisası, universiteti seçə bilmir və ruh düşkünlüyü yaranır. Bəs belə neqativ halları qaldırmaq üçün nələr edilməlidir?

Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə bağlı Modern.az saytına şərh verib.

Sosioloq bildirib ki,qəbul imtahanlarının indiki şəkildə keçirilməsinə bir xoşa gəlməyən vəziyyət hesabına məcbur olduq. “Bu qəbul imtahanlarının qeyri-obyektiv keçirilməsinin qarşısını almaq üçün atılan bir addım idi. Yaşlı adamlar xatırlayırlar ki, səksəninci illərdə ali məktəblərə qəbul imtahanları biabırçı bir vəziyyətdə idi. Rüşvət adi norma halına keçmişdi. Aydındır ki, qəbul imtahanları vasitədir. Əsas məqsəd ali məktəblərimizə daha layiqli gənclərin seçilməsidir. Qəbul imtahanlarının indiki vəziyyətdə keçirilməsi o deməkdir ki, biz hələ obyektiv yolla imtahan keçirə bilmirik. Konkret olaraq test üsulu ilə imtahanların keçirilməsi, bir başa orta məktəbdə tədrisin keyfiyyətinə olduqca mənfi təsir edir. Əksər şagirdlərdə əzbərçilik vərdişləri yaranır. Hər bir dərsin daha məzmunlu, yaradıcı şəkildə öyrənilməsi məsələsi arxa plana keçir. Repetitoruq fəaliyyəti, bunun hesabına dərsdən yayınma halları xeyli artır. İndi testlə qəbul imtahanları zamanı tez- tez həyəcanlanan şagirdlərin öz səviyyəsindən xeyli az bal topladığının şahidi oluruq. Bir çox tələbələr oxuduqları fakültəyə təsadüfən düşdüklərini deyirlər. Yəni, ixtisas seçimi edəndə onlarb15 ixtisas göstərirlər. Az xal toplamış tələbələr əksər hallarda formallıq xatirinə qeyd etdikləri fakültələrə düşürlər. Bir tərəfdən səviyyə aşağı olduğu halda, digər tərəfdən də arzu etmədiyi fakültəyə düşən gənc təhsilə çox etinasız olur. Bir təhər bakalavr pilləsini başa vurub diplom almaq haqda düşünür. Belə tələbələr minlərlə olur və bu bizim təhsil sistemimizin faciəsidir. Həmin yolla diplom alan mütəxəssislər əslində ölkəyə lazım deyillər. Onlar yalnız təhsil haqqı, hərdən də semestrdə rüşvət toplayan ali məktəblərə lazımdır. Amma axı onlar bizim vətənimizin gəncləridir. Bizim xalqımızın bir hissəsidir. Bu hissənin bu günə düşməsinə yol vermək olmaz.”

Abituriyentlərin uğur qazana bilməməsinin səbəbi nədə görürsünüz?
“Abituriyentlərin uğur qazanmamasında yuxarıda sadaladığımız məsələlərlə yanaşı digər olduqca ciddi mühüm problemlər də var! Əvvəla indiki vaxtda yuxarı siniflər arasında ali məktəblərdəki ixtisaslar haqda lazımi məlumat yoxdur. Onların əksəriyyəti hansı ixtisasın əsas məzmunun nə olduğunu, hansı perspektivi olduğunu yaxşı bilmirlər. Bəzən ixtisası dəb xatirinə, bəzən qonşulara baxaraq, bəzən valideynlərin təhriki ilə və s. yollarla seçirlər. Əslində o təhsil sistemi daha uğurlu olur ki, orada hər tələbə öz təyinatına, qabiliyyətinə uyğun olan ixtisas seçir. Belə ixtisas hər zaman tələbəni həvəsləndirmək, özü üzərində işləməyə səfərbər etmək gücünə malikdir. Əks halda isə, günü-gündən ixtisasın ögeyliyini hiss edərək, dərslərdən soyuma halları var. Daha qorxunc hal isə tələbələrin əksəriyyətinin öz prespektivi barədə aydın təsəvvürə malik olmamasıdır. Çünki, bu sahədə planlaşdırma elmi əsaslarla aparılmadığından, ali məktəbi qurtaran tələbələrin çoxu öz biliyi hesabına yox, qeyri obyektiv yollarla iş axtarır. Cəmiyyətdə maddi dəyərlərin mənəvi dəyərləri öz təsiri altına alması da təhsil sisteminə zərbə vurur. Bir sıra hallarda ali məktəblərdə dəb xatirinə açılan fakültələrdə layiqli müəllim kadrlarının , dərsliklərin də olmamasını bura əlavə etmək olar. Bütün bu vəziyyət barədə cəmiyyətin məlumatı var. Bunu orta məktəb şagirdləri də, abituriyentlər də bilirlər. Buna görə bir sıra qabiliyyətli şagirdlər, sonradan oxuduğu ali məktəblərdə oxuya bilməyəcəyini düşünür və əli soyuyur. Həvəsdən düşür.”

Sizin fikrinizcə tələbə qəbulu necə tənzimlənməlidir?
“Əslinə qalsa ali məktəblərə tələbə qəbul sistemi ləğv olunmalıdır. Biz artıq bir sıra xarici ölkələrdəki kimi orta məktəblərin verdiyi qiymətlər əsasında qəbul sisteminə keçməliyik. Orta məktəblərdə elə şərait yaranmalıdır ki, onlar 11 ildə öz şagirdlərini qabiliyyətləri üzrə ixtisas seçməyə istiqamətləndirsinlər. Özünüz təsəvvür edin, bir var ki, bir gəncin hansı ixtisası seçməsini 11 ilə müəyyənləşdirmək, bir də var bir neçə saat ərzində. Həmin bir neçə saat ərzində yalnız əzbərçiliyə diqqət vermiş şagird həyəcanlanaraq ciddi səhvlər edə bilər. amma ola bilsin ki, o qabiliyyətli bir gəncdir. Adi təsadüf üzündən eyni şagird bir neçə yüz bal itirə bilər. Bir də var ki, 11 il ərzində orta məktəb qayğı ilə onun bütün cəhətlərini nəzərə alaraq biliyini qiymətləndirsin və onun hansı sahələrdə qabiliyyətinin olduğu barədə tövsiyələr yazsın. Bu zaman həmin orta məktəbin rəhbərliyi, şagirdə qiymət verən müəllimləri ciddi cəza almalıdır. Təbii ki, biz bu sistemə keçsək həmin sistem mütəxəssislər tərəfindən xeyli təkmilləşdirilməlidir.
Özünüz təsəvvür edin bu sistemə keçməmiz xeyli neqativ halların qarşısını almaqla dövlətin büdcəsinə nə qədər kömək edər. Baxın, indi məsələ qaldırılır ki, qəbul imtahanları da ödənişli olsun. Həmin itkinin də qarşısı alına bilər. Eyni zamanda orta məktəblərin məsuliyyəti xeyli artar. Bu orta məktəblərdə təhsilin daha məzmunlu təşkilinə, dərsə davamiyyətə ciddi kömək edə bilər. Orta məktəblər bir azdan ali məktəblərin yüzlərlə müəllimləri ilə üz –üzə qalmağa risk etməz. Rüşvət mexanizmi yaratmağa çalışsalar belə, ciddi uğur qazana bilməzlər.”

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın