Ana səhifə / Media / Sosial mənzillər üçün vətəndaşlara kredit verəcək bank məlum oldu

Sosial mənzillər üçün vətəndaşlara kredit verəcək bank məlum oldu

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qaydanı fəaliyyətində rəhbər tutan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılacaq güzəştli mənzillərin qiymətinin yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən daha aşağı olması əsas güzəştlərdən biridir. Eyni zamanda, daha bir güzəşt vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif olunacaq mənzilləri güzəştli ipoteka krediti ilə əldə etmək imkanıdır.

MİDA-dan Modern.az-a verilən məlumata görə, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına 30 ilədək müddətə verilən güzəştli ipoteka kreditinin illik faiz dərəcəsi 4%, ilkin ödəniş isə mənzilin satış qiymətinin 10%-ni təşkil edir.
Sözügedən Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar güzəştli ipoteka kreditindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə yararlana bilər.
Ötən müddət ərzində Agentlik tərəfindən vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə görülmüş işlər çərçivəsində “Azərbaycan İpoteka Fondu” ASC-nin 25 müvəkkil bankına müraciət olunub. Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən ilk kredit təşkilatı “Kapital Bank” ASC oldu.
Azərbaycanda korporativ və pərakəndə bank biznesi sahəsində geniş çeşidli məhsulları ilə xidmət göstərən “Kapital Bank” ASC və “MİDA” MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi 19.07.2017-ci il tarixində imzalanıb.
Azərbaycanın bank sektorunda xüsusi çəkisi olan “Kapital Bank” ən böyük filial şəbəkəsinə malik maliyyə qurumlarındandır. 3 milyondan çox fiziki şəxsə və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərən “Kapital Bank” ASC-nin xidmət şəbəkəsi 92 filialı və 7 şöbəsi ilə bütün ölkəni əhatə edir. Eyni zamanda, “Kapital Bank” dövlət sosial proqramlarının icrası sahəsində də geniş təcrübəyə malikdir.

Fəaliyyətində vətəndaş məmnunluğunu əsas göstərici kimi qəbul edən Mənzil İnşaatı Dövlət Agentliyi təcrübəli və etibarlı tərəfdaşlarla səmərəli əməkdaşlığın qurulması istiqamətində işlərini davam etdirir.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın