Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Sosial evlərin aylıq ödənişi neçə manat olacaq? – AÇIQLAMA

Sosial evlərin aylıq ödənişi neçə manat olacaq? – AÇIQLAMA

Ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat yayıb.

Agentliyin fəaliyyət istiqamətlərindən biri də əsasən gənc ailələrin uzunmüddətli kredit hesabına əlverişli qiymətlə mənzilə sahib olmasını təmin etməkdir. Güzəştli şərtlərlə verilən belə mənzillərin tikilməsi az və orta təminatlı ailələr üçün də böyük önəm kəsb edir.

Hazırda MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində çoxmənzilli binaların inşası sürətlə davam etdirilir.

Onlardan biri – 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi, 960 şagird yerlik 3 mərtəbəli ümumtəhsil məktəbinin binasının isə tikinti-quraşdırma işləri artıq tamamlanmaq üzrədir. Hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır.

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksində paralel olaraq 25 yaşayış binasının tikintisi, habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri həyata keçirilir.

Yaradılacaq ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-nin ikibloklu doqquzmərtəbəli, 12-nin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq. Yaşayış binalarından əlavə, ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Bir daha xatırlatmaq yerinə düşər ki, Mənzil İnşaatı Dövlət Agentliyi uyğun qiymətə mənzil təminatı layihələrinin hazırlanmasında əsas diqqəti aztəminatlı ailələrin mənzil ehtiyaclarının aradan qaldırılmasına yönəldəcək. Dövlətin güzəştli mənzil proqramı üç əsas güzəşt təqdim edir: birincisi – mənzilin yerləşməsindən asılı olaraq qiymətlər orta bazar qiymətindən aşağı olacaq, ikincisi isə Azərbaycan İpoteka Fondunun illik 4 faizlə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq, üçüncüsü – mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif ediləcək.

MİDA-nın direktoru Samir Nuriyev müsahibələrinin birində qeyd edib ki, hesablamalara görə, sosial ipoteka üzrə 30 illik krediti istifadə etməklə birotaqlı mənzil üçün aylıq ödəniş 130-150 manatı, ikiotaqlı mənzil üçün 200-250 manatı, üçotaqlı mənzil üçünsə 300-350 manatı keçməyəcək. Faktiki olaraq, kirayə qiymətini ötməyən məbləği ödəməklə, insanlar mənzil sahibi olmaq imkanı əldə edəcəklər.

Bütün bunlar həm də onu göstərir ki, agentliyin əsas fəaliyyət istiqaməti əhalinin sosial rifahının və mənzil təminatının yaxşılaşdırılmasına yönəlib.

Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən kompleksin ümumi sahəsi 11 hektardan çoxdur. Kompleksin tikintisi üçün seçilmiş məkanın əsas üstünlüklərindən biri onun paytaxtın əsas iş yeri mərkəzlərinə yaxın yerləşməsidir. Bununla yanaşı, ərazidə yaradılacaq yeni nəqliyyat infrastrukturunun Bakının mövcud yol və ictimai nəqliyyat şəbəkəsi ilə inteqrasiyası nəzərdə tutulur. Bu isə sakinlərin çox vaxt itirmədən istədikləri yerə çatmalarına imkan verəcək.

Ərazi həm də şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir. Yaxınlığında 5 hektaradək yaşıllıq zonasının olması onun ekoloji durumunu daha da yaxşılaşdırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş hədəflərə uyğun olaraq özəl tikinti-investisiya şirkətləri ilə əməkdaşlığa başlayıb.

Belə ki, Yasamal Yaşayış Kompleksinin inşasının reallaşdırılması çərçivəsində 3 yaşayış binasının tikintisi, habelə ərazidə rabitə internet və televiziya xətlərinin çəkilməsi ilə əlaqədar investorların cəlb edilməsi məqsədilə investisiya müsabiqələri keçirilib. Hər iki müsabiqə nəticəsində seçilmiş investorlarla təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 11 milyon manatdan artıq özəl investisiyanın cəlb olunması gözlənilir.

İnvestorun öz vəsaiti hesabına tikiləcək 3 binadan biri mənzillərini güzəştli şərtlərlə vətəndaşlara təklif etmək üçün “MİDA” MMC-yə təmənnasız olaraq təhvil veriləcək, digər 2 binanın mənzillərinin bazar qiymətinə satışı isə investor tərəfindən həyata keçiriləcək. İkinci investor tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılması təmin ediləcək.

Satışa çıxarılan mənzillər haqqında elan dərc olunduqdan sonra güzəştlə mənzil almaq hüququ olan və qeydiyyatdan keçmiş şəxs elektron sistem vasitəsilə mənzili ünvan əsasında otaq sayı və mərtəbə göstərilməklə seçərək əldə edə biləcək. Qaydaya əsasən, yalnız layihə üzrə tikinti işlərini 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Elan satışın başlanmasına ən azı 30 gün qalmış veriləcək.

Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan və Nazirlər Kabinetinin 2017-ci il 22 fevral tarixli Sərəncamı ilə “MİDA” MMC-yə ayrılmış 20 hektar torpaq sahəsini əhatə edəcək Hövsan Yaşayış Kompleksinin şəhərsalma əsaslandırılmasının (baş planın) hazırlanması işləri başa çatdırılıb, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.

Mənzil İnşaatı Dövlət Agentliyi isə öz növbəsində yaxın gələcəkdə bu amilləri nəzərə alaraq, investisiyaların cəlb olunması istiqamətində səylərini artıracaq, mənzil bazarının davamlı inkişafı üçün qarşıya uzunmüddətli məqsədlər qoyaraq, bölgələrdə də yaşayış mənzillərinin tikintisi ilə bağlı hədəfləri müəyyən edəcək.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın