Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Söküləcəyi deyilən ticarət mərkəzində son vəziyyət… – REPORTAJ, FOTOLAR

Söküləcəyi deyilən ticarət mərkəzində son vəziyyət… – REPORTAJ, FOTOLAR

Vaxtilə hər gün söküləcəyi, satıcıların başqa yerlərə köçürüləcəyi ilə bağlı xəbərlər yayılan “Velotrek” ticarət mərkəzi hazırda rəqiblərinə nisbətdə ən yaxşı işləyən yerlərdən biridir. 
Bir neçə il öncəyə qədər bura ilə bağlı müxtəlif şayələr yayılırdı. Ticarət obyektlərinin söküləcəyi, ərazidə yaşayış binasının olacağı kimi müxtəlif iddialar səslənirdi. Hətta bu şayələr sayəsində bəzi tacirlər buradan çıxıb, başqa ticarət mərkəzlərinə köçdülər.
Əslində prosesin belə davam etməsi səbəbsiz deyil. Avtovağzalın yerinin dəyişdirilməsi, alıcı sayının aşağı düşməsi, artıq tacirləri ciddi narahat edirdi. Həmin dövrlərdə buradakı tacirləri yeni avtovağzalın ticarət mərkəzinə çəkmək üçün onlara müxtəlif cəlbedici təkliflər edirdilər. İlk ayların icarə haqqının alınmaması, qiymətdə endirim və s. kimi…
Bu təkliflərə aldananlar hazırda orada işlədikləri üçün peşman olublar. Onların böyük hissəsi dükanlarını qapadıb, başqa yerlərə köçüblər. Vağzal rəhbərliyi ticarət mərkəzinin canlanması üçün piyada yolunu TM (ticarət mərkəzi -red) daxilindən etsə də, bu, fayda vermir. Vaxtilə “Velotrek” ticarət mərkəzindən oraya gedənlər artıq geri də qayıda bilmirlər. Çünki icarəyə götürməyə yer qalmayıb.
Musavat.com-un əməkdaşı adıçəkilən ticarət mərkəzində olub və müşahidə aparıb. Ticarət mərkəzinin çöl hissəsində yan-yana mağazalar var. Onların çoxu yenicə təmir edilib. Bu mağazalarda əsasən telefon satılır.
İçəri daxil oluruq. Buranı “Sədərək” və ya “Binə” ticarət mərkəzlərindən fərqləndirən bir şeyi yoxdur. Əksinə, qiymət və seçim baxımından onlardan geridə qalır. Əslində buraya bazar desək, daha düzgün olar. Çünki bura ticarət mərkəzindən daha çox bazara bənzəyir. Dükanların çox ya boşdur, ya da təmir gedir.
Buraya “yeni nəfəs” verilir. Pilləkənlərdən tutmuş, mağazalara qədər, işaqlandırmadan tutmuş, dükanların genişliyinə qədər hamısı yenilənir. Əvvəl burada sıxlıqdan şikayət edilirdisə, artıq bunun da qarşısı alınır. 4-5 kiçik mağazanı birləşdirib, tək, yekə bir obyektə çevirirlər. Buna görə də, ərazidə yer qalmayıb. Hamısı çoxdan icarəyə götürülüb.
Buraya tələbatın artma səbəbi alverin yaxşı olmasıdır. Metronun “20 Yanvar” stansiyasının ətrafı ən çox sıxlıq yaşanan iki yerdən biri olduğu üçün bura tacirlər üçün çox uyğundur.
Müştəriləri əsasən rayon camaatı olan tacirlər deyirlər ki, burada pul qazanmaq üçün satılası bir neçə şey var: “Telefon, Türkiyə istehsalı olan paltarlar, qab-qacaq kimi şeylərdən başqa burada heç nə satılmır. Əvvəlki vəziyyət deyil. Camaat böyük alış-veriş etmir, daha dəqiq desək, edə bilmir. Amma buna baxmayaraq buradan alver edənlər də az deyil”.
Qiymətlərlə maraqlandıq. Burada satılan istənilən mal “Sədərək” ticarət mərkəzində də satılır və nisbətən daha ucuzdur. Satıcılar qiymətlərlə bağlı bunları dedilər: “Buradakı alverçilərin böyük hissəsi malı “Binə” və “Sədərək”dən gətirir. Normal olaraq üstünə bir az da əlavə edib, satır. Eləsi də var ki, firmalarla işləyir və Çin malı satmır. Ona görə də, nisbətən bahalı görünə bilər”.
Vaxtilə buranın sökülməsi sərf edirdisə, indi deyəsən, vəziyyət əksinə olub. Artıq pul xərcləyib, “Velotrek” TM-ni təmir edirlər. Tacirlər yer götürmək üçün sıraya dayanıblar.
Böhran dövründə ticarətə böyük pul qoymaq riskli olsa da, tacirlər qazanclı olacağına əmindirlər: “Digər TM-lərdəki vəziyyət məlumdur. Alver “ölüb”. Çünki camaatda pul yoxdur. Biz illərdir ki, kasıb zümrə ilə işləmişik. İndi kasıblar bir az da kasıblaşıblar. Amma birtəhər yola vermək olur. Metroya, rayonlara işləyən taksilərə görə gələn-gedən var. Ona görə də dolanmaq olur”.
 





Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın