Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Media / Sistem zamanı ölən ananın ailəsi narazıdır- “O həkim işdən çıxarılmalıdır”

Sistem zamanı ölən ananın ailəsi narazıdır- “O həkim işdən çıxarılmalıdır”

Bir neçə ay öncə 21 yaşlı qızı vəfat edən ata həkimin cəzalandırılmasını tələb edir. Türkan qəsəbə sakini Gülmurad MirzəyevQafqazinfo”ya müraciətində bildirib ki, qızı 1994-cü il təvəllüdlü Günay Rəhmanova həkimin günahı ucbatından ölüb: “Yanvarın 14-də qızım Günayın oğlu olub. Həkim heç bir problem olmadan xəstəxanadan evə buraxıb. Həmin ayın 24-də bir də 26 saylı xəstəxanaya doğuş həkiminin yanına apardıq, müayinə olundu, yenə heç bir problem çıxmadı.

Yanvarın 29-da Günay azca soyuqlamışdı, boğazı ağrıyırdı. Onun həyat yoldaşı qəsəbədəki 17 saylı xəstəxanaya gedib ərazi üzrə həkim İlahə Sadıqovanı evə gətirib.

O da gəlib baxıb. Soruşduq ki, ana xəstədi, uşağa süd verə bilərmi? Çünki uşağa da keçə bilərdi. Dedi heç nə olmaz, süd versin. Sonra dedi ki, anaya müalicə lazımdır. Gəlin, mən müalicə edim. Yoldaşı deyib ki, sən uşaq həkimisən, ananı necə müalicə edə bilərsən. İlahə Sadıqova da “həkim, həkimdir də, sizin üçün nə fərqi var” deyib. Sonra resept yazıb qızımın yoldaşına verib, o da gedib aptekdən həmin dərmanları alıb gətirib. İçində dimedrol da olub, bunları qarışdırıb sistem düzəldib. Elə evdəcə qızıma sistemi qoşub, deyib yatsın, 3 saatdan sonra oyananda heç bir problemi qalmayacaq.

Dimedrol qızımı yatırdıb, yarım saat sonra uşaq ağlayıb. Mənim yoldaşım qızımı çağırıb ki, uşaq ağlayır, dursun. Neçə dəfə çağırıb Günay oyanmayıb. Sonra qızımın yoldaşına xəbər verib, təcili yardım çağırıblar. Qızım onda keçinibmiş. Təcili yardımın kəkimləri dedi ki, buna kim belə sistem qoyub?! Hər şeyi bir-birinə qatıb. İlahə Sadıqovanın özü də gəldi, dedi mən əlimdən gələni etmişəm.

Mərdəkanda ekspertizada dedilər ki, qızınız ona qoyulan sistemdən ölüb. Dərmanları düzgün qarışdırmayıb. Amma sonra rəsmi rəydə yazdılar ki, uşaqda ağciyər xəstəliyi və ürək çatışmazlığı olub. Amma fakt budur ki, qızım 9 ay Mərdəkanda 26 saylı poliklinikada nəzarət altında olub, tez-tez müayinə olunub. Heç bir problemi də olmayıb. Ağciyər xəstəliyi və ürək çatışmazlığı olan qadın doğuşa necə girə bilərdi?

Məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsində araşdırma aparılır.

İstintaq hələ başa çatmayıb, amma İlahə Sadıqova 2 ay fasilədən sonra yenə 17 saylı xəstəxanada işə başlayıb. Çünki onun əri də hansısa xəstəxanada baş həkimdir. Deyiblər onun 3 ay maaş almamasını nəzərə alıblar, bəs mənim qızımın ölümü nəzərə almırlar?! Heç olmasa o həkimi başqa yerə təyin etsinlər. Mənim gözümün qabağında olmasın. Onun ən azından ev şəraitində sistem qoyması qanunsuzdur. Həm də istintaq başa çatmayıb. Əgər bu işdə ədalət bərpa olunmazsa, mən ailə üzvlərimlə birgə Azərbaycan vətəndaşlığından imtina edəcəyəm”.

Günay Həmzəyevanın hamiləliyi zamanı həkimi olan Gülarə ŞeydayevaQafqazinfo”ya açıqlamasında bildirib ki, pasiyenti mütəmadi olaraq müayinə olunub: “Onun hamiliyi zamanı heç bir problemi olmayıb. Doğuşa da sağlam girib, sağlam çıxıb. Hətta evə buraxıldıqdan sonra qadın msələhətxanasının həkimləri evə gedib onu müayinə ediblər. Onun heç bir narahatlığı olmayıb. Hamiləlik vaxtı nə ağciyər xəstəliyi, nə də ürək çatışmazlığı problemi olub”.

17 saylı xəstəxananın baş həkimi Arzu Əlisatova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: “Həkim İlahə Sadıqova yanvarın 29-da yeni doğulmuş uşaq üçün xəstə yanına çağırılıb. Orada ananın vəziyyətini də görüb kömək edib, gəlib. Xəstəyə iynə vurub və sistem qoyub. Sonra həkimə zəng edib deyiblər ki, xəstə yatıb, oyanmır.

Xəstə Günay Mirzəyeva vəfat etdiyi gün həkim İlahə Sadıqova uşaq həkimi olduğu halda böyük adama iynə vurduğu üçün və ev şəraitində müalicə etdiyi üçün işdən kənarlaşdırılıb.

Ekspertizanın ilkin rəyində bildirilib ki, mərhumda inkişaf etmiş ağ ciyər pnevmaniyası və ürək çatışmazlığı olub. Ölümün səbəbi kimi də bu xəstəlik göstərilib.

Doğuşayardım komissiyasının qərarı ilə bu hadisə inzibati xəta kimi dəyərləndirilib, 3 aya yaxın maaş almaması da cəzanın ödənilməsi kimi qiymətləndirilib. Komissiyanın qərarı əsasında aprelin 7-də həkim İlahə Sadıqova işə bərpa olunub. Hazırda özü xəstəliyi ilə əlaqədar məzuniyyətdədir.

Mərhumun ailəsi isə həmin həkimin bu xəstəxanada işləməsini istəmir. Atası deyib ki, əgər həkim işə çıxsa, onun üçün pis olacaq. Biz də həkimin təhlükəsizliyi ilə bağlı Səhiyyə nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət etmişik. Məsələ ilə bağlı isə ekspertizanın yekun rəyini gözləyirik”.

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …

Bir cavab yazın