Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Media / Saytlara maliyyə yardımı jurnalistikaya nə verəcək? – Ekspertlər

Saytlara maliyyə yardımı jurnalistikaya nə verəcək? – Ekspertlər

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi mətbuata dəstək layihəsi elan edib.

Agentliyin məlumatına görə, müsabiqədə onlayn media subyektləri, qəzetlər və onların veb-saytları iştirak edə bilər. Müəyyən şərtlər altında keçirilən müsabiqədə media qurumlarına maliyyə yardımı göstəriləcək.

Bəs ekspertlər layihə barədə nə düşünür?

Media eksperti Zeynal Məmmədli Bakupost.az -a açıqlamasında deyib ki, mətbuata bu cür dəstək göstərilməsini düzgün hesab etmir:

“Bu dəstək əgər maddi nələrinsə ayrılmasından ibarətdirsə, mən bunu nəinki yetərli, heç düzgün də saymıram. Ona görə ki, ümumiyyətlə, mediaya, onlayn da daxil olmaqla, əgər dəstək vermək istəyiriksə, sərbəst reklam bazarıyla bağlı durumu düzəltməliyik. Burada kordinal, köklü dəyişikliklər lazımdır. İndiyə qədər media-reklam bazarının həcmini bilmirik. Əlbəttə, maliyyə lazımdır. Lakin media bu maliyyəni sərbəst bazardan qazanmalıdır. Media auditoriyası hesabına, xəbəri oxuyanların sayına görə qazanmalıdır ki, reklam verənlər bilsin, hansı media qurumuna reklam verdikdə daha çox qazana bilərlər. Belə layihələr isə medianı ələbaxımlığa alışdıracaq. Layihədə hansı nüansların nəzərdə tutulduğundan məlumatsızam, amma söhbətdə maliyyə də varsa, bu, yanlış yoldur. Bu, heç bir halda medianı inkişafa gətirib çıxarmayacaq. Eyni zamanda, onlayn medianın da inkişafına heç bir faydası olmayacaq. Əksinə, onlayn medianı yanlış yola salacaq”.

Teletənqidçi, filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli qeyd edib ki, müsabiqədə əsas yenilik onlayn KİV-lərə maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır:

“Bu barədə əvvəllər də söhbətlər var idi. Təbii ki, saytlar bu yardımı almaq intizarındadır və müsabiqədə iştirak edəcəklər. Hesab edirəm ki, burada qeyri-adi heç nə baş vermir. Yazılı mediaya göstərilən dəstəyin bu dəfə onlayn mediaya aid olan formasıdır. Mahiyyət ondan ibarətdir ki, bir vaxtlar qəzetlər KİVDF-dən dəstək almaq üçün onun şərtlərini qəbul edirdilər. Bu dəfə saytlar, onlayn media bu zəncirin həlqəsinə qoşularaq, dövlətdən dəstək almaq üçün müsabiqədə iştirak edəcək. Bunun yaxşı tərəfi onlayn medianın da dövlətdən yardım almağa başlamasıdır. Mənfi tərəfi isə KİVDF-nin ayırdığı yardımlar qəzetləri hansı səviyyədə saxladısa, yardım alan saytlar da bundan sonra həmin vəziyyətdə olacaq”.

Ekspertin fikrincə, layihənin şərtləri ağırdır: “Məsələn, gün ərzində 20 original xəbər tapıb vermək indiki şəraitdə çətindir. Yəni dövlət qurumları, agentliklər, başqa saytlara istinad verilənlər yox, yalnız saytın özünün istehsalı olan, axtarıb-tapdığı məlumatlar olmalıdır. İndi informasiya mənbələrinə çıxış əvvəlkindən çox çətindir. Xüsusən dövlət qurumları mediaya məlumat verməkdə meyilli deyillər. Onlar yalnız özlərinə lazım olan, daha çox PR xarakterli məlumatlar vermək istəyirlər”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bildirib ki, bu layihə hər il olub, sadəcə olaraq indi yeni formadadır:

“Daha çox üstünlük veb-saytlara verilir. Yəni qəzetin veb-saytı varsa, qəzetə pul verilir, veb-sayta da əlavə pul verilir. Burada qeyri-adi nəsə yoxdur. Sadəcə olaraq, şərtlər dəyişib. Müsabiqənin müsbət və ya mənfi olması ancaq işin gedişatından asılı olacaq. Hələlik bu, mətbuata dəstək üçün elan olunan bir layihədir”.

Həmçinin oxuyun

Siracın ata yurduna qovuşma sevinci… – VİDEO

Kəlbəcərdə maşının minaya düşməsi nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun Qubadlıya – ata yurduna …