Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Saraydan keçən avtobusa, saraylılar niyə minə bilmir? – PROBLEM

Saraydan keçən avtobusa, saraylılar niyə minə bilmir? – PROBLEM

Sumqayıtda dolan avtobuslar Sarayda saxlamır, düz keçir

“Minlərlə sakini olan, üstəlik, son illər ətrafındakı yeni yaşayış massivləri artan Saraydan Bakıya bircə avtobus xətti də yoxdur”.

Abşeron rayonunun Saray qəsəbəsinin sakinləri AzadlıqRadiosu-nun “Qaynar xətt”inə nəqliyyatdan şikayət yazıb göndəriblər. Sakinlər bildirirlər ki, qəsəbədən şəhərə avtobus xətti olmadığı üçün əziyyət çəkirlər.

ƏHALİ ARTIR, MARŞRUT XƏTTİ YOXDUR

Saraylıların rahat nəqliyyatdan istifadəsi sovet dönəminin başa çatmasıyla yoxa çıxıb. O vaxtlar qəsəbədən Bakıya bir neçə avtobus xətti varmış. Qəsəbə sakini Aslan Qədimov “Qaynar xətt”ə daha ətraflı danışır:

“O vaxt Saray kəndinin ərazisi indikindən bir neçə dəfə kiçik idi, əhalisinin sayı da indikindən qat-qat az idi. Ancaq Saraydan Bakıya 14, Saraydan Sumqayıta isə 13 saylı avtobus xətləri vardı. Torpaq ucuz, havası təmizdir deyə, sonralar hamı bura üz tutmağa başladı. Bakıda az adam tapılar ki, özü, ya ailə üzvü Saraydan torpaq almasın, yaxud ev tikməsin. Ancaq hökumət əhalinin artmasını nəzərə alıb Saraydan Bakıya ikicə marşrut xətti açmır”.

Sumqayıtdan gəlib Saraydan keçib Bakıya gedən iki avtobus xətti mövcuddur. Ancaq saraylılar bu avtobuslardan yararlana bilmirlər. Çünki səhər saatlarında Sumqayıtdaca dolan avtobuslar Sarayda saxlamır, düz keçir.

“1 MANATA APARAN TAKSİLƏR İNDİ 2 MANATA APARIR”

Saraylılar istəyirlər ki, qəsəbədən Bakıya birbaşa avtobus xətti açılsın. Saray sakini İbrahim Fətəliyev deyir, həm özü, həm də ailə üzvləri Bakıya taksi ilə gəlməyə məcburdur. Bu isə ailənin büdcəsinə zərərdir:

“Üç qızım tələbədir. Özüm də, yoldaşım da Bakıda işləyirik. Əvvəllər adambaşı 1 manata aparan taksilər indi 2 manata aparır. Hər səhər universitetə, işə gecikməmək üçün məcburuq ki, bu taksilərdən istifadə edək. Avtobuslar Sumqayıtda dolur gəlir, dayanacaqda toplaşan adamlar əsəbiləşir, burdan-bura da deyil ki, qapısından sallanıb gedəsən”.

Marşrut probleminin çözülməsindən ötrü Sarayda bir neçə dəfə imzatoplama keçirilib, sakinlər toplanan yüzlərlə imzanı Abşeron rayon İcra Hakimiyyətinə, Heydər Əliyev Fonduna, prezidentə göndəriblər. Ancaq bu imzalardan da kar aşmayıb.

“İCRA HAKİMİYYƏTİ AVTOBUS XƏTTİ AÇMIR AXI…”

Abşeron rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Saraydan Bakı Beynəlxalq Avtovağzalına avtobus xətti açılması üçün sakinlərin etdiyi müraciətləri uyğun qurumlara ötürüblər:

“İcra hakimiyyəti avtobus xətti açmır axı… Müraciət ediblər, məktublarını bu yaxınlaradək fəaliyyət göstərən Nəqliyyat Nazirliyinə də göndərmişik, başqa müvafiq qurumlara da… Yenə də diqqətimizdədir, bir də müraciət olunacaq. Orda Sovetdən sonra da avtobus xətləri fəaliyyətdə olub, sonradan sahibkarlar tərəfindən dayandırılıb. Saraylılar Sumqayıtdan gələn 501 və 503 saylı marşrut üzrə hərəkət edən avtobuslardan istifadə edirlər. Düzdür, nəqliyyat problemi var və çalışacağıq ki, həllini tapsın”.

Saraylılara, hələlik, ya Sumqayıtdan gəlib keçən avtobusu saxlatdırıb birtəhər yerləşmək, ya da ciblərinə zərər verib taksiylə gəlib getmək qalır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın