Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Şamaxının icra başçısından şəhid atasına hörmətsizlik: “Gəlin, özünüz baxın” – Mehriban Əliyevaya şikayət

Şamaxının icra başçısından şəhid atasına hörmətsizlik: “Gəlin, özünüz baxın” – Mehriban Əliyevaya şikayət

Azərbaycan ordusunun aprel döyüşlərində həlak olan əsgəri Elşən Səlim oğlu Səmədovun ailəsi çətin durumdadır.

Bu barədə şəhidin atası Səlim Səmədov məlumat verib.

Ailə birlikdə Şamaxının Göylər kəndində yaşayan şəhid atası hazırda evsiz olduqlarını, ev tikmək üçün təklif edilən torpaq sahəsinin isə işə yarasız olduğunu dilə gətirib: “Torpaq təklif edirlər, lakin kəndin ən ucqar nöqtəsində. Elə bir yerdir ki, uçurum qırağıdır. Su axır yanından. Şəhid ailəsinə layiq gördükləri torpaq sahəsini görüb şoka düşmüşük. İcra Hakimiyyətinə müraciət etdim. Dedim elə yerdən verin ki, heç olmazsa, normal şərait yarada bilək, haranı dedim bir bəhanə gətirdilər. Mən savadsız adamam, savadsızlığımdan istifadə edirlər”. 

S. Səmədov hazırda atasının evində qaldığını vurğulayıb:

“Mən ata evimdə qalıram. O da balaca qardaşımındır. Sabah-biri gün evdən çıxmalıyam. Onda mən məcbur olub gedib çadır qurub dağın başında yaşayacağam. Mənim balam bu torpaq uğrunda şəhid olub. Bu torpaqdan da onu böyüdüb, vətənə qurban verən ailəsinə bir yer düşmürsə, daha bizim deyəcək sözümüz yoxdur”. 

Şəhid atası Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edəcəyini vurğulayıb: “Mən əlacsız qalmışam. Prezident Administrasiyasına, Mehriban xanıma, Müdafiə Nazirliyinə müraciət edəcəyəm. Əminəm ki, məsələyə onlar müdaxilə eləsə, iş həllini tapar”. 

Şəhid atası media nümayəndələrini Şamaxıya dəvət edib: “Gəlin, özünüz baxın. Öz gözlərinizlə mənə təklif edilən torpaq sahəsini görün. Siz qərar verin, görün orada adam yaşayarmı? Əgər desəniz ki, hə, yaşayar, o zaman mən qəbul edəcəyəm, həmin yerdə yaşamağa razı olacağam”.

AzNews.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın