Bazar ertəsi , May 27 2019
Ana səhifə / Media / Salyanda kəndlərin qazı istixanalara verilir: Sakinlər narazıdırlar – FOTOLAR

Salyanda kəndlərin qazı istixanalara verilir: Sakinlər narazıdırlar – FOTOLAR

Qış mövsümü yaxınlaşdıqca vətəndaşları ən çox narahat edən problemlər yavaş-yavaş üzə çıxır. Bu problemlərin başında isə təbii ki, təbii qazla təminat  məsələsi durur. İstər Bakının ətraf qəsəbələrində, istərsə də bölgələrdə qış mövsümündə qazın verilməsi ilə bağlı problemlər yaşanır. Bəzi bölgələrdə isə hələ ki, qaz çəkilişi həyata keçirilməyib. 
Qazın olmadığı bölgələrin sırasında Salyanın bir neçə kəndinin də adı var. Qış mövsümünün başlamasına az bir vaxt qalsa da, rayonun Qaraçala qəsəbəsinin Çadırlı və Pambıqkənd kəndlərinə hələ də qaz çəkilməyib.
Ötən il sakinlərə gələn il – yəni 2015-ci ildə qazın veriləcəyi vəd edilsə də, bu vədə əməl olunmayıb. Musavat.com-a müraciət edən kənd sakinləri “Azəriqaz”ın və İcra Hakimiyyətinin bu il də onları qazsız qoyacaqlarından narahat olduqlarını bildiriblər.
Sakinlər deyirlər ki, 2014-cü ildə Salyanın bəzi yolətrafı kəndlərində, o cümlədən, Çadırlı kəndində evlərin bir hissəsinə qaz çəkilsə də, digərləri hələ də qazsız qalıb. Kənd əhalisi məsələ ilə bağlı “Azəriqaz”a bir neçə dəfə müraciət etsə də, nəticə əldə edilməyib.
Sonuncu dəfə bir neçə ay əvvəl kənd sakinləri “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismar İdarəsinə qış fəslinə kimi kəndə qaz verilməsi üçün müraciət ediblər. İdarədən isə bildirilib ki, kəndə qaz plan üzrə veriləcək.
Sakinlər deyirlər ki, kəndlərə qaz çəkilişi ötən il üçün nəzərdə tutulsa da, aidiyyatı qurumlar qazlaşmanı natamam aparıblar. Hazırda kəndin bir tərəfində qaz var, digər tərəfində isə yoxdur.
Kənd sakinləri iddia edirlər ki, kəndlərə verilməli olan qaz iş adamlarına məxsus olan və kəndin yaxınlığındakı istixanalara ötürülür. Həmin istixanalarda isə pomidor, xiyar yetişdirilir. Kənd sakinləri həmin istixanaların fotolarını da redaksiyamıza göndəriblər.
Məsələ ilə bağlı Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Kərəm Muradovla da əlaqə saxladıq.
Kərəm Muradov musavat.com-a açıqlamasında adıçəkilən kəndlərdə qaz probleminin olmasını təsdiqlədi. Lakin kəndlərdə qazlaşdırma işlərinin aparılacağını deyən K.Muradov artıq Çadırlı kəndinə qaz xəttinin çəkilişi üçün material gətirildiyini də bildirdi.
İcra başçısının müavini onu da əlavə etdi ki, bu işlər planlı şəkildə həyata keçirilir. Rayonun digər kəndləri kimi, Pambıqkənd və Çadırlı da qazlaşdırılacaq.
Kərəm Muradov kəndlərə verilməli olan qazın istixanalara verilməsi iddialarına isə Salyan Regional Qaz İstismar İdarəsinin cavab verə biləcəyini bildirdi.
Salyan Regional Qaz İstismar İdarəsi ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı.
Musavat.com










Həmçinin oxuyun

AzTV-də daha bir yenilik… – FOTO

Azərbaycan televiziyasında yeni və daha gözəl studiya qurulub. Kult.az xəbər verir ki, AzTV-nin sosial şəbəkə hesabında …

Bir cavab yazın