Çərşənbə axşamı , Avqust 4 2020
Ana səhifə / Media / Şahbaz Xuduoğlu Operativ Qərargaha müraciət etdi: “Necə olur ki, bərbərxanalar açılır, amma…”

Şahbaz Xuduoğlu Operativ Qərargaha müraciət etdi: “Necə olur ki, bərbərxanalar açılır, amma…”

“Türkiyədə kitab mağazaları növbəli şəkildə çalışdılar. Türkiyə Yayınçılar Birliyi “Pandemiya günlərində bölgələrdə kitab evlərinə dəstək olaq” şüarı ilə cəmiyyətə müraciət etdi. Dövlət kreditlər və yardımlarla kitab sektorunu əvvəlki halına qaytarmağa çalışır. Almaniyada Berlində kitab dükanları bağlanmadı. Elə ölkələr də oldu ki, hər şey sahibkarların ixtiyarına buraxıldı. Kim istədi işlədi, kim istədi işləmədi”.


Bu sözləri “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu musavat.com-a açıqlamasında deyib. O, sərt karantin rejimində kitab dükanlarının bağlanmasından narazı olduğunu dilə gətirib:

“Kitab mağazaları bağlanan ölkələrdə qısa müddət sonra mağazalar fəaliyyətini bərpa etdi. Dünyanın hər yerində müxtəlif formalarda kitaba dəstək olmağa çalışırlar. “COVİD-19” Azərbaycanda ilk kitabçılığı vurdu. Pandemiya dövründə kitab dükanları qapandı və hələ də işləyə bilmir. Kitab mağazaları yoluxma mənbəyi olacaq son yerdir, oradan təhlükə gəlməz. Bizdə gözəllik salonları, bərbərlər, şadlıq evləri, restoranlar kimi kitab mağazaları da bağlandı. Bu məsələyə həssaslıq göstərilmədi. Bundan yalnız kitab dükanları deyil, nəşriyyatlar, yazıçılar, həm də qara gündə evdə darıxan, iş tapmayan, karantin günlərini keçirməyə çalışan oxucular əziyyət çəkirlər. Biz də ona görə Operativ Qəraragaha müracət ünvanladıq ki, necə olur ki, bərbərxanalar açılır, amma kitab dükanları qapalı qalır? Bərbərxanalarda məsafə qorunmur, amma kitab mağazalarında qaydalara əməl edilir. Mən demirəm ki, bərbərxanalar işləməsin. Amma hansı parametrlərə əsasən bərbərxanalar işləyir, kitab mağazalar işləmir? Səbəb nədir? Hansı parametrlərə görə açıq havada olan restoranlar işləmir, amma gözəllik salonları çalışır? 
Xarici ölkələrdə bunun əksi baş verdi, birinci açıq havada olan kafeləri açdılar, ən sonda gözəllik salonları, bərbərxanalar açıldı. İlk olaraq kultural, mədəni sahələrə azadlıq verdilər. Operativ Qərargahın qərarları məni qane etmədi. Ona görə müraciət etdim. Ümid edirəm ki, avqustun 5-dən sonra vəziyyət dəyişəcək”.  

Ş. Xuduoğlu bildirib ki, Azərbaycanda onlayn təcrübəsi yoxdur. Bu da pandemiya dövründə kitab satışından gəlir qazandırmayıb:
“Bizdə nəşriyyatlar da, kitab dükanları da onlayn satışa keçməyə hazır deyil. Dükanlar online işləməyi hələ indi-indi qaydaya salmağa çalışır. Onlayn çatdırılma təzə formalaşmağa başlayıb. Biz də çalışırıq kitabları oxuculara çatdıraq. Lakin bununla böyük nəşriyyatı, onun mətbəəsini, redaksiyasını saxlamaq mümkün deyil. Dövlət tərəfindən də bizə kompensasiya ödənmir”.

Qeyd edək ki, bir müddət öncə Ş.Xuduoğlu Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmişdi. O, pandemiya dövründə kitab mağazalarınını işləməməsinə narazılığını vurğulamışdı.

Həmçinin oxuyun

Yol polisi jurnalistə qarşı kobud hərəkət etdi: “Bunu basın maşına aparın”

“Anadolu” agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimova qarşı kobudluq edilib.  Hadisə bu gün səhər saatlarında …