Ana səhifə / Media / Şadlıq evləri tənqidlərə məhəl qoymadı: israfçılıq davam edir

Şadlıq evləri tənqidlərə məhəl qoymadı: israfçılıq davam edir

Həm yas, həm də toy mərasimlərində süfrəyə verilən yeməklərin sayı, onların həddən artıq çoxluğu, nəticədə israfçılığa yol verilməsi halları bir müddət əvvəl ciddi ictimai müzakirə mövzusu olsa da yalnız yas mərasimləri ilə bağlı rəsmi səviyyədə tədbirlər görüldü.

Toyların vəziyyəti isə mətbuat köşələrində elə müzakirə səviyyəsində də qaldı. Toy mərasimləri ilə bağlı tənqidlər səslənəndə əsasən şadlıq salonlarında akustikanın normal olmaması, əlavə xərc tələb edən bir neçə lazımsız detallar da irad tutulurdu. Amma əsas tənqid hədəfi süfrəyə həddən çox çeşiddə yeməyin verilməsi və bunun həm sağlamlığa, həm də toy sahibinin büdcəsinə təsiri məsələsi idi. Bu müzakirələr təkcə ekspert rəyləri səviyyəsində deyildi. Məsələyə ziyalılarla və ictimai fəallarla yanaşı ayrı-ayrı dövlət məmurları, deputatlar da münasibət bildirmişdilər.

Rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzeti isə mövzuya irihəcmli və kifayət qədər sərt tənqidi məqalə həsr etmişdi. İsrafçılıq, toylardakı ifrat bahalıq, şadlıq evlərinin özbaşınalıq həddinə çatan şərtləri həmin yazıda tənqid olunmuşdu. Bəs həmin o tənqidlərin nəticəsi oldumu? Şadlıq evləri xidmət siyasətini dəyişdimi? Digər tərəfdən, bu yeməklər şadlıq evləri tərəfindən məcburi qaydada verilir, yoxsa toy sahibləri həmin menyunu özləri istəyir? İsrafçılığın qarşısını almaq üçün menyuya dəyişiklik etmək, yemək çeşidlərini azaltmaq necə, mümkündürmü?

Virtualaz.org saytı bu suallarla bir neçə şadlıq evinə müraciət edib.

“Movida Plaza” şadlıq sarayından bildirdilər ki, menyu üçün tələb olunan qiyməti konkret demək olmaz, çünki menyu tərkibinə əsasən dəyişir, amma menyu üçün ödənilən məbləğə bir çox xidmət daxil edilir: “Menyuda hər yemək var, kranla çəkiliş, musiqi, tort, Rəşad İlyasov, Nisə Qasımova kimi müğənnilərin iştirakı, bar xidməti, dəvətnamə bu ödənişə daxildir. Toy sahiblərini nəzərə alırıq, onlarla məsləhətləşirik, hansı dəyişiklikləri etsələr, ona əsasən də qiyməti müəyyənləşdiririk”.

“Ay işığı” restoranının nümayəndəsi ilə söhbətimizdə menyuda dəyişikliyin mümkün olub-olmayacağını soruşanda bildirdilər ki, masanın üstü boş qala bilməz. Bunu da restoranın imici ilə izah etdilər: “Dəyişikliklər etmək olar, məsələn, müştəri dana basdırması yox, buğlama istəyə bilər. Amma stolda cəmi bir, ya da iki çeşiddə salatın olmasına yol vermirik. Yaxud da yeməklərin sayını azaltmaq olmaz. Bu, heç bir şadlıq evində yoxdur. Menyu üçün qiymət 60-100 manat arasında dəyişir”. Restoranın başqa bir “olmaz”ı isə fotoqrafdır. Belə ki, restoranın özünün peşəkar fotoqrafının olduğunu əsas gətirən şadlıq evi nümayəndəsi kənardan başqa fotoqraf gətirib bütün çəkilişi onun öhdəsinə buraxmağın mümkün olmadığını bildirdi: “Əslində kənardan gətirməyə ehtiyac yoxdur, bizim peşəkar fotoqraf və dizayner heyətimiz var. Albom da hazırlanır, fotosesiya da edilir, amma bunun üçün menyudan əlavə ödəniş edilir. Menyu üçün ödənilən pula kranla çəkiliş, tort, qarşılanma, musiqiçilər daxildir”.

“Kolizey” şadlıq sarayından da bildirdilər ki, qiymətlər menyuya görə dəyişir: “35, 40, 50 manata menyular var. Bura hər şey daxildir – musiqi, müğənni, bəy-gəlin maşını, atəşfəşanlıq və s.”. Menyuda hansısa yeməyi azaltmağa gəlincə isə restoranın nümayəndəsi bildirdi ki, müştərinin istəyindən asılı olaraq hər şey mümkündür.

“Hollywood” şadlıq evində də eyni cavabı eşitdik ki, müştərinin istədiyi təqdirdə menyuda dəyişiklik etmək mümkündür: “Qiymətlər 120-150 manat arasında dəyişir, amma foto və videoçəkiliş, musiqi həmin ödənişə daxil deyil. Onlar üçün əlavə pul ödənməlidir. Yemək çeşidlərinə dəyişikliyə gəlincə isə müştəri nə istəsə, onu etmək mümkündür”.

“Niaqara” şadlıq evinin nümayəndəsi menyunun qiymətinin 60 manatdan başladığını, amma müştərinin menyunun tərkibinə dəyişiklik edə biləcəyini vurğuladı. Göründüyü kimi, menyunu maksimum azaltmaq imkanı verən kifayət qədər və hər qiymətə şadlıq sarayı tapmaq mümkündür, bundan sonrası isə toy edənin öhdəsindədir. Nəzərə alsaq ki Azərbaycanda toydan “filankəsin toyundan ac qayıtdım, yeməyə heç nə yox idi”, “o nə toy süfrəsi idi” və s. bu qəbildən fikirlər səsləndirənlər və bu fikirlərə ciddi önəm verən ailələr kifayət qədər çoxdur, deməli, günahı ancaq şadlıq evlərində axtarmaq ədalətsizlik olar. Qısası, toy sahibləri özü də sadə toy masası açmaqda maraqlı deyil. Söz yox ki, bununla şadlıq evlərinin də əl-üzünü yumuruq. Bəla burasındadır ki, bu vəziyyəti toy sahibləri ilə şadlıq evləri əl-ələ verərək birgə yaradıblar.

Bəs ekspertlər nə düşünür? Toyda masada tökülüb qalan artıq yeməklərə, israfçılığa qarşı nə etmək lazımdır? Bununla bağlı ictimai qınaq yaratmaq mümkündürmü, yoxsa yenə inzibati müdaxilə lazımdır? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov virtualaz.org saytına açıqlamasında bildirdi ki, həm şadlıq evi sahibləri, həm də toy edənlər günahkardır:

“Şadlıq evləri ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şadlıq evləri ilə bağlı standartı hazırlandı və bir çox tələblər qoyuldu. Səhiyyə Nazirliyi də bu sahədə işlər apardı. Amma şadlıq evləri yenə də istədiyini eləyir, onlar öz şərtlərini diqtə edirlər. İstehlakçının, sifarişçinin seçim hüququ var. Məsələn, mən öz oğluma toy edəndə toyda plovun verilməsi, musiqinin səsini aşağı salınması üçün çox əziyyət çəkmişəm. Şadlıq evlərinin bütün məqsədi odur ki, qonaqlar tez yorulsun, toyu tez tərk etsin və yeməklər artıq qalsın”. Toy sahiblərinə gəlincə isə E.Hüseynov deyir ki, onların toy adətinə yanaşması dəyişməlidir: “Azərbaycanlılar doğulandan etibarən o xəyalla yaşayır ki övladıma, nəvəmə toy edim. Özlərini düşünmürlər, bu günlə yaşamırlar. Ona görə də bu təfəkkür dəyişmədikcə şadlıq evləri öz istədiklərini etməyə davam edəcək. Təklif edirəm ki, insanlar çadır toylarına keçsin, orada mətbəx qurulsun, onda şadlıq evləri tamamilə başqa sistemdə işləyəcək. Şadlıq evləri özləri də elə təbliğat aparıb, insanlarda belə təsəvvür yaranıb ki, toy masasının üstü dolu olmalıdır. Bu münasibət dəyişməlidir”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın