Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Sabunçuda “yaddan çıxmış, yiyəsiz ərazi” – ŞİKAYƏT VAR- FOTO
OLYMPUS DIGITAL CAMERA

Sabunçuda “yaddan çıxmış, yiyəsiz ərazi” – ŞİKAYƏT VAR- FOTO

Son bir-iki il ərzində Sabunçu rayonu ərazisində xeyli abadlıq işləri həyata keçirilsə də, bunların əsasən mərkəzi ərazilərdə olmaqla daha çox görüntü yaratmaq məqsədi daşıdığını söyləmək olar.

Bu fikirlər Sabunçu rayonunun Sabunçu qəsəbəsinin sakinlərinin Modern.az-a ünvanladıqları şikayət məktubunda səslənir. Sakinlərin sözlərinə görə, artıq uzun illərdir onların yaşadıqları Sabunçu qəsəbəsinin Sultanməcid Əfəndiyev, Xurşudbanu Nətavən, Qambay Vəzirov, Zevin və digər daxili yolları olduqca yararsız və bərbad haldadır. Qışda palçıq, yayda isə toz-torpaq, ümumiyyətlə isə dəhşətli çökəklər bu yolları keçilməz edir. Məhz yolların vəziyyəti əraziyə işləyən 62T saylı yeganə avtobus xəttinin 4 il bundan əvvəl bağlanmasına səbəb olub. Sakinlər əsas yola çıxmaq üçün hər gün 1 km piyada yol qət etməli olurlar.

Qeyd edək ki, ərazidə yaşayan 4-5 min əhalinin bir hissəsi 1993-cü ildən kompakt halda burada məskunlaşan 100-dən çox məcburi köçkün ailəsdir.

Yolların vəziyyəti sakinlərin avtomobillərinə hər gün böyük maddi zərərlər vurur. Bu ərazilərə gələn qonaq avtomobillər bura gəlmələrinə peşman olurlar, kənar taksilər isə yalnız bir dəfə gəlirlər. İkinci dəfə heç bir taksi təkrar bu əraziyə gəlmək istəmir. Həmçinin yollar təcili tibbi yardım və yanğınsöndürmə maşınlarının əraziyə 5 dəqiqəlik gəlişinin 15-20 dəqiqəyə qədər uzanmasına səbəb olur.

2008-ci ildən başlayaraq dəfələrlə müvafiq dövlət qurumlarına- Sabunçu rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə, “Azəryolservis” ASC-yə, hətta Prezident Aparatına sakinlər adından onlarla məktub və şikayət ərizələrinin göndərilməsinə baxmayaraq, dəfələrlə TV kanallarda sakinlərin müraciəti ilə ərazilə bağlı süjetlərin hazırlanıb efirə verilməsinə baxmayaraq, hələ də heç bir tədbir görülməyib. Rəsmi cavablar isə yalnız bundan ibarət olub ki, məsələ Dövlət Proqramına salınıb, növbəli şəkildə həll ediləcək. Lakin ilk belə cavabdan sonra artıq 3 Dövlət Proqramı icra edilib. Lakin elə də böyük hesab edilməyən bu problemin indəyədək həll edilməməsi onu göstərir ki, ya müraciətlərə cavab verən səlahiyyətli şəxslər problemin həll olunacağını söz verməklə rəsmi qaydada yalan mövqe bildirirlər, ya da birbaşa korrupsiya halına yol verirlər. Çünki hər dəfə Dövlət Proqramının lazımı səviyyədə icra edilməsi ilə bağlı Prezidentə məruzə edilir.

Sakinlərin sözlərinə görə, təxminən 3 il bundan əvvəl Sabunçu rayonun icra hakimiyyətinin başçısı dəyişdikdə xeyli ümidləniblər. Yeni icra başçısı ilk növbədə rayon mərkəzinin abadlaşdırılmasına başlayarkən sakinlər icra hakimiyyətinin cəmi 4-5 km-liyində, Avropa oyunlarının keçirildiyi Olimpiya stadionunun 2-3 km-liyində olan, Heydər Əliyev prospektinin isə cəmi 100 metrliyindən başlayan sözügedən ərazini də yada salmaq üçün növbəti dəfə müraciət ediblər. Lakin yeni icra başçısı Adil Vəliyev də sakinlərin dadına çatmayıb.

Əvvəldən biznesmen kimi tanınan Adil Vəliyevin əsasən icra hakimiyyətinin binası və onun ətrafının tikinti və bərpasına, əraziyə gələn yolları təmir edilməsinə diqqət yetirməsi, rayon ərazisində milyonlarla manat maya dəyəri olan özünə məxsus yeni yaşayış binaları və kommersiya obyektləri tikdirməsinə rəğmən 4-5 min sakinin probleminin həllinə bəs edəcək 20-30 min manatın ayrılmaması həqiqətən də təəccüblü və utandırıcıdır.

Bütün bunları nəzərə aldıqda, sakinlərin öz yaşadıqları ərazini “yaddan çıxmış, yiyəsiz ərazi” adlandırmalarını başa düşmək olar.

 

 

 

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın