Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Sabunçu bazarı” yanğından sonra xarabalığa çevrilib

“Sabunçu bazarı” yanğından sonra xarabalığa çevrilib

Satıcılara hələlik onlara kompensasiya ödənmədiyini deyirlər

Avqustun 7-də Bakının Sabunçu rayonunda “Sabunçu bazarı”ında yanğın baş verdi. Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı rəsmi açıqlamada bildirilir ki, hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb. Yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Ötən gün hadisə baş verən bazarda olub və yanğından sonrakı ümumi vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, yanğından artıq iki gün vaxt keçməsinə baxmayaraq hələ də zərər görmüş obyektlərin ətrafı yanmış əşyalardan təmizlənməyib. Obyektlər yararsız vəziyyətdə idi. Sahiblərinin isə bazara gəlmədiklərini söylədilər.

Öyrəndik ki, yanğın nəticəsində bir qab-qacaq satılan mağaza tamamilə yanaraq külə dönüb. Həmin mağazadan yalnız malların 20 faizini xilas etmək mümkün olub ki, onlar da hisə batdığı üçün yararsız vəziyyətə düşüb. Qab-qacaq satılan mağazanın yanında olan kiçik kafe tam yanmasa da pəncərəsi və bəzi əşyaları, o cümlədən bir hissəsinin yanar konstruksiyaları yararsız vəziyyətə düşüb. Kafe və mağazaya dam örtüyü vasitəsilə birləşən gözəllik salonu da demək olar ki, tam yararsız hala düşüb. Gözəllik salonuna bitişik digər mağaza da yanıb ki, onun qapısı dəmir qoruyucu ilə bağlandığı üçün içərisini görə bilmədik. Lakin ətrafdakı satıcılar söylədilər ki, bu mağazanın da içərisində xeyli mal yanıb. Maraqlı məqam ondan ibarətdir ki, gözəllik salonu ilə kafenin arasında qalan bərbərxanaya heç bir zərər dəyməyib. Bərbərxananın yalnız dam örtüyü yararsız vəziyyətə düşüb ki, bunun da yanğınsöndürənlər tərəfindən edildiyini öyrəndik. Bərbərxana sahibi bildirdi ki, yanğını söndürən zaman FHN-nin əməkdaşları dam örtüyünün üzərində gəzdikləri üçün şiferlər sınaraq yararsız hala düşüb.

Satıcı Kərim Qasımov yanğınla bağlı bildirdi: “Hadisə gecə saat 23:00-da başlayıb. Həmin vaxt bazarda satıcılar və alıcılar olmur. Yalnız mühafizəçilər burada olurlar. Yanğın baş verən kimi dərhal Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng vuruldu. Az sonra yanğınsöndürən maşınlar hadisə yerinə gəldilər. Daha sonra isə qısa bir vaxtda yanğın söndürüldü. Onlar bir az yubansaydılar bazarın ətraf ərazilərində bir dənə mağaza qalmayacaqdı. Çünki həm hava isti idi, həm də bütün mağazalar taxtadan və digər bu kimi yanar konstruksiyalardan tikilib”.

Satıcıların sözlərinə görə, yanğın hadisəsi qab-qacaq mağazasından başlayıb. Tez bir zamanda alışan mağazadakı əşyalar tamamilə yararsız hala düşüb:

“Mağazada bütün mallar yanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mağaza sahiblərini içəri buraxmadılar. Dedilər ki, səhəri günü gəlib, hesablama aparacağıq. Deyilənə görə mağazanın naqillərində qısaqapanma baş verib. Elə hadisəyə də səbəb bu olub. İçəridə deyilənə görə 20-30 min manatlıq mal olub. Hələ ki, konkret olaraq dəymiş zərər hesablanmayıb. Gözəllik salonuna da ciddi zərər dəyib. Oradakı bütün avadanlıqlar, əşyalar yanaraq külə dönüb. Bundan başqa içəridə 150 manat pul da olub ki, o da hadisə zamanı yanıb”.

Satıcılar onu da qeyd etdilər ki, dəymiş zərərin müqabilində mağaza sahiblərinə hər hansı bir kompensasiya ödənilməyib. Bildirilib ki, hələ siyahılaşdırma işləri aparılacaq, müvafiq tədbirlər görüləcək. Yalnız bundan sonra kompensasiya barəsində onlara fikir bildirəcəklər.

Öyrəndik ki, yaxın günlərdə yanan mağazaların təmiri işlərinə başlanılacaq. Lakin hələ ki, yuxarıda da qeyd etdiyimiz kimi təmir bir yana, yanan avadanlıqlar belə ərazidən təmizlənməyib. Ümumiyyətlə, ərazidə bu məsələ ilə bağlı heç bir iş aparılmır. Obyektlərin qapıları plastik və taxtadan olduğu üçün yanğından sonra açıq qalıb. Bazarın digər hissələrində isə həyat öz axarı ilə davam edir.

 

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın