Bazar , Oktyabr 25 2020
Ana səhifə / Gündəm / “Saatlının icra başçısı mənəviyyatı saf olan adamlarla işləmək istəmir”- ŞİKAYƏT

“Saatlının icra başçısı mənəviyyatı saf olan adamlarla işləmək istəmir”- ŞİKAYƏT

Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə

I məktub

Hörmətli Ramiz müəllim!

Cənab Prezidentin, Ali Baş Komandanın apardığı uğurlu daxili və xarici siyasət, Azərbaycanın dünya ölkəri sırasında layiqli yer tutması, xalqımızın maddi rufah halının yüksəldilməsi üçün günbəgün qəbul edilən və həyata keçirilən qərarlar bir ziyalı, ehtiyatda olan zabit və həmçinin, dördüncü hakimiyyətin nümayəndəsi-jurnalist kimi məni çox sevindirir. Öncədən deyim ki, Vətənimi, xalqımı, dövlətimi, dilimi sevən, yaşadığım ölkənin qanunlarına hörmətlə yanaşan bir insanam və məni Sizə müraciət etməyə vadar edən ən əsaslı səbəb doğulub boy-başa çatdığım Saatlı rayonu və bu rayonda baş verənlər barədə Sizi və cənab Prezidenti məlumatlandırmaqdır.

Ölkəmizin inkişafı ilə müqayisədə Saatlı rayonu tənəzzül günlərini yaşayır. Rayonda məmur özbaşınalığı sadə xalqı hiddətləndirib, özbaşına məmurların sayı az olsa da, məmur özbaşınalığı tüğyan edir. Rayon rəhbərliyi əksər dövlət sturukturlarının, xüsusilə İcar aparatının funksiyasını heçə endirib, özəl sektorlara hər addımda divan tutur.
İcra başçısı, rayon polis şöbəsinin rəisi və Yeni Azərbaycan Partiyası Saatlı rayon şöbəsinin sədri! Bu koalisya rayonun əhalisində dövlətə, dövlətçiliyə, Vətənə, cəmiyyətə və insanlığa olan sədaqətlilik hisslərini tamailə məhv etmək üzrədir. Rayon rəhbərliyi tərəfindən adamların təhqir edilməsi, icra başçısının sadə insanların qəbulu zamanı söyüşlərin, təhqirlərin müraciət edənin xahişinə əməl edilməsindən daha çox yer alması, haqq və hüququnu tələb edənlərin polislə qorxudulması adi bir hala çevrilib.

Rayonun bütün kəndlərinin icra nümayəndələri, bələdiyyələri müflis hala salınıb. Elə bir icra nüməyəndəsi yoxdur ki, faizli borcun içində üzməsin. Kənd bələdiyyələri yalnız subsidiyalar veriləndən – verilənə yada düşür.  İcra başçısının yaratdığı rejim heç bir strukturun sərbəst fəaliyyət göstərməsinə imkan vermir. İcra aparatının 40-a yaxın əməkdaşının nə işlə məşğul olduğunu heç kim bilmir, çünki onların bütün səlahiyyətləri əllərindən alınıb. Saatlı rayonuna səkkiz ildir ki, rəhbərlik edən icra başçısı Siraqəddin Cabbarov hakimiyyətinin ilk illərində az – çox iş görsə də, digər zərərli vərdişləriylə rayona daha çox ziyan vurub. Rayon infrastrukturuna sərf olunan məbləğlər həddindən artıq şişirdilib. Təkcə rayon daxili yollarının abadlaşdırılması üçün Prezident tərəfindən ayrılan vəsaitin 35-40 faizi mənimsənilib. Hörmətli Prezidentimiz müşavirədə çox düzgün qeyd etmişdir ki, rayonlara abadlıq üçün ayrılan vəsait təyinat yerinə çatmamış yoxa çıxır. Və belə neqativ hallar barədə ona məlymat verilməsini söyləmişdir. Saatlının Qarayevkənd, Smadakənd yolunda inşa edilməli olan 12 hidrotexniki qurğudan(yəni suötürücü) yalnız bir neçəsi tikilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin yolun açılışına gələrkən ona yalan məlumat verilib. Əslində həmin vaxt yolun əsas hissəsi istismara hazır deyildi. Hörmətli Prezidenti Qarayevkənd kəndinin girəcəyində qarşılayıb yalan informasiya verərək, olmayan yolun açılışı üçün qırmızı lent kəsdirmək nə dərəcədə doğrudur?! Hələ Saatlı-Məmmədabad, Fətəlikənd – Azadkənd, yenə Qarayevkənd- Smadakənd, Saatlı-Heydərabad yollarının çəkilişində olan mənimsəmələri kmi ayağına yazacağıq?! Saatlı-Azadkənd yolunun üç kilometrə yaxın hissəsinin əsas qatı (üst qatı) vurulmayıb. Bu yolda və digər yollarda da hidrotexniki qurğular layihəyə uyğun tikilməyib və çox güclü ixtisarlar edilib. Son illər Prezidentimizin ayırdığı vəsait hesabına çəkilmiş bütün yollarda şossenin qanad hissələri nədənsə unudulub. Bilmirəm, Siraqəddin müəllimə bəlkə də uşaqlıqda toyuğun qanadlarını çox yediriblər, bəlkə də ona görədir! Amma etiraf edək ki, qanad da qanaddır! Bu yolların qanadlarının nə boyda vəsait olmasını mütəxəssislər yaxşı bilir!

siraqeddinİcra başçısının yeyinti mənbələrindən biri şəhərdaxili abadlaşdırmadan və ağacəkmə kompaniyasından olmuşdur. Bir dəfə yazmışam, əgər Siraqəddin müəllimin İrandan bir tümənə alıb min tümənə “oformut” etdirdiyi ağacları Saatlıda əksəydilər, yəqin ki, Saatlı Sibir meşələrini xatırladardı. Saatlı şəhərinin meri Nəsir Qədirov hər rübdə nə qədər “yalançı” akta qol çəkir, bir Allah bilir! Amma öyrəndiyimizə görə o boyda göldən ona yalnız bir mürəkkəbqabılıq haqq verilir.

Hörmətli Ramiz müəllim! İcra başçısı S.Cabbarov artıq Saatlını mənəviyyatsiz bir regiona döndərib. Onun əməlləri bütün rayon sakinlərini, hətta əksər vəzifə sahiblərini də cana gətirib. Bu insanın dili düzə işləmir. Yalan vədlər, adamların aldadılması, şər-böhtançıların, bəzi hallarda haqqını tələb edənlərin ağzının pulla yumulması halları o qədər artıb ki, düzəlməz hala gəlib çatıb. İcra başçısı mənəviyyatı saf olan adamlarla işləmək istəmir. Başçının qəbul günləri (hər həftənin üçüncü günü) hər dəfə eyni adamlar qəbula gəlir. İnsanların ona və icra aparatına inamı və güvəni yoxdur. İnsanlar Ulu Öndərin memarı, qurucusu olduğu Azərbaycan dövlətinin belə məmurlar tərəfindən kərpic-kərpic sökülməsinin şahidinə çevrilirlər. Saatlı rayonunun mərkəzi bombalanmış, əhalisi didərgin düşmüş Suriya əyalətini xatırladır. Adi iş günlərində mərkəzdə və icra hakimiyyəti binasının qarşısında tək-tək adamlar gözə dəysə də, şənbə-bazar günləri bunlar da olmur. Ziyalılar rayonda baş verənləri yalnız axşamdan-axşama televizyadan eşidə bilirlər. Mədəni-kütləvi tədbirlər keçirilmir. Olanda da elə candərdi keçirilir ki,.. Məsələn, ilin əvvəlində yeni il bayramı ərəfəsində icra hakimiyyəti binasının qarşısında ucaldılmış yolkanın ətrafında kimsəni görməzdiniz! Qonşu Sabirabadla müqayisədə , yəqin ki, biz uzun illər geridə qalmışıq. Rayonun “Dönüş” qəzeti ayda, 40 gündə bir dəfə çıxır. Vəsaitin olmaması üzündən əməkdaşlar aylarla əmək haqqı ala bilmirlər.

Bir sözlə, Saatlıda həyat sönüb! Elə rayonun əhalisində də həyata olan eşqi sönüb. Mən deməzdim ki, Saatlıda insanların həyata olan eşqini təkcə icra başçısı söndürüb! Təəssüf ki, rayonda bu sönüklüyü arzulayanlar da çox olub həmin çoxlar qaranlıqda , həyat eşqi sönmüş əyalətdə daha yaxşı fəaliyyət göstərməyə meyllidirlər.

(Ardı var)

Əliağa Qurbanov

Saatlı Rayon Veteranlar Təşkilatının
sədri, Qarabağ müharibəsi veteranı ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvi

AzToday.az

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın