Şənbə , May 25 2019
Ana səhifə / Media / Saatlı sakini rayonun icra başçısından şikayət edir

Saatlı sakini rayonun icra başçısından şikayət edir

Kür çayındakı daşqınları zamanı ziyan çəkən ailələrdən biri də Saatlı rayonu Novruzlu kənd sakini Mirabad Rzayevin ailəsi olub. 2010-cu ildə Kür daşqınları zamanı evini su basan ailəni Novruzlu kəndində tikilən yeni qəsəbəyə köçürüblər.
Mirabad Rzayev “Yeni Müsavat”a şikayət edərək bildirir ki, onlara ev verilsə də, əlavə torpaq sahəsi ayrılmayıb: “Bizə ev tikdilər, iki oğlum olsa da, bir ev verdilər. İcra başçısı demişdi ki, evləri təsərrüfat sayına görə tikəcəyəm. Kimin neçə oğlu var idisə, o qədər ev verdilər. Bəzilərinə 4 ev tikdilər, bizə isə bir  ev, kimisinə isə ümumiyyətlə vermədilər. Kənddə belədir ki, hər kəs öz həyətyanı sahəsində ev tikib, övladını evləndirir. Bizim də su basan köhnə Novruzluda geniş torpaq sahəmiz var idi. İndi isə yeni tikilən evimizin həyətində elə bir boş yer yoxdur. Bir oğlum evlidir və ailəsi, uşaqları ilə bizim yanımızda qalır. Digər oğlum isə nişanlıdır, ev tikib, onu evləndirə bilmirəm. Hazırda qaldığımız ev isə 72 kvadratmetrdir. Burada 3 ailənin yaşaması mümkün deyil. İndi mən dəfələrlə icra başçısına yazıb, torpaq istəmişəm. Lakin torpaq vermirlər ki, ev tikəm. Su basan kənddə isə yaşayış yoxdur, oradakı qəzalı vəziyyətdə olan evləri təsərrüfat məqsədləri üçün istifadə edirik”.
Mirabad Rzayev deyir ki, nəsillikcə bu vətən uğurunda can qoyublar, indi isə onlara biganə münasibət göstərilir: “Əmim oğlu Ağdam uğrunda müharibədə itkin düşüb, bacım oğlu Saatlı rayonunda müharibə veteranıdır. Mənim 56 yaşım var, iki oğul böyütmüşəm, hər ikisini hərbi xidmətə yola salmışam, illərlə vətənə xidmət ediblər. İndi yeni salınan qəsəbədə boş torpaqlar var, lakin bizə o torpaqdan vermirlər. Mənim oğlum 4 ildir ki, nişanlıdır, ona ev tikmək istəyirəm. Bizə başqa qəsəbədən torpaq təklif edirlər. Öz qəsəbəmizdə boş yerlər olduğu halda niyə oğlumu uzağa göndərməliyəm?”
Şikayətçinin sözlərinə görə, Saatlı rayonu icra başçısı Siraqəddin Cabbarov və müavini İlham Quliyev onun müraciətlərinə cavan verməyib: “Soruşuram ki, buradakı boş torpaqlardan niyə vermirsiniz? Halbuki, qəsəbədə 12 sotdan hesablasaq, 15 ev üçün boş yer var. Əvvəllər deyirdilər ki, burada evlər tikilib, sizə veriləcək. İndi isə deyirlər ki, burada bina tikiləcək, dövlət ehtiyacları üçün istifadə olunacaq, heç kimə torpaq verilməyəcək”.
Mirabad Rzayev bu məsələ ilə bağlı 2013-2014-cü illərdə Saatlı rayonuna səfər edən bir çox nazirlərin – mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, gənclər və idman naziri Azad Rəhimovun, fövqəladə hallar nazirinin 3 müavininin, Saatlı rayonundan olan deputatı Əhliman Əmiraslanovun görüşündə olub və probleminin həllinə kömək istəyib: “Hamısı da dedilər ki, icra başçısından xahiş edəcəyik, bu barədə sənə kömək etsin. Ancaq nəticə olmadı”.
İcra başçısına olan müraciətlərə gəlincə, Mirabad Rzayev deyir ki, “Yazdığım ərizələri həyata keçirməkdən şifahi şəkildə imtina etsələr də, bizə rəsmi cavab vermirlər. İndi məsələni mətbuat vasitəsilə ictimailəşdirmək istəyirəm ki, bəlkə bir nəticəsi oldu. Tək istəyim odur ki, mənə 12 sot torpaq versinlər”.

Həmçinin oxuyun

Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib.“Report” xəbər verir …

Bir cavab yazın