AzNews.az həmin səfərlə bağlı “Yeni Çağ” internet portalının Baş redaktoru Aqil Ələsgərdən müsahibə alıb.

– Cənab Ələsgər, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım artıq Azərbaycandadır. Müzakirə masasında hansı qovluqlar olacaq?

– Bu gün Binəli bəy Şəhidlər Xiyabanında, Fəxri Xiyabanda olub , eyni zamanda cənab prezidentlə görüşüb. Yəni bu artıq Türkiyə rəhbərlərinin və Azərbaycan rəhbərlərinin ənənəyə çevrilmiş görüşləridir. Vəzifəyə gəldikdən sonra simvolik olaraq Türkiyə rəhbərliyi , həm Azərbaycana, həm də Şimali Kiprə səfər edirlər. Yəni bu səfər proqramında hər hansı xüsusi bir məsələnin müzakirəsi gözlənilmir. Sadəcə olaraq vəzifəyə gəldikdən sonra Binəli bəyin Azərbaycana dost, qardaş səfəridir.

– Hər halda, ənənəvi səciyyə daşısada, bir sıra müzakirələr də aparılacaq, deyilmi?

– Bayaq da qeyd etdiyim kimi, bu səfər Azərbaycan üçün artıq ənənə halına çevrilib. Azərbaycan prezidenti də seçildikdən sonra ilk səfərini Türkiyəyə etdi. Eyni qaydada da Binəli bəyin də səfəri ziyarət səfəridir. Təbii ki, burada Azərbaycan və Türkiyənin strateji məsələləri ilə bağlı fikir alış-verişi də ola bilər. Amma biildiyim qədəri ilə bu səfərlərdə xüsusi, özəl bir maddə üzərində müzakirələr nəzərdə tutulmur. Amma bizim ortaq proyektlərimiz olan TAP, TANAP, Bakı-Tbilisi qaz kəməri kimi layihələr var. Bu proyektlər üzərində fikir mübadiləsi gedə bilər.

– Bəs, Türkiyədə dəyişən hökumət sistemindən sonra Binəli bəyin Milli Məclis sədri kimi gəlişi Baş nazir kimi gəlişindən hansı nüansları ilə fərqlənir?

– Binəli bəy baş nazir də olsa, spiker də olsa Türkiyə hökumətində Azərbaycanı həqiqətən sevən, Azərbaycan adı gəldiyi zaman “axar sular dayanar” deyən siyasətçilərdən biridir. Bunu Binəli bəyi şəxsən tanıdığım üçün deyirəm. Hətta bir tədbirdə Binəli bəylə şəkil çəkdirməyə icazə verilmirdi. Mən arxadan səsləndim ki, “Binəli bəy, Azərbaycandan gəlmişəm”. O durdu, öz mühafizəçilərini saxladı, bizimlə şəkil çəkdirdi. Binəli bəyin Azərbaycan sevgisini bilirəm. İnanıram ki, onun parlament sədirliyi dövründə”Xocalı soyqırımı” məsələsi gündəmə gələrsə, Binəli bəy o məsələni də Azərbaycanın xeyrinə çevirəcək və soyqırım kimi tanınmasında çox ciddi rolu olacaqdır.

– Azərbaycanın Türkiyə ilə münasibətlərinin gündən günə daha da yüksək səviyyəyə qalxması kimləri narahat edir sizcə?

– Açığı, ABŞ, İngiltərə kimi ölkələrin duyğusal maraqları yoxdur. Dövlətlər əlaqələri romantika , qardaşlıq, dostluq üzərindən qurmurlar. Onlar üçün daha çox dövlət maraqları daha önəmlidir. Məsələn, əgər ABŞ-ın hər hansı bir proyektinə qarşı təhlükə yoxdursa, Azərbaycanın Rusiya, İran, Türkiyə ilə hansı olmasının ABŞ üçün elə bir ziyanı yoxdur. Bu baxımdan biz filan dövlət istəyir deyə, qardaşlığımızdan imtina etməyəcəyik.