Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Səni çox istəyirəm” deməklə iş bitmir – Baş pediatrdan çağırış

“Səni çox istəyirəm” deməklə iş bitmir – Baş pediatrdan çağırış

“Uşaqlar arasında yay fəsli üçün xarakterik olan xəstəliklər sırasında həzm pozğunluğu və mədə-bağırsaq üzvlərinin xəstəliyi birinci yerdə durur”

Bunu AzVision.az-a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

Baş pediatr qeyd edib ki, yay fəslində qida növünün qəflətən çoxlaması, çoxsaylı meyvə və gileyməvələrin olması, havaların isti keçməsi xəstəliklərin artmasına səbəb olur.

“Uşaqlar arasında müşahidə etdiyimiz xəstəliklər sırasında mədə-bağırsaq pozğunluqları, ishal və qusma, qida zəhərlənmələri müşahidə edilir. İsti havalar və günvurma halları, həşarətlərin dişləməsi, ilan sancması və digər canlıların dişləməsi ilə baş verən hadisələr, allergik xəstəlikləri bu fəsil üçün xarakterikdir”.

Baş pediatrın sözlərinə görə, bu xəstəliklərin baş verməməsi, eyni zamanda qarşısının alınması tək tibb işçilərindən deyil, həm də valideynlərindən asılıdır.

“Valideynlər öz uşaqlarına qarşı diqqətli və qayğıkeş olmalıdırlar. “Mən səni çox istəyirəm” deməklə iş bitmir. Biz onu gördüyümüz işdə, hərəkətlərimizdə sübut etməliyik. Valideynlərə tövsiyyəm odur ki, uşaqların qidalanmasına xüsusi diqqət yetirsinlər. Burada müstəsna əhəmiyyət kəsb edən hallardan biri uşaqların təmiz sudan istifadə etməsidir. Sübut olunub ki, təmiz sudan dünyanın hər yerində istifadə edilsəydi, onun effekti peyvəndən də yaxşı olardı. Valideynlər uşaqların təmiz su içməsinə il boyu, xüsusilə yay fəslində önəm verməlidir. Bakı şəhəri daxil olmaqla ölkədə su təhcizatı yaxşıdır. Lakin tövsiyyə edirik ki, uşaqlara suyu qaynadıb versinlər. Uşaqlara qaynadılmamış su verilməsinə tərəfdar deyilik”.

N.Quliyev bildirib ki, yay mövsümündə insanların qəbul etdiyi qidaların tərkibi birdən-birə artır. “Mənfi cəhət ondan ibarətdir ki, yay mövsümündə qidaların saxlanmasında soyutma rejiminə əməl etmədikdə, o qidaların çox asanlıqla bakteroloji çirklənməsi və xəstəlik törətməsi ehtimalı önə gəlir. Bunu tibb işçiləri, valideynlər nəzərə almalıdır. Uşaqların qəbul etdiyi qida onların yaşına uyğun olmalıdır və onların saxlanma rejiminə ciddi əməl olunmalıdır. Mədə-bağırsaq üzvlərinin xəstəlik əlaməti görünürsə, valideynlər mütləq həkim mütəxəssisə müraciət etməlidir. Biz həkimlər özbaşına el arasında tətbiq edilən müalicə üsullarının istifadə olunmasının qəti əleyhinəyik”.

Baş pediatr, uşaqların isti və günəşli havadan qorunmasının vacibliyinə diqqət çəkib. N.Quliyevin sözlərinə görə, yaz və yay mövsümündə günəş, qum və dəniz üçlüyü uşaqların inkişafında böyük əhəmiyyət kəsb edir. “Amma müəyyən rejimə və qaydalara riayyət etmiriksə, uşaqlarda dəridə yanma və zədələnmələr, isti vurma, günvurma halları kimi ağır hallarla rastlaşırıq. Bunların baş verməməsi üçün uşaqların dəniz, hava, qum vannasından havaların əlverişli zamanında icazə verilmiş çimərliklərdə istifadə etməsi vacibdir. Səhər saat 06:00-dan 11:00-ə qədər, eyni zamanda 16:30-dan gün batana qədər istifadə etməsi lazımdır. İstivurma və günvarmanın ilkin əlamətləri müşahidə edilən kimi həkimə müraciət edilməlidir. Uşaqların qidalanması ilə bağlı xüsusi tövsiyyəmi körpələrə həsr edirəm. Körpəyaşlı uşaqların yay mövsümündə qidasının dəyişdirilməsini tövsiyyə etmirik. Körpələr doğulandan ilk 6 ay ərzində ancaq ana südü ilə qidalanır. 6 aylıq dövr yay mövsümünə düşürsə, həkimlər bunun müddətinin 2-3 aya qədər uzada bilərlər. Yəni bu dövrdə qidanı dəyişdirmək və ya əlavə körpələrə qida vermək məsləhət bilinmir”.

Uşaqlar arasında bu fəsildə allergik xəstəliklərin çoxaldığını deyən N.Quliyev bildirib ki, yaşıl örtük, ağacların buraxdığı tozlar, həşarətlərın dişləməsi zamanı onların qana yeritdiyi toksitlər bəzən uşaq orqanizmində cürbəcür allergik vəziyytin yaranmasına gətirib çıxarır.

“Bunun əlamətləri ilk öncə dəri səthində görünür, sonra isə daha dərin əlamətlər müşahidə edilir, hətta qıtlağın ödemi, boğulmaya qədər ağır hallar yarada bilər. Bunların qarşısını almaq üçün uşaqları allergik reaksiya yarada biləcək faktorlardan uzaq tutmaq laızmdır. Bu günə qədər uşaqlar arasında tək və ya qrup şəklində bizi narahat edən xəstələnmə müşahidə etməmişik. Yeganə qarşılaşdığımız hal Sumqayıt şəhəri və onun ətrafındakı qəsəbələrdə rast gəlinən mədə-bağırsaq xəstəlikləri idi və o da uğurla aradan qaldırıldı. Əvvəlki illərlə müqayisədə uşaqlar arasında xəstəliklərlə bağlı müraciətlər artmayıb və əksinə azalıb. Artıq uzun illərdir ki, qorxulu, narahatedici ağır qida toksiki infeksiyalar, mədə-bağırsaq xəstəlikləri, botulizm kimi xəstəliklərin heç biri ilə rastlaşmırıq”

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın