Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / ”Şərq bazarı” sökülür – “YENİ TİCARƏT MƏRKƏZİ TİKİLƏCƏK”

”Şərq bazarı” sökülür – “YENİ TİCARƏT MƏRKƏZİ TİKİLƏCƏK”

Mayın 21-dən etibarən Sumqayıtın ”Şərq bazarı” yaxınlığındakı 66 sahibkara məxsus dükanların söküntüsünə başlanıb.

Gununsesi.info-ya açıqlamasında sahibkarlar bildiriblər ki, artıq 6 dükan dağıdılıb:
”Gah ətrafını hasarlayıb işləməyə mane oldular, gah iki gündən bir sökəcəkləri ilə təhdid etdilər, indi də sökürlər. Artıq 6 dükan dağıdılıb. Söküntünü İcra Hakimiyyəti aparır. Hətta bir nəfərin ürəyi də getdi. Veclərinə də almadılar. Söküntü davam edir. Dükan sahiblərinin əllərində məhkəmə qərarı, çıxarış və s. sənədləri var. Buna baxmayaraq, söküntü dayandırılmadı. Məhkəmə instansiyalarını udsaq da, əlimizdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən və digər dövlət orqanlarından verilən qanuni sənədlər olsa da, Sumqayıt İcra Hakimiyyəti mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymur. Heç bir məhkəmə sənədi olmadan dükanları qanunsuz sökür”.
Sahibkarlar çaşqınlıq içində olduqlarını, bu saatdan sonra hara, kimə müraciət edəcəklərini bilmədiklərini deyirlər.
Onlar bildiriblər ki, sahibkarlarla İcra Hakimiyyəti arasında olan bu problem 2011-ci ildən davam edir. Şikayətçilər dükanlarının qanunsuz dağıdıldığını, söküntünün mülkiyyət hüquqlarının pozuntusu olduğunu deyirlər.
Sumqayıt şəhər İcra Hakimiyyəti ictimaiətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya bildiriblər ki, söküntüyə görə əmlakı plana düşən hər bir şəxs müvəqqəti yerlə təmin ediləcək. Sonra isə onlara yeni tikiləcək ticarət mərkəzindən yer veriləcək: “Xüsusən də göy-göyərti, meyvə-tərəvəz satanlara “Karvan” Ticarət Mərkəzində və “Xəlifə” şadlıq evinin birinci mərtəbəsində yer verilir. Həmin adamlar 3 ay vergidən azad ediləcək. Orada anti-sanitariya hökm sürürdü. İcra Hakimiyyəti sahibkarların anti-sanitariyadan şikayətlərini nəzərə alaraq, bazarda təmir-tikintiyə start verdi. Meyvə-tərəvəz yerləri “Karvan” Ticarət Mərkəzi və “Xəlifə” şadlıq evinin birinci mərtəbəsinə köçürüldü, yerləri təmizləndi”.
İcra Hakimiyyətindən bildirilib ki, köçürülməyən yer yalnız Rəşid Babayevin bazarıdır. Özünə tapşırılıb ki, oraları abadlaşdırsın: 
“Orada yeni ticarət mərkəzi tikiləcək. Sahibkarlara da yazılı zəmanət veriləcək ki, yeni bazar tam hazır olandan sonra orada onlara dükan verilsin. Sənədi olanlar problemlə qarşılaşmayacaqlar”.
”Şərq bazarı” sökülür
”Şərq bazarı” sökülür

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın