Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Sərçələri yoxa çıxan şəhərin qarğaları – REPORTAJ

Sərçələri yoxa çıxan şəhərin qarğaları – REPORTAJ

Son illər Bakının həm mərkəz, həm də şəhərətrafı yerlərində qarğaların sayının xırda quşlarla müqayisədə artdığı müşahidə olunur. Bəzi hallarda hətta insanların da üstünə cuman bu quşlar həm də sərçələrin və digər xırda quşların sayının azalmasına səbəb olur. Çünki onların əsas qidalarından biri də elə bu xırda quşlardır.

Şəhərin Keşlə stansiyası kimi nisbətən kənar yerlərindən tutmuş, mərkəz hissə sayılan Səməd Vurğun bağının ətrafı, eləcə də Heydər Əliyev adına sarayın qarşısındakı parka qədər bir çox yerdə qarğalar gözə dəyir.

Bəs qarğaların sayındakı artımın əsas səbəbi nədir? Bunu ekoloji pozuntu saymaq olarmı? Bu quşların çoxalması sonradan hansısa ekoloji fəsadlara gətirib çıxara bilərmi?

Ekoloq Telman Zeynalov virtualaz.org-a açıqlamasında bildirib ki, şəhərdə qarğaların artmasının əsas səbəblərindən biri ətraf ərazilərdəki qarlı hava şəraitidir. Ümumilikdə isə bu quşların heç bir ekoloji fəsadı yoxdur:

“Bu quşlar qar olmayan yer tapıb bura axın ediblər. Bundan başqa, Bakıda tullantı çox olduğundan onlar yem də tapa bilirlər. Şəhərdə qarğaların müxtəlif növlərinə rast gəlinir, amma növündən asılı olmayaraq, onların şəhər ekologiyasında əsas rolu sanitarlıqdır. Belə ki, onlar zibilliklərin yanında müxtəlif ziyanvericiləri – siçovulları, siçanları yeyir və təbii balansı qoruyurlar. Meşədə bu işi canavar, çaqqal edir, şəhərdə isə qarğa”.

Qarğaların xırda quşların sayının azalmasına səbəb olmasına gəlincə isə T.Zeynalov bildirib ki, bunu da təbiət özü tənzimləyir:

“Qarğa hansısa quşu qovur, o tab gətirmir, yıxılırsa, onu yeyəcək. Deməli, o quş xəstədir. Qeyd etdiyim kimi, bu, qarğanın sanitar funksiyası ilə bağlıdır. Qarğaların sayının çoxalmasının yeganə mənfi tərəfi yalnız o ola bilər ki, şəhərdə yem tapa bilməsələr, uşaqlara cuma bilərlər, bu da çox nadir hallarda rast gəlinən haldır. Amma mən şəhərdə qarğaların azaldığını müşahidə edirəm, çox az rast gəlirəm”.

Zoologiya institutunun Ornitologiya laboratoriyasının müdiri İlyas Babayev isə bu fikirdədir ki, son 5-6 ildə şəhərdə qarğaların sayı həddindən artıq çoxalıb:

“Bu artımın da bir neçə səbəbi var. İlkin səbəbi Bakı və Bakıətrafı ərazilərdə zibilliklərin sayının artmasıdır. Qarğalar da bu zibilliklərdəki qida qalıqları ilə qidalanırlar. İkinci səbəb qarğaların Rusiya ərazisindən cənuba miqrasiyasıdır. Bu zaman onların bir hissəsi Azərbaycanda qalır və cənuba köç etmir. Eyni zamanda, yaz miqrasiyası vaxtı şimala köç edəndə də Azərbaycanda əlverişli şərait tapan qarğalar burada qalır. Digər səbəb isə qarğaların yay aylarında nəsil artırmasıdır. Onlar yuva qurur, hər qarğanın yuvasında 2-3 bala yetişir, bu da sayı artırır”.

İ.Babayevin sözlərinə görə, xırda quşların sayındakı azalmanın əsas səbəbi qarğalar yox, şəhərdəki ağacların sayının azalmasıdır:

“Çünki belə quşlar kolluqları, ağacları sevirlər, orada gizlənə bilirlər. İndi ağacların sayı azalıb, çox hündür ağaclar qalıb, sərçələr də orada gizlənə bilmir və asanlıqla qarğalara yem olurlar”.

Ekspert hesab edir ki, təbiət özü-özünü tənzimlədiyindən, qarğaların sayının artıb xırda quşların azalmasının ekologiyaya çox ciddi təsiri olmayacaq:

“Bunun yeganə mənfi cəhəti qarğaların köç zamanı digər ölkələrdən bəzi xəstəlikləri gətirməsi ola bilər ki, buna da quş qripini misal çəkmək olar. Başqa bir çox xəstəliklərin daşıyıcısı ola bilərlər, amma bu da az hallarda rast gəlinir”.

 

Virtualaz.org 

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın