Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Media / Səhiyyə Nazirliyinin baş neonatoloqu sahə həkimlərini tənqid edib

Səhiyyə Nazirliyinin baş neonatoloqu sahə həkimlərini tənqid edib

“Sahə həkimlərinin diaqnozu eyni olur, onlar uşağa baxdıqları an eyni “xəstəlikləri” müəyyən edirlər”.

Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov APA-ya bildirib ki, indiyə kimi poliklinikalarda, sahə həkimləri tərəfindən körpələrdə “timus vəzinin olması” ilə bağlı diaqnozu qoyulması dəb halını alıb.

Bu mövzunun Azərbaycanda həkimlər arasında nəsildən-nəslə ötürüldüyünü deyən R.Hüseynov qeyd edib ki, ötən əsrin 60-cı illərində “timus vəzi” mövzusu ətrafında çoxlu müzakirələr aparılıb: “Çox təəssüf ki, biz indi də belə hallara rast gəlirik. Timus adi vəzdir və bütün uşaqlarda olmalıdır. Kimdəsə bir az böyük, ayrı-ayrı ölçülərdə olur. Müəyyən müddətdən sonra öz funksiyasını itirir və sorulmağa başlayır. Onunla bağlı nə müalicə, nə də başqa tədbirlərə ehtiyac yoxdur. Və yaxud körpələrdə əmgəyin böyük və balaca olması Azərbaycan üçün “böyük problem” olub. Əmgəyin mövcudluğu insana doğuş zamanı lazımdır, ondan başqa sümüklərin arasında şırımların da öz rolu var. Kəllə sümüyü tam olsaydı doğuş zamanı sına, zədələnə bilərdi. Ona görə də başın bir neçə sümüyünün arasında ara məsafə var. Doğuşdan sonra artıq məsələnin bu dərəcədə böyüdülməsinə gərək yoxdur. Çünki əmgəklər zamanla gec və ya tez onsuz da bağlanacaq”.

Digər problemdən danışan baş neonatoloq qeyd edib ki, həkimlər tərəfindən uşaqlara “fizioloji sarılıq” diaqnozu ilə müxtəlif müalicələr edilir. Əslində təbii fizioloji sarılığın uşaqların 80%-də olduğunu deyən R.Hüseynov vurğulayıb ki, həkimlər daha çox sarılığın keçməsi üçün şirin çay, şirin suyun, qlükozanın verilməsini tövsiyə edir: “Valideyn də venadaxili inyeksiya üçün nəzərdə tutulan qlukozanı uşağa içirir ki, sarılıq getsin. Kimyanın qanunudur ki, qeyri-düz bilurubin suda həll olmur. Buna heç ehtiyac da yoxdur. Əgər problemin adı təbii fizioloji sarılıqdısa, heç bir müdaxilə edilməməlidir. Bu sarılıq II-III gündən başlayır, V-VI gün pik həddə çatır, VIII-IX gün başa çatır. Bəzilərində isə bu müddət uzanaraq 2-3 həftə davam edə bilər. Əgər uşağın vəziyyəti yaxşıdırsa, normal yeyirsə, süd qəbul edirsə, əlavə müdaxilə etmək lazım deyil”.

Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın