Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Şəhid anasından ürəkağrıdan sözlər: “Suyu kəsib, ağacları qurutdular” – FOTOLAR

Şəhid anasından ürəkağrıdan sözlər: “Suyu kəsib, ağacları qurutdular” – FOTOLAR

Azərbaycanın əfsanəvi döyüşçü, “Azərbaycan Bayrağı” ordenli şəhid Bəhruz Nuriyevin adına olan küçənin sakinləri etiraz aksiyası keçiriblər. B.Nuriyev küçəsi bina 39,41,47,51 ünvanında yaşayan sakinlər həyətlərindəki suyun bağlanmasına etiraz olaraq, yaşadıqları binanın həyətinə toplaşaraq narazlıqlarını ifadə ediblər.

Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub və sakinlərin şikayətini dinləyib.

Sakinlər bildirib ki, 4 binanın yeganə istirahət parkı məhv edilir. İnsanların illərdir qulluq etdikləri yaşıllıqlar susuzluqdan quruyur. Baxımsızlıqdan hər tərəf zibillik içərisində itib-batır. Ərazi MKİS(mənzil kommunal istismar sahəsi) tərəfindən nəzarətsiz buraxılıb, təmizlik işləri aparılmır. Sakinlər bunları da gözə alıb, özləri mümkün qədər təmizlik işləri aparırlar. Ancaq problem bununla bitmir…

Sakinlərlə söhbətimizdən bəlli oldu ki, həyətlərə gələn suyu onların xəbəri olmadan, gecə ikən kəsiblər: “Ötən il su idarəsi kart sisteminə keçdikdən sonra binanın həyətlərinə gələn suları kəsdilər. Hansı səbəblə kəsildiyini belə xəbər vermədilər. O vaxtdan bu günə kimi həyətdə su yoxdur. Burada hər bir şəraitimiz var idi. Binada yaşayan hər kəs bir nəfər kimi böyük həvəslə ağacları sulayırdı, yaşıllıqları qoruyurduq. Binamızın həyətində öz hesabımıza bulaq da düzəltdirmişdik, ora gələn suyu da gəlib kəsdilər. Bələdiyəyə şikayətimizi bildirik, dedilər bizlik deyil. Yaşıllaşdırma idarəsinin üstünə göndərdilər. Bir sözlə heç kim şikayətimizə baxmır”.

Şəhid Bəhruz Nuriyevin adınını daşıyan küçədə vəziyyət həqiqətən acınacaqlıdır. Mənzillərə gündəlik müəyyən saatla su verilir. Sakinlərin dediyinə görə, kart sisteminə keçid olsa da, su üzünə həsrətdirlər: “Bir gündə bir 4-5 saat su gəlir. Onda da ki, çənləri doldurmaqla məşğul oluruq. Bundan əlavə, gələn su ilə həyətdəki gülləri, ağacları da sulayırıq ki, məhv olmasın.

İllərdir zəhmətlə yetişdirdiyimiz ağaclar gözümüzün önündə quruyur. Məhəllə ağsaqqalları 1974-cü ildən burada ağaclar əkib, yaşıllıq salıblar. İndi həmin ağaclar su yoxluğundan məhv olur. Onlarla ağac susuzluqdan qurudu.Bir parkı salmaq üçün xeyli vəsait lazımdır, biz bunu da öz hesabımıza etmişik. Əvəzində isə belə hörmətsizliklə qarşılaşmışıq. Bir məsələ var ki, su idarəsi həyətdə olan xeyr-şər evinə sayğac qoydurub, kubmetrini də qanunusuz olaraq 2 manatdan alır. Budurmu, ədalət?”.

Şəhid B.Nuriyevin anası Nayidə Nuriyeva isə oğlunun adına salınan küçənin baxımsız olduğundan gileylənir: “Hökümət tərəfindən şəhid oğlum üçün lazımı işlər görülüb, bu gün də hörməti saxlanılır. Yaxınlıqdakı məktəbin həyətində gözəl abidəsi ucaldılıb. Gördüyünüz binanın başındakı abidə isə sakinlərin təşəbbüsü ilə salınıb. Öz vəsaitimiz hesabına şəhid oğlumun xatirəsini yaşadığı binada da əziz tuturuq. Qonşular sağ olsunlar. Ancaq abidənin ətrafına diqqət yetirsəniz, görərsiniz ki, əkdiyimiz güllər, ağaclar quruyur. Suyu kəsib, şəhid oğlumun abidəsinə kölgə salan ağacları qurutdular. Axı bu məni yandırır. O, vətən uğrunda canından keçib, indi onun adına olan küçə susuz qalıb. Bir ilə yaxındır ki, binanın həyətindəki suyu kəsdilər. Yüzlərlə ağac susuzluqdan yanıb, məhv olur. Təkcə oğlum üçün demirəm, ümumiyyətlə bu qədər yaşıllığın məhv olunmasını istəmirəm. Xahişim budur ki, suyu kəsənlər gəlib, bunu bərpa etsinlər.Allaha da xoş gedər”.

B.Nuriyev küçəsində, magistral yolun kənarında şəhidlər üçün salınmış bulağın da suyunu kəsiblər. Ətrafda olan sakinlər bildirdilər ki, suyun kəsilməsinə etiraz etsələr də, heç bir nəticə verməyib: “Bu bulaq “Şəhidlər bulağı” kimi tanınır. Su idarəsinin işçiləri gəlib, bulağın suyunu kəsdilər. İndi ətrafı, içərisi zir-zibil yığını olub. Şəhidlərimizin adına olan bulağa bu cür hörmətsizlik etdilər”.

Xatırladaq ki, şəhid Bəhruz Nuriyev 1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını məhv edib, sonda isə özü şəhid olub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın