Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Səbail rayonunda 100 yaşlı binanın sakinləri ölüm təhlükəsi ilə üz-üzə – VİDEO

Səbail rayonunda 100 yaşlı binanın sakinləri ölüm təhlükəsi ilə üz-üzə – VİDEO

Bakıda köhnə yaşayış binalarının sökülməsi məsələsi gündəmdədir. Hökumət rəsmilərinin çıxışında əsasən “xruşşovka” və fransız layihəli tikililərin sökülməsi nəzərdə tutulsa da, ondan daha qədim və daha təhlükəli vəziyyətdə olan binalar da var. 
Səbail rayonu, Arif İsmayılov küçəsi, 6-cı mədən ərazisində yaşayan sakinlər ölüm təhlükəsi ilə üz-üzədir. Çünki yaşadıqları bir əsr yaşı olan taxta bina qəzalı vəziyyətdədir.
Musavat.com-un müxbiri sakinlərin problemlərini işıqlandırmaq məqsədilə adı çəkilən əraziyə üz tutub və dəhşətli mənzərə ilə qarşılaşıb.
Yaşayış binası adlana bilməyəcək dərəcədə köhnə olan bina hər an uça bilər. Bina əvvəllər neftçilərin yataqxanası olub, daha sonra məcburi köçkünlər və yerli əhali də orada məskunlaşıb. Kommunal çatışmazlıqlar bir tərəfə, binanın ən əsas problemi deformasiyaya uğramasıdır. A.İsmayılov küçəsi, bina 51-də mənzillərdə rütubət olduğundan çürümə prosesi gedir və yuxarı mərtəbələrin sütunları sıradan çıxır.
Binanın eyvanları yamaq-yamaqdır. Sakinlər öz bacardıqları qədər eyvanlarda bərkitmə işləri aparsalar da, bu, binanın ümumi görünüşünü də vahiməli edir. Sanki, bina bir anda üstünə gələcək kimi bir vəziyyət alıb.
Binada elektrik-naqilləri bir-birinə dolanıb. Həyətdə oynayan uşaqların çoxluğundan məlum olur ki, bina sakinlərinin demək olar ki, yarısı uşaqlardır və onlar həm rütubətin, həm də pis şəraitin potensial qurbanlarıdırlar. Belə bir şəraitdə onların sağlamlığından danışmağa dəyməz. Elə valideynlər də hər həftə həkimlərdə olduqlarını deyirlər.
 
Zəngilan rayonundan məcburi köçkün olan Fatma İbrahimova deyir ki, bina qəzalı vəziyyətdə olsa da, bu, heç bir aidiyyəti qurumu narahat etmir: “Ötən ilin noyabr  ayında yaxınlıqda söküntü işləri aparırdılar. Bizə də dedilər ki, narahat olmayın köçürüləcəksiniz. Söküntü zamanı bizi evlərdən çıxardılar. Qorxdular ki, bina uçar. Həmin söküntüdən sonra binanın divarları çatladı, qəzalı vəziyyətə düşdü. Yağan yağış suları evimizin işinə tökülür. Olimpiya Oyunları  vaxtı isə xarabalığa çevrilən binanı görünməsin deyə, ərazini hasarladılar. Hər şeyi belə ört-basdır etdilər”.
Mənzillərdə isə vəziyyət daha dəhşətlidir. Bəzi evlərin tavanı sadəcə betonla örtülüb, beton döşəmə ilə sakinləri yalnız bir xalça ayırır. Kommunal xidmət  də elə də ürəkaçan vəziyyətdə deyil.
Qəzalı binanın sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini dedilər: “Bu taxta konstruksiya ilə tikilən binadır. Tavanlar, döşəmələr keyfiyyətini itirib. Yuxarı mərtəbələr aşağıya doğru deformasiyaya uğrayıb. Təsəvvür edin, binada 250-yə yaxın ailə yaşayır. Əgər qəza olsa nələrin baş verəcəyi bəllidir. Buna baxmayaraq heç bir qabaqlayıcı tədbirlər görülmür. Bu vəziyyət nə qədər insanın ölümünə səbəb ola bilər”.
 Bundan əlavə, 6-cı mədən sakinlərinin problemi təkcə qəzalı bina deyil, həm də yol və marşrut problemi var. Bina sakinləri marşrutdan istifadə etmək üçün kilometrlərlə yolu piyada, palçıq içərisində getməli olurlar. Palçıq binanın həyətindən başlayır və A. İsmayılov küçəsi boyunca davam edir.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 















Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın