Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Media / Reket jurnalistikanın daha bir qorxusu – nəzarətdən çıxdıqca dövlət əleyhinə separatçı çağırışlara da əl atılır

Reket jurnalistikanın daha bir qorxusu – nəzarətdən çıxdıqca dövlət əleyhinə separatçı çağırışlara da əl atılır

Xəbər verildiyi kimi, “Reallıq.info” saytını media qurumu, özünü də bu qurumun baş redaktoru kimi təqdim edən İkram Rəhimov reketçilik fəaliyyətinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıb. Məlum olub ki, İ.Rəhimov tabeliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayıb. Bu qəbildən olan materialların yayımının dayandırılması müqabilində pul tələb edib. Bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplayıb və s.

O da məlum olub ki, İ.Rəhimov Mətbuat Şurasının ünvanına bir sıra böhtan xarakterli fikirlər səsləndirməklə yanaşı, həm də separatizm məzmunlu çağırışlar edib. Belə ki, adıçəkilən şəxsin “Facebook”dakı hesabında separatizmə çağırışdan tutmuş, insanlara şər-böhtan atmağa, ölkənin konstitusion quruluşuna qarşı çıxmağa qədər fikirlər yer alıb. Azərbaycan hüquqi dövlət olduğuna görə dəfələrlə qanun çərçivəsində Mətbuat Şurası tərəfindən İ.Rəhimov xəbərdar edilib. Eyni zamanda, bir neçə dəfə müxtəlif oxşar adda yaratdığı saytlar bloklanıb. Ancaq bütün bunların heç bir nəticəsi olmayıb. Ən maraqlısı odur ki, belələri reketçilik fəaliyyətlərini həyata keçirmək üçün separatçı məzmunlu çağırışları səsləndirməkdən belə çəkinmirlər. Bu və ya digər dərəcədə bundan istifadə edirlər.

Maraqlıdır, reketçiliklə məşğul olan bəzi bu kimi şəxslərin separatçı çağırışlar səsləndirməsinin səbəbi nədir?

Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri, media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, görünür, elələri bu kimi çağırışlardan bir vasitə kimi istifadə etmək istəyirlər: “İkramın jurnalistikadan uzaq, medianın prinsiplərinə zidd fəaliyyəti var idi. Dəfələrlə bununla bağlı Mətbuat Şurasında sözügedən məsələyə baxmışıq. Onun barəsində çoxlu sayda şikayət olmuşdu. Sözügedən çoxsaylı şikayətin nəticəsi olaraq biz onun adını Mətbuat Şurasının tərtib etdiyi “Qara siyahı”ya daxil etmişdik. Həmin siyahıya jurnalistikadan uzaq fəaliyyətlə məşğul olan, ona əməl etməyən şəxslərin adı daxil edilir. Dəfələrlə Mətbuat Şurasının qurultayında qəbul olunan əxlaq kodeksinin bütün bəndlərini pozduğuna görə İ.Rəhimovun adı “Qara siyahı”ya daxil edilib. Bununla bağlı hər dəfə çağırışlar edirdik ki, bu kimi fəaliyyətlərin qarşısı alınmalıdır. Buna qədər də bənzər hallar baş vermişdi. Çox yaxşı haldır ki, məlum məsələ ilə bağlı müvafiq ölçü götürülüb. Dəfələrlə bəyan etmişik ki, bu kimi halların sonu yoxdur. Hər kəs qanunlara əməl etməlidir. İndiki halda jurnalistikanın özünün KİV haqqında Qanunu var. Müəyyən olunmuş etik çərçivələr var ki, orada jurnalistlərin peşə-davranış qaydaları öz əksini tapıb. Bütün bunlar jurnalistikanın təməl prinsipləridir və buna əməl olunmalıdır. Əks halda, bu kimi hallara qarşı Cinayət Məcəlləsində xüsusi maddələr var. Həmin maddələrlə elələri mühakimə olunur və olunmalıdırlar. Kim bu yoldan dönürsə, bəraət qazanır, kim ki, dönmürsə, buna görə məsuliyyətə cəlb olunur. Nəzərə almaq lazımdır ki, KİV-lərdə məhdudiyyət qoyulan sahələr var. Dövlət çevrilişinə, iğtişaşlara, müharibəyə, separatizmə, terrorçuluğa  çağırış qadağan olunub. Eyni zamanda, insanlar arasında ayrıseçkilik salmaq qadağan edilib. Kim ki, bu fəaliyyətlə məşğul olur, kimliyindən asılı olmayaraq, həmin şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Mətbuat separatizm və bu kimi digər qəbulolunmaz çağırışlar üçün vasitə ola bilməz. Çox təəssüf ki, KİV-lər üzərindən bu kimi çağırışlar edilir. Bu kimi halların ciddi fəsadları olduğu üçün buna yol vermək olmaz”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Millət vəkilindən sosial media istifadəçilərinə çağırış

Millət vəkili Sabir Rüstəmxanlı sosial media istifadəçilərinə çağırış edib. Deputat türkdilli dövlətlərdən olan dostların çevrəsini …