Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Region müəllimlərinin diaqnostik qiymətləndirilməsi başlayır

Region müəllimlərinin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən Azərbaycanın regionlarındakı müəllimlər üçün ilk diaqnostik qiymətləndirmə imtahanlarının keçirilməsinə başlanır.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk qiymətləndirmə Xaçmaz rayonunun ümumtəhsil müəssisələrinin müəllimləri üçün keçirilir. Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə 2300-dən çox müəllimin iştirakı nəzərdə tutulur. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.
Xaçmaz müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi sabah da davam edəcək.
Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri üçün qiymətləndirmənin 4-6 dekabr tarixlərində Masallı rayonunda, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrinin müəllimləri üçün 9-13 dekabr tarixlərində Şirvan şəhərində, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrinin müəllimləri üçün 16-20 dekabr tarixlərində Sumqayıt şəhərində, Gəncə şəhərinin ümumi təhsil müəssisələrinin müəllimləri üçün isə 24-25 dekabr tarixlərində Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.
Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrinin (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) müəllimləri iştirak edə bilərlər.
Diaqnostik qiymətləndirilmə imtahanları elektron proqram təminatı vasitəsilə keçiriləcək. Bununla da imtahan iştirakçılarının sualları cavablandırarkən seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək kimi imkanları yaranacaq.
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 (hər bir suala orta hesabla 1.5 dəqiqə) dəqiqədən ibarət olur.
Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə bilərlər.
İki və daha artıq fəndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilərlər. Müəllimlər bu seçimləri ilə əlaqədar əsaslandırılmış səbəbi müəssisə rəhbərinə bildirməlidirlər.
İki və daha artıq fəndən tədris aparan müəllimlər imtahanda keçid balını topladıqları təqdirdə, əməkhaqqı artımı tədris etdikləri bütün fənlərə şamil ediləcək.
Qeyd edək ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları yanvarın 1-dən artırılacaq.
Bakı şəhərinin müəllimlərinin diaqnostik qiymətləndirilməsi ötən il keçirilib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın