Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Media / Rayonların işğal günlərində tv-lər çal-çağırı dayandırmalıdırmı… – ŞƏRHLƏR

Rayonların işğal günlərində tv-lər çal-çağırı dayandırmalıdırmı… – ŞƏRHLƏR

İyulun 23-ü Ağdamın işğal günü idi. Bəzi televiziya kanalları belə bir ağır gündə efirdə çal-çağır, şou verilişlərini davam etdirdilər. Bu ilk deyil, hər il erməni əsgərləri tərəfindən işğal olunmuş rayonlarımızın ildönümündə vəziyyət belə olur. Hər dəfə televiziyaların bu davranışı sosial şəbəkələrdə qınanılıb tənqid edilsə də, dəyişən heç nə yoxdur.

Ermənilərin torpaqlarımızı işğalı nəticəsində Azərbaycan tərəfindən 20 min insan həyatını itirib, 50 min nəfər şikəst olub, 486 nəfər isə itkin düşüb.

18 may 1992-ci ildə Laçının ermənilər tərəfindən işğal olunması nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər isə əlil olub.

Kəlbəcərin  işğalı nəticəsində 53 min 340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

Cəbrayıl rayonundan 351 nəfər şəhid olub.

Qubadlı uğrunda  gedən döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da 12 nəfəri Milli Qəhrəman adına layiq görülüb.

Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb.

Qarabağ döyüşlərində  ən çox itkini isə Ağdam verib. Rayon uğrunda gedən hərbi əməliyyatlarda 7 mindən yuxarı insan şəhid olub.

Olmaz ki, minlərlə insanın uğuruna can verdiyi bu torpaqlar işğal olunan gün televiziyalar  insanların həssaslığını nəzərə alıb, əyləncəli verilişləri bir günlük də olsa, dayandırsınlar?

Akif Nağı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı uzun illər bu istiqamətdə mübarizə aparıb: “Vaxtilə çox biabırçı vəziyyət idi. İşğal günlərində konsertlər verilirdi, şənliklər, toylar keçirilirdi. 2001-ci ildə biz QAT olaraq bu vəziyyəti aradan qaldırmaq üçün tədbirlər həyata keçirdik. Bir işğal plakatı hazırladıq, orada işğal tarixlərini göstərdik, həmin plakatları genış yaydıq, bu gün də hər yerdə var. Xüsusilə televiziyalara verdik, TV-lər, xüsusilə ANS bizə genış dəstək verdi. Bir çox konsert zallarını, sarayları gəzdik, reydlər apardıq, çoxlu sayda konsertlərin, o cümlədən xarici artistlərin konsertlərinin təxirə salınmasına nail olduq. İndi bu problem yenidən ortaya  çıxıb. Görünür, erməni mərkəzlərinin sifarişini yerinə yetirirlər. Biz yaxın vaxtda bu məsələ ilə yenidən məşğul olub, ciddi mexanizm hazırlamaq istəyirik ki, bir dənə də televiziya bundan sonra bu cür qələtlərə yol verməsin”.

Qulu Məhərrəmli ile ilgili görsel sonucu

Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi Qulu Məhərrəmli hesab edir ki, televiziyalar cəmiyyətin dərdləri ilə yaşamalıdır: “Televiziya cəmiyyət həyatı ilə, yaşadığımız günlə bağlı olan hadisədir. Ona görə də TV-lər bu cəmiyyətin qayğı və dərdləri ilə yaşamalıdır. Əgər bir TV cəmiyyətin havasından uzaq düşürsə, onun ritm və düşüncələrini ifadə edə bilmirsə, auditoriya həmin telekanaldan üz döndərir. Bu mənada mən hesab edirəm ki, işğal günləri ilə bağlı telekanalların ayrıca, düşünülmüş, fərqli proqramı olmalıdır. Niyə? Çünki işğal deyilən təzahür insanlarda həmişə bəd ovqat yaradır. Ona görə də TV-lərin ənənəvi bayağı verilişləri bu anda daha ciddi qıcıq yaradır. Bax belə reaksiya ilə üzləşməmək üçün ağıllı TV rəhbəri işğal günü üçün xüsusi proqram tərtib edir. Təbii ki, bu proqramda əyləncəyə və şit verilişlərə yer verilmir. Söhbət tam hüznlü ovqatdan da getmir, sadəcə, tamaşaçı marağının nəzərə alınmasından gedir”. (Musavat.com)

Həmçinin oxuyun

KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq

Gələn il Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq …