Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Rayonlardan gələn qızların kirayə problemi: “Hətta maklerlər bizi mənzillə və ev sahibi ilə tanış etməyə apararkən yalandan…”

Rayonlardan gələn qızların kirayə problemi: “Hətta maklerlər bizi mənzillə və ev sahibi ilə tanış etməyə apararkən yalandan…”

Paytaxt Bakıda son illər qəribə bir tendensiya başlayıb. Belə ki, işləyən xanımlar paytaxtda yaşamaq üçün kirayə ev tapmaqda çətinlik çəkirlər. Ev sahibləri mənzillərini işləyən xanımlara kirayə vermək istəmirlər. Nəzərə alsaq ki, bölgələrdən həddindən artıq insan paytaxta işləmək məqsədi ilə üz tutur, o zaman ortaya ciddi problemlər çıxır. Fərqli məntiqlə yanaşsaq görərik ki, paytaxtda qalıb işləyən əksər xanımlar bir zamanlar elə məhz Bakıda universitet bitirmiş ixtisaslaşmış kadırlardır. Bəs nə üçün onlar kirayə tapmaqda çətinlik çəkirlər?

Ev elanlarının əksəriyyətində bir nüans: “Yalnız tələbə qızlara, işləyən xanımlar və oğlanlar müraciət etməsin”-deyə vurğulanır. Digər tərəfdən baxdıqda isə son zamanlar evlərdə keçirilən polis əməliyyatları zamanı əxlasızlıq yuvalarının və kirayə mənzillərdə insan alveri hallarının aşkarlanmasıdır ki, çox ev sahibinində bundan qorxduğunu düşünmək olar.

Elə buna görə də çoxlarında belə bir fikir formalaşıb ki, rayondan paytaxta bir xanım ancaq oxumaq üçün gələ bilər. Universiteti bitirdikdən sonra elinə-obasına qayıdıb ya ərə getməli ya da orada işləməlidir. Bir əyalət xanımı ailəsindən ayrılıb böyük bir şəhərdə öz ayaqları üzərində durmağa çalışması normal qəbul edilmir. Çünki, ölkəmizdə qadına yalnız kiminsə anası yaxud da bacısı kimi yanaşırlar fərd kimi deyil. Bəzi kateqoriya insanların ağlına gələn tək düşüncə bu olur ki, qadın əgər tək yaşayırsa deməli pozğundur. Bu fikirdə olduqları üçün maklerlərin səninlə danışıq tərzi dəyişir, hətta 5 dəqiqə öncə heç üzünə baxmayan adam bir anda eşq elanı da edə bilər. Təbii ki, belə vəziyyətdə evə köçəndə qardaşınızın gələcəyini və ya hansısa qohumunuzla birgə evə baxacağınızı deyərək “sahibsiz” olmadığınızı vurğulamalı olursunuz.

Bir neçə işləyən və Bakıda kirayədə qalan xanımlarla həmsöhbət olduq. Onların əksəriyyəti bundan narzılıqlarını dilə gətirdilər.

Universiteti bitirdikdən sonra Bakıda işləməyə başlamış Gülnar Məmmədova da oxşar hallarla qarşılaşıb. O da 8 ildir kirayə evlərdə yaşayır.

Bir neçə əmlakçıya yaxınlaşdığını həttə internet vasitəsi ilə tapdığı evlərin sahiblərinə zəng vurduğunu söyləyən xanım hər kəsdən bir cavab: “Evi yalnız tələbə qızlara verirəm”,- deyə cavablar aldığını bildirdi.

” Tələbə olanda qızlarla qalırdım, ev sahibləri də qız tələbələrə qapılarını sevərək açırdılar. Ancaq universitet bitdi, işlədiyimi, tək və ya bir rəfiqəmlə yaşayacağımı deyəndə maklerlərin, ev sahiblərinin üzündə elə bir ifadə yaranırdı ki, gəl görəsən”, -deyə Gülnar bildirib.

“Hətta maklerlər bizi mənzillə və ev sahibi ilə tanış etməyə apararkən yalandan tələbə olduğumuzu söyləməyi, əks halda evi kirayələyə bilməyəcəyimizi deyirlər. Bir dəfə ev sahiblərindən biri eşidəndə ki, rayondan gələn bir neçə qız ev tutub işləmək istəyirik özündən çıxdı. “Yox mənə işləyən qız lazım deyil. Nəbilim hərəsi bir diyardan gəlib”-deyərək etirazını bildirdi. Əksəriyyəti qızların rayondan Bakıya işləmək üçün üz tutduğunu eşidəndə elə bilirlər onlar sahibsizdir. Ailələri tərəfindən qovulub yaxud da imtina ediliblər. Bir sözlə yaxşı baxmırlar”-deyə müsahiblərimiz başlarına gələnləri danışdılar.

Onu da vurğuladılar ki, xüsusəndə işləyən xanımların qaldığı mənzillər qonşuların nəzarət obyektinə çevrilir. Belə ki, evə saat neçədə gəlib-getdiyinə hətta kimləri qonaq etdiyinə qədər hər kəsə nəzarət edilir. İşdi qonşuların bəyənmədiyi nəsə olsa ev sahibinə şikayət etməkdə gecikməyəcək.

Məsələ ilə bağlı bir necə maklerlə də söhbət etdik.

İlham adlı makler sözügedən problemin həqiqətən də mövcud olduğunu təstiq edib. Bildirib ki, ev sahibləri xüsusən son vaxtlar mənzillərini ailələrə verməyə çalışır.

Başqa bir makler Rüfət bəy də bu cü hallarla çox rastlaşdığını vurğuladı.

Makler Vüqar bəy həttə ev sahiblərinin mənzillərini kirayə verəcəyi qızların İnstaqram və Facebook səhifələrini araşdıraraq çılpaq fotolar yaxud da açıq saçıq fotolar paylaşıbsa evlərini həmin qızlara vermədiklərini bildirdi.

“Tələbə qız istəyirlər. Çünki onları daha ağıllı və tərbiyəli hesab edirlər. İşləyən xanımlardan başları çox çəkib. Normal qızlar çıxmayıblar”-deyə makler əlavə etdi.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfərovanın fikirlərini öyrəndik. Novella xanım bu cür fikirləri keçmişin qalıqları adlandırdı.

“Yaxşı olar ki, kirayə ev tutarkən həmin xanımlar mənzilə yaxın qohumları yaxud da qardaşları ilə baxsınlar. Bu bizim mentalitetdən də aslı olan bir məsələdir. Evi verən şəxs kişidirsə ola bilsin ki, onun xanımı evin işləyən qadınlara verilməsinə narazılıq edir. Düşünürlər ki, tək qadının yanına kimsə gələ bilər. Tezliklə bu da aradan qaldırılacaq. Bu gün bizim qadınlar çox cəsarətli bir işə başlayıblar. Hazırda bu cür məsələlərdə keçid dövrü yaşanır. Bu fikirlər köhnənin qalıqlarıdır. Tək qadınlar kişidən də min qat qeyrəti ilə özünün saxlayır. Başa düşəcəklər ki, tək qadın özünü saxlamaq üçün bu mübarizəni aparır”(A24.Az)

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın