Şənbə , Dekabr 5 2020
Ana səhifə / Media / Rasim Məmmədovun jurnalistə qarşı iddiası rədd olundu

Rasim Məmmədovun jurnalistə qarşı iddiası rədd olundu

Yasamal Rayon Məhkəməsi “Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun internet televiziyası “Reaksiya Media Group” MMC-nin rəhbəri, jurnalist Zaur Qəriboğluna qarşı xüsusi ittiham qaydasında verdiyi iddianı rədd edib. Məhkəmə iddianı əsassız sayıb.

Bu barədə “Yeni Müsavat”a açıqlama verən Zaur  Qəriboğlu deyib ki, 2 saat davam edən proses zamanı qarşı tərəfin iddiasının əsassızlığı ortaya qoyulub: “Ramiz Mehdiyev və onun dəstəsi tənqidçi medianın səsini kəsmək istəyirdi. Onlar əvvəl məhkəmələrə təzyiq edirdilər, istədikləri hökmləri çıxara bilirdilər. Buna güclərə çatırdı. Ilk hazırlıq iclası bu qədər uzun çəkə bilməzdi. 2 saat proses davam etdi və nəticədə iddianı rədd elədi. Heç bir Ramiz Mehdiyevlər, heç bir Rasim Məmmədovlar, harınlamış məmurlar Azərbaycan müstəqil mediasının, tənqidçi mediasının üzərinə gələ bilməz”.

Zaur Qəriboğlu çox maraqlı bir məqama da diqqət çəkib: “Bu adamlar bilirlər ki, karantin günləridir və tələm-tələsik belə bir iddianı məhkəməyə veriblər. Bunların məqsədi məhkəmənin qarşısına çoxlu insanların toplaşması, bundan istifadə edib qarışıqlıq yaranmasına yol verilməsidir. Bu gün ölkədə paralel yapılandırma var, bizi də məhkəməyə verdirən də məhz bu paralel yapılandırmadır”.

Zaur Qəriboğlunun vəkili Əziz Qənbərov “Yeni Müsavat”a deyib ki, xüsusi ittiham qaydasında verilən iddia çoxsaylı pozuntularla zəngin olub: “Məhkəmə haqlı olaraq xüsusi ittiham qaydasında verilən iddianın icraata qəbul edilməsindən imtina etdi. Növbəti mərhələlər olacaqsa, bu mərhələlərdə də qalib gələcəyimizə əminəm”.

Qeyd edək ki, Rasim Məmmədovun məhkəməyə iddia verməsinə səbəb olan veriliş ötən ay yayımlanıb. Verilişdə  “Bakı Poladtökmə” ASC-nin keçmiş rəhbəri Ramiz Əhmədov və onun hüquqi təmsilçisi Vahid Rəsulov çıxışlar edib, zavodların talanmasından, ölkə iqtisadiyyatına vurulan ziyandan danışıblar.  Belə ki, “Ölkə iqtisadiyyatına hücum edən ”Koronavirus məmur(lar)” kimlərdir?” sərlövhəli verilişdə Zaur  Qəriboğlu və qonaqları bir sıra şəxslər, həmçinin Rasim Məmmədov haqqında müxtəlif iddialar səsləndiriblər.

Bundan sonra Rasim Məmmədov Zaur Qəriboğlu barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət işi başlanması üçün məhkəməyə müraciət edib. İddia edib ki, verilişdə onun şərəf və ləyaqəti kobud şəkildə təhqir olunub və alçaldılıb. Yasamal Məhkəməsi isə Rasim Məmmədovun iddiasını icraata qəbul etməkdən imtina edib.

Həmçinin oxuyun

Xankəndidəki morqdan reportaj

ABŞ-ın The Washington Post qəzetinin müxbirləri Liz Kukman və Robin Dikson Dağlıq Qarabağın Xankəndi şəhərindən …