Ana səhifə / Media / Ramin Hacılı: “Mənim evimi yandırmaq istəyillər” – Video

Ramin Hacılı: “Mənim evimi yandırmaq istəyillər” – Video

Fevral ayının 27-də Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı etatist.com-a açıqlama verərək başına gələn hadisələrə aydınlıq gətirib.

1993-cü ildən Ermənistan-Azərbaycan müharibəsi zamanı işğal olunmuş Füzuli rayonundan qaçqın düşdüyü zamandan bəri ailəsi ilə birlikdə yaşamağa məcbur qaldığı gecəqondunun qarşısında əməkdaşlarımızla görüşən Ramin Hacılı başına gələn hadisələrdən danışıb.

“Bakı Şəhəri İcra Hakimiyyəti ərazini satıb”

Ramin Hacılı uzun illər məskunlaşdığı ərazinin qarşısında olay yaradacaq iddialarla açıqlama verib. Belə ki R. Hacılının bildirdiyinə görə ərazidə ona məxsus olan yaşayış yerinin olmasına baxmayaraq, ərazinin qanunsuz olaraq satıldığı haqda bilgisi var:

“Bizdən başqa bütün məskunlaşan məcburi köçkünlərin hamısına kompensasiya verilib və köçürülüb. Ancaq bizimlə əlaqə saxlayan yoxdur”.

“Evimi yandırmaq istəyiblər”

“Aldığım bilgiyə görə ərazidə yerləşən, mənə məxsus olan yaşayış yerini yandırmaq istəyirdilər. Əslində bu məsələni ictimailəşdirmək istəmirdim. Ancaq mənim və ailə üzvlərimin həyatına olan təhlükəni bu gün istisna etmirəm. Evimi yandırmaq istəyiblər. Mən bununla bağlı ərazi üzrə polis idarəsinə müraciət etdikdən sonra bunun qarşısı alınıb. Amma problemlər tükənməyib. Hələ də həyatımla bağlı təhlükəli məqamlar hiss edirəm. Elə buna görə də artıq danışmaq qərarına gəldim. Yalnız bu sayədə heç deyilsə aidiyyatı üzrə qurumlar öz məsuliyyətlərini dərk edərlər”,- deyə R.Hacılı əlavə edib.

“Dəyanət Rzayev kimi məchul ölmək istəmirəm”

Ramin Hacılı psixoloq Dəyanət Rzayevin ölümünü xatırladıb:

“Yadınızdadırsa, bir müddət əvvəl psixoloq Dəyanət Rzayevin evində intihar etdiyi xəbərləri yayılmışdı. Ondan sonra ardınca xəbərlər yayıldı ki, Dəyanət Rzayev ölməyib, öldürülüb. Sonralar isə ümumiyyətlə dəhşətli bir məsələ ictimaiyyət tərəfindən müzakirə edilməyə başladı ki, hansısa ərazi məsələsinə görə onun həyatına bilinməyən, məchul adamlar qəsd edib. Bu gün belə məsələ ilə mən də üz-üzəyəm. Bu sadə ərazi məsələsi deyil. Ortaya gündə bir problem çıxır. Mənim adıma olmalı olan nömrə başqa adama da satılıbmış. Adam cinayət törədir, məni polisə çağırırlar. Bir ildən çoxdur ki, qazandığım qrant layihəsinin maddi vəsaitinin köçürülməsinə imkan vermirlər. Hətta prezident İlham Əliyev fərman imzalayır ki, vəsaitlər ödənsin. Hamı alır, üç QHT-dən başqa. O zaman ortaya məsələ çıxır: niyə? Nədir Ramin Hacılının günahı?”

“Bilmirəm kimdir, amma güclü məmur olduğu dəqiqdir!”

“Bilmirəm kimdi, amma bilirəm ki, bütün başıma gələn hadisələrin bir-biri ilə bağlılığı var və əminəm ki, bu məmur çox güclü məmurdur. Mən qondarma “Dağlıq Qarabağda” Avropa Hərəkatının nümayəndəliyinin açılmasının qarşısını almış adamam. Dövlətimə də xidmət etmişəm. Beynəlxalq münasibətlərdən xəbəri olan bilir ki, təkcə elə bu addıma görə dəstək demirəm, heç deyilsə işlərimizə mane olmamalıdılar.

Kimdisə çox güclü məmurdur. Gücünü anladım. Bu gücün qarşısında isə bir tək güc dayana bilər. O da prezident İlham Əliyev. Ümid edirəm ki, prezident bu informasiyanın araşdırılmasına göstəriş verəcək”,- deyə R.Hacılı bildirib.

“Bundan sonra hər şey şəffaf olacaq”

Ramin Hacılı bildirib:

“Mən həmişə fikirləşirdim ki, bu tip məsələlər ictimailəşməməlidir. Buna böyük səy göstərirdim. Amma evimin yandırılması istəyi barədə xəbər eşitdikdən sonra başqa yolum olmadığını gördüm. Ya səssizcə yox etmək üçün ləkələməlidilər ki, həbs etdirə bilsinlər, ya da heç nə olmamış kimi üç beş “Ramin Hacılı intihar etdi” xəbəri ilə Ramin Hacılının 10 ildən çox olan ictimai-siyasi həyatı məchul şəkildə sona çatdırılmalıdır.

Sizinlə burada illərlə yaşadığım evin qarşısında uşaqlığımı keçirdiyim bu həyətdə görüşməyi vacib bildim ki, “pul atıb qaçıb”, “mühacirət etmək istəyir” və bütün digər çirkin iftiralara cavab olsun. Həqiqətin qalib gələcəyinə inanıram”.

Ramin Hacılı eyni zamanda qeyd edib ki, onun həbs olunma təhlükəsi var:

“Məni həbs edərək iki sahədə “uğur” qazanmaq istəyirlər. Birinci, bu əraziyə sahib çıxmaq; İkincisi bizim Avropa Birliyi ilə olan layihəmiz var ki, bu layihə çərçivəsində bizə vəsait gəlib. Bu vəsaitin istifadəsi üçün müraciət etmişik, prezidentin də bu yöndə fərmanı var. Hamı başa düşür ki, prezidentin fərmanından sonra yumşalma baş verir, bütün QHT-lərin önü açılır. Bundan sonra mənim ictimai-siyasi fəaliyyətim və yüküm artmağa başlayacaq. Görünür ki, kimlərsə bunu istəmir”.

Etatist.com məsələnin daha ətraflı məzmununun olduğu videonu təqdim edir:

Adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın