Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Rəqəmsal yayıma keçid: Yeni biznes fırıldağı, yoxsa..? – REPORTAJ

Rəqəmsal yayıma keçid: Yeni biznes fırıldağı, yoxsa..? – REPORTAJ

Sentyabrın 27-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Artıq Bakıda analoq yayımın dayandırılması bəzi vətəndaşları çaş-baş salıb. Dekoder biznesi başlayıb. Bakı sakinləri bu cihazlardan əldə etmək üçün sıraya dayanıblar. Məsələn, şəhərin bir çox poçt şöbələrində bu dekoderlər satılır. Hər birinin də qiyməti 22 manatdır.

Verilən qərardan sonra bəzilərinin cibi deyəsən, yaxşıca dolacaq. Çünki əsasən yaşlı nəsil yerli telekanallara baxır. Hazırda isə bunun üçün ya bu cihazlardan almaq, ya da çanaq antenlərində xırda dəyişiklik etmək lazımdır. Birinci haqqında vətəndaşlara məlumat verilsə də, ikinci üsul haqqında çoxlarının heç bir məlumatı yoxdur. Çünki bunun üçün sadəcə 5 manat xərc çıxır, cihaz isə 22 manatdır.

Üstəlik, poçt məntəqələrində yetərli sayda dekoder olmur. Bu da fürsət qovalayanların əlinə yaxşı imkan verir ki, 22 manatlıq cihazları 30-40 manat arasında satsınlar.

Məsələ burasındadır ki, çanaq anten sahibləri də bu cihazdan almaq üçün sıraya durur. Əslində isə buna ehtiyac yoxdur. Belə ki, çanağın üzərində olan LNB converterin sayını ikiyə çıxardaraq “Azerispace” peykinə qoşulub, yerli telekanallara baxmaq mümkündür. Bu converterin qiyməti isə 5 manatdır. Bundan əlavə, 22 manat bu cihaza verməkdənsə, çanaq anten almaq daha sərfəlidir. Həm baxılacaq telekanalların sayı, keyfiyyəti və digər səbəblərdən çanaq anten almaq daha sərfəlidir.

Vətəndaşlar arasında keçirdiyimiz şifahi sorğu nəticəsində bu qənaətə gəlmək olar ki, insanlar mövcud durumdan razı deyillər.

“İndiki zamanda rəqəmsal yayıma keçməyə gərək yox idi” – deyən Bakı sakini Sadıq Dadaşov sözlərinə belə davam etdi: “Varlı insanlar televizora baxmırlar, onların bahalı əyləncə üsulları var. Yerdə qalan kasıb vətəndaşlar isə başqa əyləncələri olmadığı üçün xərcə düşüb, dekoder almalı olurlar. Bu da kimlərəsə yaxşı pul qazanmağa kömək edəcək. Yenə ziyana düşən kasıblar oldu. Ümumiyyətlə, son vaxtlar televizora az baxılır. Çünki, internetin yaratdığı imkanlar televizorun imkanlarından daha çoxdur. İnternetimiz daha sürətli olarsa, ümumiyyətlə, televizor tamamilə arxa plana keçəcək. Xəbər oxumaq, film izləmək, vaxt keçirmək istəyənlər saytlara baş çəkirlər. Gecə hansısa TV -də verilən xəbəri 2 gün öncə saytlardan oxumuş oluruq. Zatən telekanallar saytlara istinadən xəbər hazırlayırlar. Vaxt gələcək ki, yalvarsalar da telekanallarımıza baxan olmayacaq”.

“Onsuz da telekanallara baxmırıq. Bu məsələ baxmamaq üçün bizə daha bir səbəb verdi. Niyə “N” qədər pul verib, mənasız telekanallara baxmalıyam? Kabel televiziyası və çanaq antenlə ürəyim istəyən xarici telekanala baxmaq olur” – deyə Xatirə Salahova deyir.

Atası üçün dekoder almağa gələn Şahmar Verdiyev deyir ki, maddi sıxıntılar zamanı belə bir xərc onlara ziyan vurub: “Yayım bütünlüklə dayandırılıb. Məcburiyyətdən atam üçün dekoder almağa gəlmişəm. Çünki o ancaq yerli telekanallara baxır. Televizoru da köhnə modeldir. Bu qədər problem, dərd və pulsuzluq şəraitində 30-40 manat xərc çəkmək mənə və ailəmə çox ziyan vurur”.

Musavat.com









Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın