Ana səhifə / Media / “Rəis müavini oğlumdan nə istəyir, cənab Ramil Usubov?” – Ana oğlunun şərləndiyini iddia edir (Şikayət)

“Rəis müavini oğlumdan nə istəyir, cənab Ramil Usubov?” – Ana oğlunun şərləndiyini iddia edir (Şikayət)

“Oğlum Pərviz Məmmədov Səbail Rayon Polis İdarəsinin rəis müavini Füzuli Hümbətov və idarənin müstəntiqi Hənifə Bayramzadə, 8-ci polis bölməsinin sabiq rəisi Vüsal Qaraşov (Bu polis rəisi ötən ay Yasamala bölmə rəisi təyin edilib-readksiya) tərəfindən şərlənərək, bu ilin aprelin 27-də həbs olunub. Polislər həmin gün evimə basqın edərək oğlumu zorla, döyə-döyə 8-ci polis bölməsinə aparıb, orada cibinə 151.71 qram narkotik vasitə qoyublar”.

Bu sözləri  Pərviz Məmmədovun anası, Bakı sakini Qəribə Məmmədova prezident İlham Əliyevə və Daxili işlər naziri Ramil Usubova şikayətində yazıb.

Mia.az-a göndərilən məktubun surətində şikayətçi iddia edir ki, oğlu adıçəkilən bölmədə işgəncəyə məruz qalıb.

Şikayətçinin sözlərinə görə, orada təzyiq vasitəsi ilə oğlundan narkotik vasitənin onun üzərindən çıxması ilə bağlı izahat alıblar:

“Qarşısına şərt qoyublar ki, ya üzərindən narkotik vasitənin çıxmasına razı olmalısan, ya da səni “Bulaq hadisəsi”, cinayətkar aləmlə əlaqələrinin olması ilə əlaqələndirəcək, çoxsaylı cinayət hadisələrini boynuna qoyacağıq. Na əlac qalan oğlum ona edilmiş işgəncələrə tab gətirməyərək, təklifləri ilə razılaşıb”.

Q.Məmmədovanın sözlərinə görə, oğlu bir dəfə də 2014-cü ilin aprelin 25-də şərlənərək həbs olunub:

“O zaman da oğlumun cibinə Səbail Rayon Polis İdarəsinin rəis müavini Füzuli Hümbətov narkotik maddə atdırmışdı. İşi aparan müstəntiq də Hənifə Bayramzadə idi. İndi də şərləyənlər və icraçılar  eyni adamlardır. Deyəsən, bu adamlar günahsız oğlumun sonuna çıxmaq istəyirlər. 

Həyat yoldaşım onkoloji xəstə, 2-ci qrup əlildir. Onunla birgə hara müraciət ediriksə, bizə yalançı vədlər verir, yola salırlar. Çox vaxt qəbula düşmək üçün saatlarla gözləməli oluruq. Bu da həyat yoldaşımın səhhətinə ciddi təsir edir. Əgər oğlumun cinayətkar aləmlə əlaqəsi varsa, qoy onun üstündən qumbara, avtomat  çıxsın, niyə narkotik çıxır?

Guya ki, oğlum, narkotik vasitənin satışı, hazırlanması ilə məşğul olub. Bu səbəbdən onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 mddəsi ilə cinayət işi qaldırılıb.Məntiqlə, əgər oğlum narkotik istifadəçisi və ya satışı ilə məşğul olurdusa, onu polislər evdən aparan zaman elə üstündə olan narkotik vasitəni otaqların birinə atardı, özü ilə polis bölməsinə nə üçün aparırdı? İş o qədər saxta aparılıb ki, qonşuların gözü qabağında (bu hadisəyə şahidlik edən xeyli şəxs var) oğlumu evdən zorla aparıblar. Ancaq sənədləşmədə qeyd ediblər ki, guya onu küçədə saxladıqları kimi sənədləşdiriblər. Sual olunur: Yaxşı Pərvizi küçədə saxlayan zaman üzərindən 151.71 qram narkotik çıxmışdısa, nə üçün onun yaşadığı mənzildə axtarış aparmadınız? Bəlkə evində narkotik istehsal edən zavodu var imiş?”.

Prəviz Məmmədov

Şikayətçi qeyd edir ki, oğlu ilə bağlı 4 aydır heç bir istintaq hərəkəti aparılmır:

“Nə qədər istədim Ramil Usubovun qəbuluna düşəm, məsələni nazirin də diqqətinə çatdıram, imkan vermədilər. Ona görə belə açıq məktubla soruşuram, rəis müavini oğlumdan nə istəyir, cənab Ramil Usubov?!”.

Sonda Q. Məmmədova heç bir istintaq hərəkəti aparılmadığına görə, xəstə həyat yoldaşı ilə birgə Daxili İşlər Nazirliyinin və oğlunun həbsinə rəvac verən Füzuli Hümbətovun yaşadığı villasının önündə aclıq aksiyasına başlayacağını bildirir.

“Füzuli Hümbətov etdiyi bu qanunsuz hərəkətə görə cəzalanmayacağına əmindir. Yalandan oğlumun adını cinayətkar aləmlə əlaqədə hallandıraraq vəzifə pilləsinə qalxmaq istəyir. O, Konstitusiya Məhkəməsində şöbə müdiri işləyən qardaşı Akif Hümbətova arxayındır. Qardaşı Sahib Hümbətov etdiyi qanunsuz hərəkətlərə görə nazir Ramil Usubov tərəfindən bu yaxınlarda Qaradağ Rayon DYP-dən qovuldu. Bundan başqa,  Füzuli Hümbətov isə hakimiyyətin qəzəbinə gələn və hazırda həbsxanada olan bir şəxsin qohumdur. Onlardan qız alıb. İndi mən açıqlayım ki, Füzuli filankəslə qohumdur, onun cinayətkarlarla əli var? Halbuki, heç kim heç kimin etdiyi əməllərə görə cavabdeh deyil. Bunu deməkdə məqsədim odur ki, Füzuli Hümbətov oğlumla bağlı məsələyə öz prizmasından yanaşmasın. Fikirləşsinlər ki, onların da övladları var, nə zamansa qabaqlarına çıxa bilər. Onda mənim kimi axıdacaqları göz yaşları karlarına gəlməyəcək”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın