Cümə , Dekabr 9 2022
Ana səhifə / Media / Qulu Məhərrəmli “RİA Novosti”nin bloklanmasından DANIŞDI: “Digər rus saytları nəticə çıxartmalıdır”

Qulu Məhərrəmli “RİA Novosti”nin bloklanmasından DANIŞDI: “Digər rus saytları nəticə çıxartmalıdır”

Xəbər verdiyimiz kimi, Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb.

Məsələ ilə bağlı tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli öz fikirlərini Demokrat.az-la bölüşüb.

“Hesab edirəm ki, “Ria Novosti” agentliyinin Azərbaycan ərazisində bloklanması çox yerində olan və dürüst qərardır. Ona görə ki, əvvəllərdə dəfələrlə Rusiyanın dövlət agentliyi sayılan “Ria Novosti” Azərbaycan əleyhinə, Azərbaycanın ərazi bütövlüyü əleyhinə, Azərbaycanda separatizmi stimullaşdıran yazılar, müsahibələr dərc edib. Onlara dəfələrlə xəbərdarlıq olunub, amma yenə də son məlumatlar göstərir ki, agentlik bu məsələlərdə Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqillliyinə hörmətsizlik nümayiş etdirir. Ona görə də, belə bir saytın bloklanması çox vacibdir və hesab edirəm ki, nə qədər kəskin olsa da, Azərbaycan tərəfindən atılan çox dürüst addımdır. Çünki Rusiya ilə Azərbaycan arasında mütəffiqlik sazişinin mürəkkəbi qurumamış bu cür addımların atılması Azərbaycanın ərazi bütövlüyünə, onun dövlət müstəqilliyinə qarşı yazıların, məlumatların yayılması iki dövlət arasında hazırda mövcud olan münasibətlərin məntiqinə və ruhuna ziddir”. 

Q.Məhərrəmli qeyd edib ki, ümumiyyətlə, “Ria Novosti” və digər rus saytları Qarabağ separatçılarına həddindən artıq çox diqqət yetirir:

“Onlar barəsində lazım olan və olmayan bütün məlumatları yayırlar, onların mətbuat şəbəkəsi kimi fəaliyyət göstərirlər. Bu cür agentliklər Rusiyadakı erməni qüvvələrin tam əsiri altındadır. Onların diktəsi ilə bir çox məlumatlar hazırlanır. Ona görə də, Azərbaycan tərəfi çox doğru addım ataraq bu saytın burada yayılmasını bloklayıb. Elə bilirəm ki, bu addımlar gələcəkdə Azərbaycana qarşı informasiya təxribatı törədən, bizim informasiya təhlükəsizliyimizi sual altında qoyan hər hansı rus saytına, eləcə də digər xarici ölkə saytlarına bu addımlar tətbiq olunmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, ona qarşı bu cür informasiya təxribatları aparmaq yolverilməzdir. Separatizmi stimullaşdırmaq, ümumiyyətlə, təkcə iki tərəfli münasibətlərə aid deyil, beynəlxalq hüquqa ziddir, beynəlxalq konvensiyaya ziddir. Ona görə bu cür  separatizmi dəstəkləyən fəaliyyətə qarşı kəskin tədbir görülməlidir”.

O hesab edir ki, bundan digər rus saytları, o cümlədən “Sputnik.az” və digərləri ciddi nəticə çıxartmalıdırlar:

“Azərbaycanın təxminın 10-a yaxın informasiya agentliyinin və ya saytlarının Rusiyada yayılması qadağan olunub. Niyə? Çünki həmin saytlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı hər hansı məlumatı verəndə Rusiya tərəfi belə hesab edir ki, onların burada maraqlarına toxunan nüasnlar var. Ona görə də, hər bir dövlət özünün informasiya təhlükəsizliyini qoruduğu kimi, Azərbaycan da bu addımı atmağa məcburdur. Ona görə də, belə bir saytın bloklanması tam məntiqə uyğundur”.

Həmçinin oxuyun

Şamaxıda tutan Ərdəbil radiosu – İranın məkrli təbliğatını necə əngəlləyək…

Sirr deyil ki, İran rejimi uzun illər ərzində din pərdəsi altında xain məqsədləri üçün Azərbaycanda …